"Bu dövlətin qurucularından biri mənəm və bu torpaq üçün hər an canımı fəda etməyə hazıram" - Həbsdən buraxılan polkovnik

17-12-2019, 16:37           
 "Bu dövlətin qurucularından biri mənəm və bu torpaq üçün hər an canımı fəda etməyə hazıram" - Həbsdən buraxılan polkovnik
Bir neçə gün əvvəl Beyləqan rayon Polis Şöbəsinin həbs etdiyi ehtiyatda olan polkovnik Qadir Vəlişov dekabrın 16-da azadlığa buraxılıb. Qardaşı ilə aralarındakı konfliktə görə həbs edilməsilə bağlı yayılan məlumatlarla bağlı Modern.az-a açıqlamasında geniş danışmaq istəməyən Q.Vəlişov baş verənlərə sadəcə təəssüfləndiyini bildirib.

Polkovnik yaşananların onun üçün ağır olduğunu vurğulayıb:

“Bu barədə danışmaq mənə çox ağırdır. Bir insan kimi vicdan əzabı çəkirəm. Tanıyanlar bilir ki, mən haqq aşiqiyəm. Bu dövlətin qurucularından biri mənəm və bu torpaq üçün hər an canımı fəda etməyə hazıram. Kimliyindən asılı olmayaraq, kim ki mənim haqqımı tapdalayır, şərəf və ləyaqətimə toxunur, istəyir körpəm olsun, lap öz balam olsun, onu da cəzalandırmağa hazıram. Günahım varsa, özüm də cəzamı çəkməyə hazıram. Çünki heç kim heç kimin haqqın girə bilməz, onu tapdalaya bilməz. Mənim haqqıma girilir. Bundan artıq nəsə dmək istəmirəm”.

Beyləqan İcra Hakimiyyətinin polkovnikə qərəzli yanaşması məsələsinə gəlincə, Q.Vəlişov bununla razılaşmayıb:

“Mən onlardan heç kimi görməmişəm. Mənə polis, müstəntiq, məhkəmə tərəfindən haqsızlıq olunub, dəlillər gizlədilib. İlk gündən demişəm ki, işi birtərəfli aparırsız. Amma mənə məhəl qoymadılar”.

Azadlığa çıxması ilə bağlı qərara aydınlıq gətirən polkovnik bununla bağlı yenidən məhkəmə olacağını bildirib:

“Mənə dedilər ki, məhkəmə olacaq, işə yenidən baxılacaq. Prokuror, rəis dəfələrlə mənimlə söhbət apardılar. Bildirdilər ki, yuxarı dairələrdə mənim qanunsuz həbsim pislənilir. Mən onlara da dedim. Əgər günahkaramsa, qanun qarşısında cavab verməyə, cəzamı çəkməyə hazıram. Amma bu işdə mənim heç bir günahım yoxdur. Allah haqqın tərəfindədir. Siz mətbuat nümayəndələrinə də dəstəkdən dolayı dərin təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, polkovnik Qadir Vəlişov barəsində Beyləqan rayonundakı 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq) bu il noyabrın 26-da cinayət işi qaldırılmışdı. Daha sonra barəsində həbs qərarı çıxarılmışdı.

Qadir Vəlişov “Aprel döyüşləri”nin iştirakçısıdır. O, "Aprel döyüşləri"ndən sonra Ali Baş Komandan tərəfindən qəbul edilib, mükafatlandırılan zabitlərdən biridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.