Gömrükdə inqilab: idxal monopoliyası ləğv edildi
1-01-2016, 20:50
Dövlət Gömrük Komitəsində radikal islahatlar həyata keçirilib. Artıq idxal monopoliyası tam rasan qaldırılb. Yanvarın 1-də ölkəyə məhsul idxalı tam liberallaşıb. Bu barədə istiqlal.az-a gömrük komitəsindəki mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, yüklərin qeydiyyat prosesi sadələşdirilib. İndi idxalçılar heç bir maneəsiz ölkəyə gətirdiyi malları sənədləşdirib daxili bazara çıxara biləcəklər.
Qeyd edək ki, bu artıq idxalda tam liberallaşma mühitinin yaranması deməkdir ki, bir azdan rəqabət nəticəsində daxili qiymətlərin xeyli ucuzlaşmasına təsir göstərəcək. Bu həm də gömrük daxil olmalarının əhəmiyyətli dərəcədə artması deməkdir.
Hələ iki il qabaq gömrük yüklərinin rəsmiləşdirilməsinin ASAN Xidmətə verilməsi nəzrədə tutulurdu. Ancaq gömrükdə söz sahibi olan idxal monopolistləri bu ideyanın qarşısını ala bildilər. O vaxt bu ideyanı Gömrük Komitəsinin sədri Aydın Əliyev də ictimailəşdirmişdi. Ancaq idxal monopolistləri bu ideyanı beşiyindəcə boğa bildilər. Ancaq indi prezident İlham Əliyevin iradəsi ilə buna son qoyuldu. Buna emosiyasız iqtisadi sektorda inqilabi dəyişiklik saymaq olar.
Artıq ölkədə yaranmış yeni iqtisadi situasiya gömrük islahatlarını qaçılmaz edirdi. Dünya bazarında neftin qiymətinin 37 dollara enməsi ölkənin gəlirlərini kəskin şəkildə azaldıb. Gələn il neftin daha da ucuzlaşacağı gözlənilir. Bu o deməkdir gələn il üçün nəzərdə tutulan 2,8 milyardlıq investisiya layihələrini gerçəkləşdirmək mümkün olmayacaq. Eyni zamanda dövlət xərclərinin kəskin ixtisarı və büdcəyə əlavə vəsaitlərin cəlb edilməsi zərurəti ortaya çıxacaq. Bu baxımdan ilk addım kimi gömrük islahatları başladı.
Alternativ hesablamalara görə, hazırda gömrük sərhədlərində ən azı 10 milyard manat vəsait idxal monopolistlərinin cibinə axırdı. Bu vəsaitin təxminən yarısı – 5 milyard manata yaxını büdcəyə çatacaq pullardır. Ölkəyə daxil olan yüklərin real qiymətindən az göstərilməsi və ya ümumiyyətlə sənədləşdirlməməsindən hər il büdcə 5 milyard manat itirir. İldə təxminən 5 milyard manat isə iş adamlarından “təzminat” kimi yığılır. Ölkənin gəlirlərinin belə kəskin azalması fonunda gömrükdə qayda-qanun yaratmağın vaxtı çatıb. Bu həm də ölkədə biznes mühitinin sağlamlaşdırılmasına təkan verəcək.
Yada salaq ki, prezident İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə gömrük sisteminin şəffaflaşdırılması məsələsini xüsusi vurğulayıb: “İqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.
Böyük ehtimalla növbəti islahat vergi sistemini əhatə edəcək. Oxşar proseslər - sahibkarlardan "təzminat" yığılması vergi sistemində də var və son illər bu neqativ tendensiya daha da güclənib. Ən azı nəzərə almaq lazımdır ki, preziden İlham Əliyev iki sistemdə - gömrük və vergi sistemində şəffaflıq məsələsini xüsusi qabartmışdı.
İstiqlal.az