Yanğınsöndürən balon necə olmalıdır, cəriməsi nə qədərdir? - İZAH

31-12-2015, 15:59           
Yanğınsöndürən balon necə olmalıdır, cəriməsi nə qədərdir? - İZAH
Avtomobilin sahibi nəqliyyat vasitəsində odsöndürən saxlamağa borcludur, amma cərimə etmək mümkün deyil
Avtosfer.az saytına, AvtoFM radiosuna və şəxsi facebook səhifəmə gələn suallar arasında avtomobil üçün yanğınsöndürən balona aid suallar artmaqdadır. Soruşurlar ki, balon necə olmalıdır, yoxdursa, bunun cəriməsi nə qədərdir?
Əvvəlcə cərimə məsələsindən başlayaq. Bu məsələdə bizim qanunvericilikdə ciddi qüsur var. Belə ki, bəziləri elə düşünürlər ki, avtomobildə yanğınsöndürən balon olmadığına görə DYP əməkdaşı sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 302.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edə bilər. Belə yanlış fikirlərin səslənməsinə görə heç kəsi qınamıram, çünki günah qanundakı problemdə və bunun uzun illərdir ki, düzgün şərh edilməməsindədir.
İXM-in 302.1-ci maddəsinin mətni belədir:
302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, bəli, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu mövqeyi aydındır, yəni avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində odsöndürən saxlamağa borcludur. Amma qanunun qoyduğu vəzifənin icra edilməməsinə görə məsuliyyət məsələsi də qanunda tam aydın və birmənalı olmalıdır. Lakin bunu İXM-in 302-ci maddəsinə münasibətdə görmürük. Səbəbi isə çox sadədir. İXM-in tətbiqi barədə 389 saylı fərmanın 3.39-cu bəndinə, habelə inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının (634 saylı fərmanla təsdiqlənən siyahının) 14-cü bəndinə baxdıqada aydın olur ki, 302-ci maddə üzrə məsuliyyətə cəlb etmək səlahiyyəti birmənalı olaraq Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarına aiddir. Bu, o deməkdir ki, DYP əməkdaşı 302.1-ci maddə üzrə nəinki cərimə tətbiq etmək, heç protokol tərtib etmək səlahiyyətinə də malik deyil. Digər tərəfdən, Dövlət yanğın nəzarəti xidməti əməkdaşlarının istər yolda, istər DYP postunda, istərsə də vətəndaşın şəxsi qarajında və ya həyətində hər hansı avtomobilə baxış keçirmək, odsöndürənin olub-olmadığını yoxlamaq və kimisə məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur. Məhz bu səbəbdən 302.1-ci maddənin sürücülər barəsində tətbiqi istisna olunur. Bu maddə gəmi, qatar, təyyarə, metro kimi nəqliyyatda, habelə müəyyən sayda nəqliyyat vasitələri olan daşıyıcı təşkilatlarda (məsələn, təhlükəli yük daşıyan avtomobilləri olan təşkilatda, avtobus parkında və başqa belə hallarda), özü də ümumi yanğın təhlükəsizliyi vəziyyətinə nəzarət gedişində tətbiq oluna bilər.

