Fuad Cavadov: “Özəl ekspertiza mərkəzlərinin yaradılması ekspertiza müddətləri ilə bağlı narazılıqların aradan qaldırılması üçündür”
9-01-2020, 08:25
Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov
“E-huquq.az” saytının yazdığına görə, Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov bildirib ki, alternativ ekspertizanın yaradılması ekspertiza müddətləri ilə bağlı narazılıqlardan qaynaqlanır.
“Özəl ekspertiza mərkəzlərinin yaradılması ekspertiza müddətləri ilə bağlı narazılıqları aradan qaldırmaq üçündür” – deyə o bildirib.
“Fakt Yoxla” Fuad Cavadovun bu açıqlamasının doğru olub-olmadığını araşdırıb.
Azərbaycanda ekspertizanın aparılması müddətləri prosessual qanunvericiliyə uyğun müəyyənləşdirilir. Bu proses “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunla tənzimlənir.
Cinayət Prosessual Məcəlləyə görə, müstəntiqin ekspertiza təyin edilməsi haqqında qərarının ekspertə daxil olduğu və ya ekspertlə müdafiə tərəfi arasında müqavilənin bağlandığı vaxtdan bir aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq edərək dərhal ekspertizanı təyin etmiş şəxsə və ya müdafiə tərəfinə göndərir. Amma qanunvericilikdə müdafiə tərəfi ilə ekspert arasında müqavilə əsasında ekspert yoxlamasının aparılması ilə bağlı normalar müəyyən edilməmişdi. Mülki Prosessual Məcəllədə də ekspertiza müddətləri konkret olaraq göstərilmirdi.
Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı. Həmin fərmanda mülki işlərə, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmədə tərəflərin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsinə dair hüquqi aktların hazırlanması qeyd olunurdu.
Beləliklə, 2019-cu ilin sonunda qanunvericiliyə bu istiqamətdə bir sıra dəyişikliklər edildi. Dekabrın 18-də Mülki Prosessual Məcəllənin (MPM) 101-ci maddəsinə ekspertiza müddəti ilə bağlı müddəa əlavə edildi. Həmin maddəyə əsasən, ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay müddətinə rəy verir. Ekspert işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərlə bağlı 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edərək dərhal məhkəməyə göndərir. MPM-in 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə vəkilin xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən rəy alması hüququ da əlavə edildi. İnzibati Prosessual Məcəllə və Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərə görə, işdə iştirak edən şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılmasının normativ əsasları müəyyən edildi. Mülki prosessual qanunvericilikdə ekspertiza müddətləri konkretləşdirilib və bu müddət cinayət prosessual qanunvericilikdə qeyd edilən müddətə uyğunlaşdırılıb.
Qeyd edək ki, Azərbaycanda özəl ekspertiza mərkəzlərinin yaradılmasının vacibliyini müxtəlif hüquqşünaslar və vəkillər də deyiblər. Lakin onlar bu zərurətin ekspertiza müddətləri ilə deyil, Məhkəmə Ekspertiza Mərkəzinin obyektiv olmaması ilə əsaslandırıblar.
Hüquqşünas Namizəd Səfərov Azərbaycanda ekspertizanın nəticələrinin istintaq və məhkəmə orqanları tərəfindən saxtalaşdırıldığını deyib: “Prokurorluq və Daxili İşlər Nazirliyi dövlət orqanları olduğu üçün, onların öz ekspertiza institutları var, bütün ekspertizalar da orada keçirilir”.
Hüquqşünas Mətləb Mütəllimliyə görə, Azərbaycanda cinayət, ölüm və digər işlər üzrə ekspertizalar istintaq orqanlarının inhisarında olduğundan, ekspertizaların nəticələri əksər hallarda obyektiv olmur. Hüquqşünasın fikrincə, müstəqil ekspertiza zərurətini müdafiə tərəfin alternativ ekspertiza hüququndan istifadə edə bilməməsi yaradır.
Beləliklə, Fuad Cavadov özəl ekspertiza mərkəzlərinin yaradılmasının ekspertiza müddətləri ilə bağlı narazılıqların aradan qaldırılması üçün olduğunu deyib. Amma özəl ekspertizanın yaradılması ekspertizanın nəticələri ilə bağlı narazılıqların aradan qaldırılması üçün zəruridir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Fuad Cavadovun açıqlaması yanlışdır.