Siqaret çəkmək mədəaltı vəzi xərçəngini sürətləndirir – Yeni ARAŞDIRMA
Bu gün, 15:08
Siqaret çəkən insanlarda mədəaltı vəzi xərçəngi daha sürətli inkişaf edir. Bu, siqaret tüstüsündəki toksinlərə qarşı immun sisteminin spesifik reaksiyası ilə bağlıdır.
Bu barədə ABŞ-nin Roqel Xərçəng Mərkəzinin alimləri araşdırmanın nəticəsinə uyğun elan ediblər.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, siqaret tüstüsündəki zəhərli maddələr şişlərin davranışını dəyişir, onların böyüməsini sürətləndirir və metastazı tezləşdirir.
Bu prosesdə interleykin-22 (IL-22) zülalını istehsal edən və bədənin təbii antişiş müdafiəsini zəiflədən T-tənzimləyici hüceyrələr mühüm rol oynayırlar. Təcrübələrdə siçanlardan həmin hüceyrələr bütünlüklə çıxarıldıqda siqaret tüstüsünün şiş böyüməsini stimullaşdırmaq qabiliyyəti də yoxa çıxıb.
Alimlər bu nəticələri mədəaltı vəzi xərçəngi olan xəstələrdən götürülmüş nümunələri təhlil etməklə də təsdiqləyiblər. Məlum olub ki, siqaret çəkən xəstələrdə T-tənzimləyici hüceyrələrin miqdarı siqaret çəkməyənlərə nisbətən əhəmiyyətli dərəcədə çoxdur.