Mərkəzi Bank 2016-cı ildə hökumətlə birgə valyuta bazarının tarazlaşdırılmasına çalışacaq
31-12-2015, 15:43
Ortamüddətli dövrdə milli iqtisadiyyatın “yenidən balanslaşdırılması”, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (“təklif iqtisadiyyatı”) keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasət qarşısında duran strateji çağırışdır.
APA-nın məlumatına görə, bu, Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.
Mərkəzi Bankın bəyanatında qeyd edilib ki, bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcək. Mərkəzi Bankın bəyanatında vurğulanır ki, yüksələn qlobal risklər fonunda 2016-cı ildə də dünya iqtisadiyyatında artımın zəif və kövrək olacağı, beynəlxalq əmtəə və maliyyə bazarlarında isə qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır. Valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi artıra bilər. ABŞ-da monetar siyasətin sərtləşməsi və dünya əmtəə qiymətlərinin azalması şəraitində inkişaf etməkdə olan ölkələrdə yeni devalvasiya dalğalarının yaşanacağı istisna deyil.
Mərkəzi Bank nəzərə çatdırır ki, 2016-cı il üçün dünya bazarında neftin orta qiyməti ilə bağlı müxtəlif proqnozlar verilir. Dünya neft bazarında təklifin tələbi üstələməsi şəraitində əksər analitik mərkəzlər neftin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar. 2016-cı ildə də qeyri-neft sektoru iqtisadi artımın başlıca mənbəyi olacaq. Milli iqtisadiyyatın və ixracın şaxələndirilməsinə yönəlmiş əlavə tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edəcək. Neftin qiyməti tədiyə balansının profisitinə təsir göstərən başlıca amildir. Müxtəlif qiymət ssenariləri üzrə hökumətin və Mərkəzi Bankın adekvat siyasət reaksiyaları mövcuddur. Neftin 30 ABŞ dolları qiymətinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcək. Manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta ehtiyatlarının yüksək səviyyədə (hazırda ÜDM-in 100%-indən çox) qorunub saxlanmasına gətirib çıxarmalıdır. 2016-cı ildə pul siyasəti qərarları iqtisadi artım və inflyasiya riskləri balansının qiymətləndirilməsi əsasında qəbul ediləcək.
Mərkəzi Bank başlıca olaraq baza inflyasiyanın idarə olunmasına yönəlmiş siyasət həyata keçirəcək. Xarici ticarət tərəfdaşı ölkələrində inflyasiya və manatın çoxtərəfli məzənnəsində baş verən dəyişikliklər inflyasiyaya təsir edən mühüm amillər olacaq. İnflyasiyanın səviyyəsinə daxili tələbin dinamikası və xarici amillər təsir edəcək. Mərkəzi Bank pul siyasətinin çərçivəsini inflyasiyanın birbaşa hədəflənməsi rejiminə uyğunlaşdırmaq istiqamətindəki fəaliyyətini davam etdirəcək. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı, pul siyasəti dizaynında baş verən dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyillər nəzərə alınacaq. “Üzən məzənnə” rejiminə keçdikcə Mərkəzi Bank alternativ operativ hədəflər (“lövbərlər”) vasitəsilə inflyasiyanın monetar amillərinə təsir göstərməyə çalışacaq. Pul siyasətinin faiz dərəcələrinə və iqtisadiyyata ötürücülük qabiliyyətinin gücləndirilməsini təmin etmək üçün bu siyasətin effektiv həyata keçirilməsinin əsas mexanizmi olan banklararası pul bazarının inkişafının sürətləndirilməsi diqqət mərkəzində saxlanacaq, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası imkanlarına baxılacaq.
Mərkəzi Bankın bəyanatında bildirilir ki, 2016-cı ildə manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında, “üzən məzənnə rejimi” çərçivəsində formalaşacaq. Üzən məzənnə iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, onun orta və uzunmüddətli dayanıqlığının gücləndirilməsini, iqtisadiyyatın və ixracın şaxələnməsinin sürətləndirilməsini, yerli istehsalın beynəlxalq rəqabət qabiliyyətinin daha da artırılmasını təmin etməlidir. Məzənnə rejiminin çevikliyinin artırılması valyuta ehtiyatlarının zəruri həcmdə qorunmasına imkan verən ən mühüm amildir. Eyni zamanda üzən məzənnə inflyasiyanın hədəflənməsi rejiminə keçidin başlıca şərtlərindən biridir.
Növbəti ildə iqtisadi subyektlərin üzən məzənnə rejiminə adaptasiyasının tamamlanması gözlənilir. 2016-cı ildə xarici iqtisadi şoklar, neftin qiyməti, xarici ticarətdə tərəfdaş ölkələrin, xüsusən neft amilinin güclü təsir etdiyi ölkələrin milli valyutalarının dəyişməsi dinamikası valyuta bazarına və manatın məzənnəsinə təsir göstərən əsas amillər olacaq. Digər tərəfdən, fiskal siyasət, o cümlədən dövlət investisiya siyasəti, xarici borcun idarə olunması, beynəlxalq hesablaşmalar mexanizminin təkmilləşdirilməsi tədbirləri və digər institusional məsələlərin həlli valyuta balansına təsir edəcək mühüm amillərdir. Bütün bunları nəzərə alaraq, 2016-cı ildə Mərkəzi Bank hökumətlə birgə sərəncamında olan imkanlardan istifadə etməklə valyuta bazarının tarazlaşdırılmasına və bu əsasda kəskin məzənnə tərəddüdlərinin hamarlanmasına çalışacaq.