Ata və oğul təyyarə qaçırdılar, stüardessanı öldürdülər: Amma ABŞ-da oğul atasını da qətlə yetirdi - FOTOLAR

27-02-2020, 16:58           
Ata və oğul təyyarə qaçırdılar, stüardessanı öldürdülər: Amma ABŞ-da oğul atasını da qətlə yetirdi - FOTOLAR
Dünyada ilk dəfə təyyarənin qaçırılması hadisəsi 1931-ci ildə Peruda baş verib. Bu cəhd uğursuz olsa da, sonralar dünyanın bir çox ölkələrində davamlı olaraq, sərnişin təyyarələrinin qaçırılması hadisələri qeydə alınıb. Təbii ki, bu cinayət hadisələrinin qarşısının alınması bir çox hallarda qurbansız ötüşməyib.

SSRİ-də ilk dəfə sərnişin təyyarəsini qaçırmaq cəhdi 15 oktyabr 1970-ci ildə olub. Saat 12.30-da An-24 təyyarəsi Batumi-Suxumi reysini həyata keçirib.

Təyyarədə 46 sərnişin və 5 təyyarə heyətinin üzvü olub. 30 dəqiqə davam edəcək uçuşa hazırlıq zamanı, sərnişinlər təyyarəyə daxil olanda, yüklər təyyarənin baqajına yığılanda, biletlər yoxlanılanda heç bir şübhəli hal qeydə alınmayıb.

Hətta sərnişlərdən birinin təyyarəyə silahla keçməsi də nəzarətçilərin diqqətindən yayınıb. Yəqin ki, əldə düzəldilmiş tapança ayrı-ayrı hissələrə ayrılaraq, bir neşə əl çantasına yerləşdirildiyindən silah diqqətdən yayınıb.

Salonun birinci sırasında, pilotların kabinəsinin arxasındakı oturacaqlarda yer tutan 45 yaşlı litvalı, SSRİ vətəndaşı Pranas Brazinskas və oğlu Alqirdas öz oturacaqlarına əyləşən kimi elə əl çantasının içində sökülmüş tapançanı yığaraq, silahı hazır vəziyyətə gətiriblər və uçuşu gözləyiblər.

Təyyarə yerdən qalxandan 4 dəqiqə sonra 800 metr hündürlükdə olanda Pranas Brazinskas stüardessanı yanına çağırıb. 19 yaşlı Nadejda Kurçenko yaxınlaşanda Brazinskas cibindən çıxardığı kağızı ona uzadıb: “Şərtlərə əməl etmək mütləqdir, əks halda təyyarə partladılacaq. Nəzərinizə çatdırıram ki, yanlış addımınız böyük faciə ilə nəticələnə bilər”.

Həmin kağızda olunan qeydlər əvvəlcədən hazırlanıb, çünki 3 bənddən ibarət olan qeydlər makinada yazılmış olub: “Əmr edirəm ki, göstərilən marşrut üzrə hərəkət edəsiniz. Yerlə rabitə əlaqələri kəsilməlidir. Əmrin icra olunmaması ölümlə nəticələnəcək”.



Nadejda Kurçenko qeydləri oxuduqdan sonra “içəridə silahlı adamlar var” deyə qışqıraraq, pilotların kabinəsinə üz tutanda o, Pranas Brazinskasın açdığı iki atəşlə susdurulub. Ata Brazinskas pilotların kabinəsinə daxil olub, oğul isə salonda “qayda-qanun” yaradıb. Ata və oğul istədiklərinə nail olmaq üçün 24 dəfə atəş açıblar. İkinci pilot və sərnişinlərdən iki nəfər yaralanıb.

Pranas Brazinskas pilota Türkiyəyə uşmağı əmr edib. Təyyarə heyətinin komandiri Georgi Çaxrakiya atəş səsləri altında dispetçerlə 6 saniyəlik əlaqə yaratmağa müvəffəq olub və anlaşılmz olsa da, hadisə ilə bağlı məlumat verib.

