İranda qadınlara motosiklet sürməyə icazə veriləcəkmi?
Bu gün, 12:58

İranda mühafizəkarların çoxluqda olduğu parlament çətin seçim qarşısında qalıb: qadınlara motosiklet sürmək hüququ verilsinmi?
Onilliklər ərzində İranda qadınların sürücülük vəsiqəsi alması yasaqlanıb – bu məhdudiyyət birbaşa qadağa formasında deyil, institusional boşluqlar vasitəsilə gerçəkləşib.
Rəsmi yol hərəkəti qaydalarında yalnız kişilər namizəd kimi göstərilir. Beləliklə də ictimai yerdə motosiklet sürən qadınlar cəriməyə, motosikletin müsadirəsinə və təzyiqlərə məruz qalır. Qatı mühafizəkarlar bu ayrıcalığı "islami dəyərlər", ictimai əxlaqa dayanaraq müdafiə edirlər.
Amma bir çox qadın bu qadağaya meydan oxuyur, motosiklet sürmək hüququnu həm şəxsi azadlıq, həm də bərabərlik məsələsi kimi təqdim edirlər.
İndi hökumət parlamentə qanunvericiliyi dəyişdirəcək qanun layihəsi təqdim edib. 1979-cu il İslam inqilabından bəri ilk dəfə olaraq qadınların motosiklet sürücülük vəsiqəsi almağına icazə verilə bilər.
2022-ci ildə Məhsa Əmininin əxlaq polisində ölümündən sonra ölkədə kütləvi etirazlar olub. Bir neçə il sonra isə qadın hüquqları, ictimai məkan və bədən azadlığı mövzularını yenidən gündəmə gəlib.
Dində belə bir qadağa yoxdur
Tərəfdarları bu qanun layihəsini irəliləyiş sayırlar. Skeptiklər isə bunu İslam Respublikasına daxili və beynəlxalq təzyiqlərin artdığı bir vaxtda ictimai qəzəbi yumşaltmaq üçün hakimiyyətin taktiki addımı kimi qiymətləndirirlər.
Dinşünas alim Məhəmmədtəqi Fazil Meybodi deyir ki, qadınların motosiklet sürməsinə dair dini qadağa yoxdur.
"Kişi necə motosiklet sürə bilirsə, qadın da sürə bilər. Allah da, Peyğəmbər (Məhəmməd) də qadınlar üçün belə bir hökm verməyibsə, bunu qadınlara qadağan etmək olmaz", – o, AzadlıqRadiosunun fars xidmətinə deyib.
Alim belə əhəmiyyətsiz bir məsələnin qanun layihəsi vasitəsilə parlamentdə müzakirə olunmasını "gülünc" adlandırıb.
İran hələ də qadınların bu hüquqdan məhrum olunduğu azsaylı ölkələrdən biridir. Hətta son vaxtlara qədər qadınların avtomobil sürməsini tamamilə qadağan edən Səudiyyə Ərəbistanı belə məhdudiyyətləri aradan qaldırıb.
Parlamentin qanun layihəsini nə vaxt səsə qoyacağı, layihənin keçib-keçməyəcəyi bəlli deyil. Amma bir şey aydındır: iranlı qadınlar hüquqları tanınanadək hakimiyyətə qarşı mübarizələrini davam etdirəcəklər.