XİN-in keçmiş əməkdaşı intihar etdi: İkinci diplomat "üsyanı"?

16-12-2019, 19:53           
XİN-in keçmiş əməkdaşı intihar etdi: İkinci diplomat "üsyanı"?
XİN-in keçmiş əməkdaşı intihar etdi: İkinci diplomat "üsyanı"?

Nərimanov rayon Prokurorluğu Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Nərimanov rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ovqat.com-un məlumatına görə, Elmar Əlizadə bir müddət əvvələ qədər XİN-də məsul vəzifədə işləyirmiş. O, daha sonra hansısa səbəblərdən öz vəzifəsindən uzaqlaşdırılmış və Nərimanov rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsinə transfer edilmişdi. Bir müddət sonra isə Elmar Əlizadə öz ad günündə intihara əl atmışdır.

O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb.



Acınacaqlıdır ki, gənc diplomatların intihara təşəbbüs etmələri ilk belə hadisə deyil. Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı, ikinci katib Tural Qurbanov da 2013-cü il iyulun 25-də səhər saatlarında Maldiv adalarındakı otellərdən birində intihar etmişdi.

Həmin dövrlərdə Tural Qurbanovun ölümü ətrafında müxtəlif dedi-qodular yaransa da, hələ də bu müəmmaya aydınlıq gətirilməyib. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi diplomatın ürək çatışmamazlığlından öldüyünü bəyan etmişdi. Bloger Emin Milli isə Qurbanovun bloger Müntəziri öldürmək tapşırığını yerinə yetirmədiyinə görə öldürüldüyünü yazırdı.

Onun bildirdiyinə görə, T.Qurbanov əslində xüsusi xidmət orqanının əməkdaşı olub, siyasi mühacir və tanınmış bloger Həbib Müntəziri öldürmək tapşırığı alıbmış. Çünki H.Müntəzir uzun müddət Almaniyada yaşayır, Azərbaycanda hakim rejimi kəskin tənqid edirdi.

Emin Millinin fikrincə, T.Qurbanov Müntəziri öldürmək üçün Almaniyada killer axtarıb və bu məlumat kriminal aləmdən kənara sızıb. Bununla da Münyəzirin öldürülməsi baş tutmayıb.

Bloger iddia edirdi ki, Qurbanov tapşırığı yerinə yetirmədiyinə görə aradan götürülüb.

Təbii ki, bütün bunlar təsdiqlənməmiş məlumatlardır. Alman polisinin yaydığı məlumatlarda bu faktlar təsdiqlənmir, Qurbanovun intihar etdiyi vurğulanırdı.



Bunlar fiziki intiharlardır. Zaman-zaman bəzi diplomatlarımızın "siyasi intihar"larının da şahidi oluruq. "Siyasi intiharlar"a əl atanlardan biri İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi nümayəndəsi Arif Məmmədovdur. Onun istefasıyla başlayan skandal daha sonra “diplomatik qiyam”a çevrildi. Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov və Niderlanddakı səfirliyin konsulluq əməkdaşı Nahid Cəfərov da asi diplomata qoşuldular. Hər üç diplomat vəzifədən uzaqlaşdırılsa da, onlar Bakıya qayıtmadılar və bunu həbs olunma ehtimalı ilə izah etdilər. Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Tural Qurbanovun da diplomat üsyanlarının yetişdiyi o sıralarda intihar etdiyini nəzərə alsaq, XİN əməkdaşlarının ciddi basqılara məruz qaldıqları və bu üzdən gözlənilməz addımlar atdığı ehtimalı ortaya çıxır.

Bu gün canına qıyan Elmar Əlizadənin də həmin dövrdə istefa verdiyinə dair söyləntilər var. Nəzərə alsaq ki, Arif Məmmədov da 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib, onunla eyni şəhərdə çalışan Elmar Əlizadənin özünə qəsd etməsindəki müəmmalar artır.

Görünür, dünya reallıqlarını sadə insanlardan daha gözəl anlayan diplomatlarımız Azərbaycanın indiki vəziyyətinə dözməyərək, canlarına qıymaqla daha təhlükəli mübarizə mərhələsinə qədəm qoyublar.

Allah axırını xeyir eləsin.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.