“Texnikabank”da 38 milyonluq mənimsəmə

4-12-2015, 19:38           
“Texnikabank”da 38 milyonluq mənimsəmə
2008-ci ildə həbs olunmuş “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun cinayət işi üzrə növbəti proses davam edir.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il cəza almış Zal Yusifovun əmlakının müsadirə edilməsi barədə də qərar qəbul edilib. Sonradan Zal Yusifovun atası Zakir Yusifov şikayət verərək bildirib ki, əmlaklar guya oğluna yox, onun özünə məxsusdur. Bununla bağlı Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrlik etdiyi kollegiya Zakir Yusifovun şikayətini təmin edib. Hakimlər müsadirə olunacaq əmlakla bağlı məsələni apelyasiya instansiyasına qaytarıblar.

Əldə etdiyimiz məlumata görə, iş materialları artıq baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Şikayət hakim Əmir Bayramovun icraatına verilib. Apelyasiya şikayətinə dekabrın ilk ongünlüyündə baxılması gözlənilir.

Məsələnin absurd tərəfi odur ki, iş üzrə həbs olunan şəxslərin cəzalarının yarıdan çoxu demək olar ki, çəkilib. Amma iş üzrə zərərçəkmiş 81 nəfərdən kiməsə bir manat da ödənilməyib.

Belə çıxır ki, vətəndaşları dələduzluq yolu ilə aldadan şəxslərin bir neçə ildən sonra heç kəsin zərərini ödəmədən azadlığa çıxması mümkün olacaq. Misal olaraq qeyd etmək istəyirik ki, Zal Yusifovun oğlu İslam Yusifov cəzasının yarıdan çoxunu çəkdiyi üçün məhkəmənin qərarı ilə azadlığa buraxılmışdı.

Amma iş üzrə zərərçəkmişlərin şikayətindən sonra prokurorluq kasasiya protesti verərək, İslam Yusifovun yenidən həbsxanaya qayıtılmasına nail olmuşdu.

Onu da əlavə edək ki, dekabrın 3-də Zal Yusifova məxsus Rəsulzadə qəsəbəsində yerləşən mülklərlə bağlı mətbuatda foto görüntülər yayılıb. Mülklərin Zal Yusifova məxsus olması ilə bağlı faktlar olsa da, həmin mülklərin üzərinə heç bir həbs qoyulmayıb.

Bu müəmmalı məsələ ölkədə hər kəsin diqqət mərkəzindədir. Milli Məclisin üzvləri də məsələyə biganə qalmayıb. Onlar Ali Məhkəmənin son qərarına öz münasibətlərini açıqlayıblar.

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, zərərçəkmişlər Ali Məhkəmənin məlum qərarından şikayət etməlidirlər: “Hətta Zal Yusifov başqa bir cinayət əməlinə görə həbs olunsa belə, məhkəmə müvafiq qərar çıxarıb, dəyən ziyanı qaytara bilər. Bunun ən asan yolu məhkəmədir. Qanunda bütün bunların mexanizmi var. Yəni, məhkəmə yolu ilə Zal Yusifovun əmlakı müsadirə olunmalı və daha sonra vətəndaşlara dəyən ziyan ödənilməlidir.

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun dələduz əməlləri barədə mən də eşitmişəm. Yəqin ki, ən yaxın zamanda həmin insanlara dəymiş ziyan ödəniləcək”.

Millət vəkili Rövşən Rzayev bildirib ki, “Texnikabank”da baş verən bu cür problemi məsələlərin həlli üçün Azərbaycanda müvafiq qanunlar mövcuddur: “Məhkəmə araşdırmalıdır ki, bu insanların pulları niyə görə mənimsənilib. Bütün bunlar araşdırılandan sonra əminəm ki, problem məhkəmə tərəfindən müsbət həllini tapacaq. İnanıram ki, məhkəmə bütün bu məsələlərə baxacaq və dəqiq qiymət verəcək. Məhkəmə qiymət verəndən sonra isə əmlak müsadirə olunacaq və zərərçəkmişlərin ziyanları ödəniləcək. Son vaxtlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Təbii ki, bu cür bütün problemlər qanun çərçivəsində həllini tapmalıdır”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, yeni seçilmiş millət vəkili Araz Əlizadə bildirib ki, vətəndaşa dəymiş ziyanın ödənilməsi vacibdir və bununla bağlı məhkəmənin əmlak müsadirəsi barədə qərarı icra olunmalıdır: “Xalqın əmlakını mənimsəyən bank müdiri, nazir, oliqarx və yaxud kasıb şəxs – kim olur olsun, onun əmlakı müsadirə olunmalıdır. Kimsə deyə bilər ki, yığdığım var-dövlət mənim deyil, oğlumun və yaxud nənəmindir. O zaman o adama sual olunur: Axı sənin oğlun kimdir? Hansı pulla bu qədər əmlaka sahib olub? Hesab edirəm ki, “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdirinin işi ilə bağlı da aidiyyəti qurumlar araşdırma aparıb, haqqı pozulan insanların hüquqlarını bərpa etməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.