Hacı Məmmədovun ifadəsini Ali Məhkəmə araşdırmalıdır - Çünki...
4-12-2015, 11:30
Xəbər verdiyimiz kimi, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov yenidən ifadə verməyə hazırlaşır. Artıq onun yaxınları vəkillərdən biri ilə müqavilə bağlayıblar.
Hacı Məmmədov MTN-in yeni rəhbərliyinə, Baş Prokurorluğa və Ali Məhkəməyə müraciət hazırlayır.
O, 2005-ci ildə həbs ediləndən sonra yalan ifadə verməyə məcbur edildiyini, ifadəsi əsasında həbsə alınaraq ömürlük azadlıqdan məhrum edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun günahsız olduğunu açıqlayıb. Onun belə bir müraciətinin araşdırılması qaydası haqda məlumat almaq üçün “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxışa müraciət etdik.
Tanımış hüquqşünas qaydaları izah etməklə yanaşı, maraqlı fikirlər də söylədi: “Məhkəmənin hökm və qərarlarına yeni açılmış hal üzrə baxılması əsasları ola bilər. Cinayət Prosessual Məcəllənin 461-ci maddəsi ilə tənzimlənir. Həmin əsaslardan biri də düzgün olmayan, səhv hökm və ya qərarın çıxarılmasına səbəb olan zərərçəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilməsi; cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilmiş sui-istifadələrinin düzgün olmayan - səhv hökm və ya qərarın çıxarılmasına səbəb olması; özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkumun təqsirsizliyinə və ya onun məhkum olunduğu cinayət əməlindən ağırlıq dərəcəsinə görə fərqlənən cinayət törətməsinə, yaxud bəraət almış və ya barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və cinayət prosesinin tərəflərinə məlum olmayan digər hallar ola bilər.
Belə hallarda həmin səhv məhkəmə hökm və qərarlarının baxılması hüququna yalnız Ali Məhkəmənin Plenumu malikdir.
İşə Ali Məhkəmədə baxılması üçün yeni açılmış hallarla bağlı ərizə olmalıdır. Belə bir hüquqa təqsirləndirilən şəxs kimi Hacı Məmmədovla yanaşı, Baş Prokurorluq və Ali Məhkəmənin sədri malikdirlər. Hər bir halda kasasiya şikayəti öyrənilməlidir. Əgər qeyd olunan əsaslar tapılarsa, iş Ali Məhkəmənin Plenumuna çıxarılmalıdır.
Plenum həmin məhkəmə qərarlarını ləğv etməli, işi Ali Məhkəmənin kasasiya instansiyasına qaytarmalıdır. Kasasiya instansiyası da işi birinci və ya apelyasiya instansiyasına baxılmaq üçün göndərə bilər".
Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi “Qara Kəmər” əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı H.Məmmədov yarımçıq Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəsi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.