Leyli və Məcnun əfsanəsi: Həqiqətlər və yalanlar – Maraqlı tarixçə

6-02-2020, 00:37           
Leyli və Məcnun əfsanəsi: Həqiqətlər və yalanlar – Maraqlı tarixçə
Əsrlərdir fərqli xalqların ədəbiyyatlarında yer alan, haqqında saysız-hesabsız əsərlər yazılan, abidələr qoyulan, müxtəlif sənətlərin əsas mövzusuna çevrilən Leyli və Məcnun hekayəsi günümüzdə də mifləşdirilən bir məhəbbət simvoludur. Bir sıra araşdırmaçılar isə bu günədək bildiyimiz Leyli və Məcnun əfsanəsinin əslində fərqli olduğunu iddia edirlər.

Teleqraf.com xəbər verir ki, əsrlərdir dildən-dilə dolaşan Leyli və Məcnun mifi Ərəb, Azərbaycan, Urdu və digər xalqların ədəbiyyatlarında özünə geniş yer tapıb.

Az da olsa, bu günədək ərəb mədəniyyətinə aid edilən mifin Assuriya kralı Aşşurbanipala aid qeydlərdə yer aldığına dair mənbələr var. Yayğın bir iddiaya görə isə, şair Qeys bin Müləvvəh əl-Əmiri əmisi qızı Leyli ilə bir-birinə aşiq olur. Onlar arasında keçən məhəbbət tarixi şəxsiyyət olan Qeys tərəfindən qələmə alınır. Bu şeirlər Leyli və Məcnun əfsanəsinin ortaya çıxmasına səbəb olur. Digər bir iddia isə İbnül-Kəlbi və Əbül-Fərəc əl-İsfahaniyə aiddir. Onlara görə, bu əfsanə əmisinin qızını sevən, lakin bunu gizlədən Əməvi ailəsinə mənsub bir gənc tərəfindən qələmə alınan qissə və şeirlərdən yaranıb.

İddiaların və bədii mətnlərin əksinə olaraq, bu tarixi mənbələrdə Qeysin, yəni Məcnunun səhrada tək yaşayan dəli yox, insanlar içində yalnız yaşayan bir şair olduğu deyilir.

Tarixi mənbələr

Əlbəttə bu rəvayətlərin yazılı halda ortaya çıxması uzun zaman aldı. Fərqli mənbələrdən əldə edilən pərakəndə və ziddiyyətli rəvayətlərin bir araya gətirilməsi İbn Küteybənin “Əş-Şeir” və “Şüara” əsərləri, eyni zamanda Əbül Fərəc əl-İsfahaninin “Kitab əl-Əqani” adlı əsərləri ilə mümkün oldu. Xronoloji ardıcıllığa önəm verməyən və öz dövrünə qədər gələn rəvayətləri sıralayan Əbül Fərəc bu əfsanə barədə Xalid bin Cəmil və Xalid bin Gülsümün də qələmə aldığını bildirir. Həmin qeydlər günümüzə qədər gəlib çatıb.

Azərbaycan ədəbiyyatında

Şərq ədəbiyyatının dəyərlilərindən olan Leyli və Məcnun əfsanəsi Azərbaycan ədəbiyyatında da özünə yer edib. Ədəbiyyatımızda bu hekayəni ilk dəfə şair Nizami Gəncəvi 1188-ci ildə qələmə alıb. Bu, Nizaminin “Xəmsə”sinə daxil olan üçüncü poemadır. 1536-cı ildə Məhəmməd Füzuli bunu Azərbaycan dilində yazdı. Dünya klassikasının ən möhtəşəm əsərlərindən biri hesab olunur.

Qərb ədəbiyyatında

Leyli və Məcnun əfsanə XX əsrdə Şərq sərhədlərini aşaraq Qərbə çatdı. Əfsanə ədəbiyyat, musiqi, rəssamlıq və digər sənət sahələrində ələ alındı. 1946-cı ildə İqnati Kraçovskinin Sankt-Peterburqda “Ərəb ədəbiyyatında Leyli və Məcnun” adlı məqaləsində bu haqda yazdı. Məqalə daha sonra Helmut Ritter tərəfindən alman dilinə tərcümə olundu.

Leyli və Məcnun əfsanəsi

“Leyli və Məcnun” ərəb əfsanəsindən gələn klassik bir məhəbbət hekayəsidir. Hekayə belədir:

Vaxtilə Nəciddə Bəni Əmir qəbiləsindən olan Qeys və Leyli qəbilələrinin heyvanlarını otararkən bir-birinə aşiq olur. Böyüyüb aralarındakı məhəbbət üzə çıxdıqdan sonra Leylini çadırdan buraxmırlar. Bundan sonra Məcnunda məhəbbətin ilk iztirabları başlayır. Atasından Leyliyə elçi getməsini istəyir. Ancaq məhəbbətləri dilə düşüb Leylinin namusu ləkələndiyi üçün elçilər qəbul edilmir, Leyli başqası ilə evləndirilir.

Leyli ərini özündən uzaq saxlamaq üçün bir yalan uydurur və bir müddət sonra əri ölür.

Leylinin sevgisi ilə dəli olan gənc qəbilədən ayrılıb tək yaşamağa başlayır. Səhralarda vəhşi heyvanların arasına qarışır. İnsanların nəsihətlərini eşitmir, onları duymur. Ətrafındakı bu qədər səs-küy içində sükutda qalır.

Bir gün Məcnundan soruşurlar:

“Sən kimsən?”

“Leyli”, - deyir.

Yenə soruşurlar:

“Haradan gəldin?”

“Leylidən”, - deyir.

Yenə soruşurlar:

“Hara gedirsən?”.

“Leyliyə”, - deyir.

Bir gün Leyli onu səhrada tapır, amma Məcnun onu tanımır. “Leyli mənim içimdədir. Sən kimsən?”, - deyə soruşur. Leyli Məcnunun qalxdığı mərtəbəni görür. Evinə geri qayıdıb çox zaman keçmədən həyata gözlərini yumur.

Məcnun ölüm xəbərini alanda məzarına gəlir, canından can çıxırmış kimi hıçqıraraq ağlayır. Yaradandan canını almasını, Leylisinə qovuşmasını istəyir. Duası qəbul olunur, göylərin guruldaması ilə Leylisinə qovuşur aşiqlər aşiqi Məcnun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.