Elman Nəsirov: “İnflyasiya 1992-ci ildə 1174%, 1993-cü ildə isə 1080%-ə çatmışdı”

8-01-2020, 10:10           
Elman Nəsirov: “İnflyasiya 1992-ci ildə 1174%, 1993-cü ildə isə 1080%-ə çatmışdı”
Deputat Elman Nəsirov/Foto “azertag.az”dan götürülüb.

Deputat Elman Nəsirov “Səs” qəzetinə müsahibəsində deyib ki, 90-ci illərin əvvəllərində inflyasiyanın səviyyəsi yüksəlib, bu problem Heydər Əliyev hakimiyyətə gələndən sonra həllini tapıb.

“Əslində respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnflyasiya 1992-ci ildə 1174%, 1993-cü ildə isə 1080%-ə çatmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı”,- deyə deputat vurğulayıb.

“Fakt Yoxla” Elman Nəsirovun dediklərinin doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, inflyasiya anlayışına həm pul bazarı, həm də istehlakçı qiymətləri baxımından bir neçə yanaşma var. Mərkəzi Bankın rəsmi saytında verilən tərifə görə, inflyasiya mal və xidmətlərin keyfiyyətinin yüksəlmədiyi halda qiymətlərin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşaiyət olunan pulun dəyərsizləşməsi prosesidir. Ayrıca götürülmüş mal və ya xidmətin qiymətinin qalxması inflyasiya demək deyil. İnflyasiya yalnız qiymətlərin ümumi səviyyəsi qalxdığı zaman baş verir.

Azərbaycanda inflyasiya barədə məlumatları Mərkəzi Bank və Dövlət Statistika Komitəsi (DSK) dərc edir. Adətən inflyasiya səviyyəsi İstehlak qiyməti indeksi (İQİ) hesabına müəyyən olunur. DSK-ya görə, İstehlak qiymətləri indeksi orta alıcılıq qabiliyyətli alıcının aldığı məhsulların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir.

Bu göstərici müəyyən dövr ərzində istehlak edilən məhsulların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İki il ərzində qeydə alınmış İstehlak qiymətləri indeksi arasında fərqin faiz göstəricisi də istehlak inflyasiyası adlanır.

Mərkəzi Bankın rəsmi saytındakı məlumatlar 1990-ci illərin sonuna aiddir, DSK-nın “İstehlak qiymətlər indeksi – onlyan kalkulyatoru”ndakı göstəricilər isə 1991-ci ilə dair məlumatları əks etdirir. Bu məlumatlar əsasında Azərbaycanda sonrakı bir neçə il ərzində qeydə alınmış inflyasiya səviyyəsini müəyyən etmək mümkündür.



Azərbaycanda inflyasiya səviyyəsi
İl (%)
1992 912,3
1993 1129,1
1994 1663,5
1995 411,8
1996 19,9


İstehlak qiymətləri indeksi 1992-ci ildə 1012,3 % təşkil edib, yəni qiymətlərin səviyyəsi 10,1 dəfə artıb. Başqa sözlə, inflyasiya 912,3%-ə bərabər olub.

Beləliklə, 1992-ci ildə inflyasiya səviyyəsi 912,3%, 1993-cü ildə isə 1129,1% təşkil edib. İnflyasiyanın ən yüksək səviyyəsi isə 1663,5% olmaqla 1994-cü ildə qeydə alınıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elman Nəsirovun dedikləri yanlışdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.