Dəqiqələr ərzində təyyarənin qaçırılması ilə bağlı hadisə SSRİ DTK-sının sədri Yuri Andropova məruzə edilib. Təyyarənin uçuş xətti nəzarətə götürülüb.

Y.Andropov Türkiyə xüsusi xidmət orqanları ilə əlaqə yaradıb. Təyyarə Trabzona eniş edəndə türkiyəli xüsusi təyinatlılar Brazinskasları dərhal zərərsizləşdirməyə müvəffəq olublar.



Yaralanmış pilot Türkiyədə əməliyyat olunub, zərərçəkən sərnişinlərə tibbi yardıb göstərilib. Təyyarə texniki baxışdan keçirildikdən sonra sərnişinlər və Nadejda Kurçenkonun meyiti SSRİ-yə göndərilib.

Pranas Brazinskas və oğlu isə ABŞ-ın müdaxiləsi nəticəsində SSRİ-yə təhvil verilməyib. Türkiyə məhkəməsi onları öz qanunları ilə ittiham ediblər, Pranas Brazinskas 8 il, oğlu isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayətkarların Türkiyədə saxlanılması SSRİ-nin Türkiyə və ABŞ-a qarşı rəsmi narazılığına səbəb olub.

İki ildən sonra ata və oğul amnistiya ilə azadlığa buraxılıblar. ABŞ-ın Türkiyədəki səfirliyindən sığınacaq istəsələr də, birinci dəfə buna nail ola bilməyiblər və Venesuelada yaşamağa qərar veriblər. İki ay Venesuelada qaldıqdan sonra ata və oğul ABŞ-da məskunlaşmaq istəklərini reallaşdıra biliblər.


Belə ki, onlar Karakas-Nyu York-Ottava reysi ilə Kanadaya uçanda Nyu Yorkda təyyarədən düşüblər və uçuşlarını davam etdirməyiblər. Miqrasiya xidməti tərəfindən saxlanıldıqdan sonra məsələyə ABŞ-dakı Litva diasporu müdaxilə edib.

Bu müdaxilədən sonra Brazinskaslar ABŞ-da yaşamaq hüququ qazanıblar. SSRİ ABŞ-dan onların ekstradisiyasını tələb etsə də, tələblərə müsbət cavab verilməyib.

Ata və oğul öz istəklərini gerçəkləşdirə bilsələr də, sonrakı həyatları acı sonluqla yekunlaşıb. 2002-ci ildə məişət zəminində münaqişə zamanı oğlu atasını, Pranas Brazinskası küt alətlə qətlə yetirib və o, ömrünün qalan hissəsini həbsxanada keçirib.



SSRİ-də baş verən ilk təyyarə qaçırılması dünya mətbuatında geniş yer alıb. 19 yaşlı stüardessa Nadejda Kurçenkonun adı SSRİ-nin bir çox şəhərlərində əbədiləşdirilib. Kurçenko Suxumidə dəfn olunub. Amma 20 ildən sonra anasının istəyi ilə onun nəşinin qalıqları doğulduğu Qlazov (Udmurtiya) şəhərində torpağa basdırılıb.

Suxuminin mərkəzi parkına Nadejda Kurçenkonun adı verilib və parkda onun abidəsi ucaldılıb. Bu abidənin ömrü də Kurçenkonun ömrü qədər az olub.

1992-1993-cü illərdə Suxumidəki hərbi əməliyyatlar zamanı abidə ciddi zədələrə məruz qalıb. Bir müddət sonra şəhər adminstrasiyasının təşəbbüsü ilə abidə bərpa olunub. Amma bu da uzun çəkməyib. 2012-ci ildə abidənin üstünə aşan ağac onu bütövlükdə dağılıb. Hazırda onun yeri boşdur.

İlham Cəmiloğlu,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.