İXM-in 302.1-ci maddəsinin yollarda hərəkət edən avtomobillərin srücüləri barəsində tətbiq edilə bilməsi üçün bu normanı konkret subyektlər barədə tətbiq etmək səlahiyyəti DYP-yə də verilməlidir (məsələn, icbari sığorta, reklam məsələsində belə səlahiyyət DYP-yə verilib).
Bununla bağlı başqa bir məsələyə də toxunmaq lazımdır. “Yol hərəkəti haqqında” Qanunun 1 sylı Əlavəsinin 7-ci hissəsinin hərfi mənasından yanaşsaq, avtomobilində odsöndürən olmayan sürücünü İXM-in 155.2-3-cü maddəsi üzrə məsuliyyətə cəlb etməyin mümkünlüyünü düşünmək olar, çünki odsöndürən “konstruksiyanın digər ünsürləri” sırasında yer alır. Amma belə yanşma da problemli olacaq, çünki Qanunun belə müddəasına baxmayaraq, elmi-təcrübi baxımdan və sadə məntiqə əsasən odsöndürənin nəqliyyat vasitəsinin konstruksiyasına heç bir aidiyyəti olmadığı aydındır (əslində, bu da Qanunun problemidir, çünki söhbət konstruksiya ünsüründən yox, təchizat ünsüründən getməlidir).
Beləliklə, İXM-in, habelə inzibati məsuliyyətə cəlbetmə barədə qanunvericiliyin hazırkı mənasında yolda hərəkətdə olan avtomobilin sürücsünü odsöndürənin olmamasına görə məsuliyyətə cəlb etmək və cərimələmək mümkün deyil. Elə məhz bu səbəbdəndir ki, sürücülər barəsində 302.1-ci maddənin tətbiqi statistikası sıfıra bərabərdir. Amma belə avtomobil texniki baxışdan keçə bilməz. Çünki odsöndürən də olmalıdır. Yolda sürücünü odsöndürənin olmamasına görə saxlayan DYP əməkdaşı isə belə vəziyyəti gördükdə sadəcə olaraq bunun aradan qaldırılmasının zəruriliyini deyərək sürücünü yola salmalıdır. Vəssalam.
İndi ikinci məsələyə toxunaq. Odsöndürən hansı həcmdə, hansı kütlədə və ya hansı markada, sinifdə olmalıdır? Bizim qanunvericiliyimiz nəqliyyat vasitələrində istifadə edilməli olan odsöndürənin nə kütləsini, nə həcmini, nə də sinfini müəyyən etmir. Yalnız xüsusi təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri üçün odsöndürənin həcmi ilə bağlı (həcmi 5 litrdən az olmayan toz və ya karbon qazlı odsöndürən) qanunvericilikdə xüsusi tələb var (bu da başadüşüləndir, çünki söhbət benzin və bu kimi tezalışan maddələrin daşınmasından gedir). Ölkəmizdə bu mövzuda əsas normativ aktalar “Yanğın təhlükəsizliyi haqqında” Qanun və 2001-ci ildə Daxili İşlər Nazirliyinin (o vaxt FHN yox idi) təsdiq etdiyi “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”dır. Nə bu aktlarda, nə başqa hansısa qanunvericilik aktında avtomobilin odsödürən balonuna dair tələb yoxdur.
Lakin qanunvericilikdə bununla bağlı xüsusi müddəalar da var. Məsələn, Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən, odsöndürən məcburi qaydada sertifikatlaşdırılan məhsullar sıyahısına daxildir. Konkret odsöndürən yalnız bir sinfə və ya eyni zamanda bir neçə sinfə aid ola bilər. Amma avtomobildə hansı sinif odsöndürənin olması da qanunvericiliklə tənzimlənmir (təbii ki, daha universal odsöndürən ən yaxşı olar)
Məsələ ilə bağlı başqa ölkələrin yanaşması da maraqlıdır. Dünyanın əksər ölkələrində avtomobillərin növünə və təyinatına görə odsöndürənin minimal həcmi, sayı, yol verilən sinifləri, hətta bəzən yerləşmə yeri dəqiq göstərilir. Bu mənada bizim qanunvericiliyimiz yenə də natamamdır.
Beləliklə, hazırda ölkəmizin srücülüəri öz avtomobillərində həcmindən və sinfindən asılı olmayaraq avtomobil üçün nəzərdə tutulan və satandarta (sertifikatlaşma şərtlərinə) uyğun olmaqla istifadəyə yararlı odsöndürən saxlaya bilərlər.
Məsələ ilə bağl sürücülərə bəzi tövsiyələrimiz də var. Belə ki, son illərin təcrübəsi göstərir ki, avtomobillərin hətta heç bir kənar müdaxilə olmadan (“səbəbsiz”) alışması da mümkündür. Bu, əsasən elektrik sisteminə müdaxilənin nəticəsi olsa da, normal istismar gedişində yaranan problemdən də avtomobilin alışması mümkündür. Nəzrə alın ki, alovlanan avtomobil orta hesabla 10 dəqiqəyə tam yanır. Ona görə də avtomobilin alovlanmasından sonra hətta yanğısöndürmə stansiyasının 100 metrliyində olsanız da, avtomobilinizin tam yararsız hala düşməsi qaçılmazdır. Amma təcrübə göstərir ki, əksər hallarda avtomobilin alovlanması 5-6 dəqiqə davam edən ilk tüstülənmədən və ya kiçik sahədəki alovdan sonra baş verir. Belə tüstülənməni və kiçik alovu isə avtomobil üçün odsöndürənlə söndürmək çətin deyil. Ona görə də qanunvericilikdəki boşluqlardan sui-istifadə etməyin və avtomobilinizdə mütləq odsöndürən saxlayın. Özü də tam normal həcmdə olan və yaralısını. Beynəlxalq təcrübəyə əsasən, avtomobil üçün ən ideal ödsöndürən ən azı 2 litr həcmi olan tozlu və ya sıxılmış karbon qazlı odsöndürəndir. Düzdür, son vaxtlar daha mükəmməl və istifadəsi səmərəli yanğınsöndürmə vasitələri (məsələn, “qumbara” tipli odsöndürən) tətbiq edilir. Amma hələ ki, ən populyarı balondur. Özü də əsas məsələ onun olması yox, ondan düzgün və vaxtında istifadə etməkdir.

Ərşad Hüseynov,
hüquqşünas












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.