“MƏHV EDİLMİŞ” ŞİFRTELEQRAMLAR - Adil İsmayılov yazır.....

5-01-2020, 00:15           
“MƏHV EDİLMİŞ” ŞİFRTELEQRAMLAR - Adil İsmayılov yazır.....
Bu yazını paylaşmağa çoxdan söz vermişdim. Amma müəyyən səbəblərdən ləngidirdim. Onu şərhlə paylaşacağımı düşünürdüm, son anda bu fikrimdən vaz keçdim. Dedim oxuyanlar, xüsusən də MTN-lə bu və ya digər şəkildə əlaqələrini bu gün də qoruyan dostlarım onsuz da şərh yazacaq, mən onlara cavab verərəm. Həm də başınız İran-Amerika münaqişəsindən bir az dincələr. 20 yanvar faciəsi ilə əlaqədar bəzi başqa bilgiləri də paylaşmaq istəyirəm. Nə deyirsiniz?

17 fevral 1990-cı il tarixdə DTK əməkdaşları Z.A.Mirzəyev, İ.M.Mahmudov və O.Q.Əliyev ( bu adamların sonrakı taleyi barəsində məlumatı olanlar paylaşa bilər, mənim də bəzi bilgilərim var) 524 nömrəli akt tərtib edib, həmin aktı DTK-nın sədri Vaqif Hüseynov təsdiq edib. Akta əsasən 174 adda 686 vərəqdən ibarət şifrteleqramlar məhv edilib. Məhv edilmiş sənədlər 5 sentyabr 1989-cu ildən 31 yanvar 1990-cı ilə kimi olan tarixi əhatə edir. Sənədlərin əksəriyyəti “respublikadakı ictimai-siyasi vəziyyət barəsində” adı altında gedir. Qalan sənədlərin arasında aşağıdakı adlar var:

• 23.09.89 5488 nömrəli AXC rəhbərliyi ilə əlaqələr yaradılması barədə
• 02.11.89 5549 nömrəli AXC-nin idarə heyətindəki proseslər haqqında.
• 13.11.89 5567 nömrəli Pənahov N.Ə. haqqında
• 12.12.89 5640 nömrəli AXC-nin konfransı barədə
• 14.12.89 5644 nömrəli AXC liderlərinin əlaqələri barədə
• 28.12.89 5667 nömrəli Az.CCR DTK-nın ümumi əks təbliğat və qarşıalma tədbirləri barəsində “obşepredupreditelnıe i kontrpropaqandistckie merı”
• 30.12.89 5669 nömrəli Respublikadakı vəziyyətin pisləşməyə doğru meyilləri haqqında
• 02.01.90 5003 nömrəli yaxın dövrdə Azərbaycanda hadisələrin mümkün olan inkişafı barədə

• 08.01.90 5017 nömrəli Respublika partaktivinin iclası barədə

• 10.01.90 5020 nömrəli AXC-nin təsis konfransı barədə
• 11.01.90 5021 nömrəli “Müdafiə komitəsi” barədə V otnoşenii “Komiteta O-nı”
• 13.01.90 5028 nömrəli respublika Dövlət Teleradio Komitəsinin zəbt edilməsi təhlükəsi barədə
• 13.01.90 5030 nömrəli itkilərin sayı barədə (koliçectvo jertv)

• 13.01.90 5031 nömrəli Bakı şəhərində AXC-nin mitinqi haqqında

• 22.01.90 5050 nömrəli Az.CCR Ali Sovetinin növbədənkənar sessiyası barədə
• 31.01.90, 5068 nömrəli burada AXC və AOD nümayəndələrinin görüşü barədə

Bu məlumatlar DTK-nın arayışından götürülmüşdür. DTK sədri İlhüseyn Hüseynovun imzaladığı arayışdan görünür ki, 19 yanvar 1990-cı il tarixdə SSRİ DTK-sından 282093 nömrəli təcili şifrteleqram daxil olmuşdur. Teleqramda qeyd edilib ki, SSRİ DTK-nın rəhbərliyinin göstərişinə əsasən “Sizin şifr orqanının işi xüsusi iş şəraitinə keçirilir. Şifrteleqramlar üzrə iş DTK-nın 0010-1975-ci il tarixli əmrinin YIII bəndinə əsasən qurulmalıdır. Həmin bəndə əsasən şifrteleqramlar onu qəbul edən və icraçı tanış olduqdan və qəbul edilməsi təsdiq olunduqdan sonra dərhal məhv edilməlidir”.

P.S. Şifrteleqramlarla bağlı bir məqamı da qeyd etməliyəm ki, onların məhv edilməsi barədə aktı imzalayanlardan biri 8-ci şöbənin rəisi İ.Mahmudov arayış versə də , aktı imzalayan digər şəxs O.Q.Əliyev mənimlə söhbətində bildirib ki, akt saxtadır, həmin şifrteleqramlar məhv edilməyib, o şifrteleqramları deputat istintaq komissiyasının sədri M.Abbasova təqdim edib. 11 mart 1992-ci il “Müxalifət” qəzetində mən bu barədə məqalə yazmışam.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.