Baş infeksionistdən xəbərdarlıq: Bu dəfə çox çətin olacaq…
20-05-2020, 09:33
Koronavirusun ağır forması xəstəxana şəraitində müalicə tələb edir. Amma insanların xəstəliyi yüngül keçirdikləri üçün evdə qalmaları düzgün deyil. Bu, epidemioloji nöqteyi-nəzərdən təhlükəlidir. Xəstəliyin başqasına keçmə ehtimalını azaltmaq, yayılmasının qarşısını almaq, evdə izolyasiya etmək çox çətindir.
Teref.az-ın xəbərinə görə, bunu baş infeksionist Cəlal İsayev deyib.
O bildirib ki, koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir:
"Əgər xəstəni ətraf mühitdən tam izolyasiya edib, başqalarını yoluxdurmasının qarşısını alaraq ev şəraitində onun müalicədən sonra laborator müayinəsini həyata keçirə bilsək, xəstəni evdə də müalicəsi mümkündür. Bunları edə bilmiriksə, xəstə mütləq xəstəxanada yatmalıdır".
Ölkədə karantin rejiminin tədricən yumşaldıldığını deyən Cəlal İsayev bu qərarların ölkədəki vəziyyət təhlil olunduqdan sonra qəbul edildiyini qeyd edib. Onun sözlərinə görə, xəstəliyə yoluxanların artıb-azalması epidemiya dövründə müşahidə olunan haldır: "Bu say artıb-azala bilər. Nəzərə alaq ki, bir yandan da ölkəmizə xaricdən vətəndaşlarımızın gətirilməsi prosesi davam edir. Məsələn, Ukrayınadan gətirilən 120 nəfərdən 29-da koronavirus aşkarlanıb. Bunlar da yoluxma sayına təsir göstərir.
Bu, epidemiya dövründə baş verən təlatümlərdir və belə dalğavari enib-qalxmalar müşahidə oluna bilər. Bundan çəkinmək lazım deyil. Sadəcə olaraq ölkədaxili yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrə əməl etməliyik. Əsas insanların ölkədaxili yoluxmasının qarşısı alınmalıdır. Bu, çox təhlükəlidir və yoluxma sayı artarsa, bizim zamanında müdaxilə etməyimiz çətinləşəcək".Teleqraf