Aİ-nin xarici siyasətdə üzləşdiyi çağırışlar və təhdidlər: Avropa ABŞ-dan niyə qopmaq istəyir?
25-06-2020, 09:43
Vasif Hüseynov,
BMTM-in baş məsləhətçisi
Avropa İttifaqı (Aİ) bəzi üzv ölkələrdəki iqtisadi böhranlar, radikal sağçı qrupların və avroskeptik qüvvələrin güclənməsi və s. kimi daxili problemlərdən başqa, həmçinin xarici siyasətdə də ciddi çağırışlarla üz-üzədir. ABŞ ilə strateji əhəmiyyətli bir çox mövzuda fərqli yanaşmalar, Çinin qlobal güc kimi yüksəlməsi nəticəsində yaranan mürəkkəb geosiyasi vəziyyət, Rusiya ilə Ukrayna böhranından sonra korlanan və hələ də problemli qalan münasibətlər və eyni zamanda bütün bunlar haqqında üzv dövlətlər arasındakı fikir ayrılığı Aİ-nin xarici siyasətini sınağa çəkən çağırışlardan yalnız bəziləridir. Bu yazıda Aİ-nin xarici siyasətində meydana çıxmış əsas təhdid və çağırışlar, onlar haqqında aparıcı üzv dövlətlər arasında yaranmış fikir ayrılığının səbəbləri və həmçinin bunun yaşadığımız bölgə üçün mümkün nəticələri haqqında qısa təhlil aparılacaq.
Təhlildəki əsas arqumentlər qısa şəkildə:
1. ABŞ ilə ziddiyyətlər artır, amma transatlantik əməkdaşlığa ehtiyac azalmır.
2. Çinin Avropada iqtisadi rolu güclənir, amma Pekin etibarlı və arzuolunan tərəfdaş sayılmır.
3. Rusiya ilə əlaqələrin bərpa olunması ehtiyacı artır, amma ikitərəfli əlaqələri gərginləşdirən məsələlər buna imkan vermir.
4. Aİ haqqında yuxarıda sadalanan və digər xarici və daxili məsələlər onun Şərq Tərəfdaşlığı regionunda qətiyyətli beynəlxalq aktor kimi fəaliyyət göstərməsini çətinləşdirir.
Transatlantik əməkdaşlıqda nə baş verir?
Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra tədricən eroziyaya uğrayan transatlantik əlaqələrdə problemlər artmaqda və dərinləşməkdədir. Vaşinqtonun avropalı müttəfiqləri ilə müvafiq məsləhətləşmələr aparmadan beynəlxalq təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyan bir çox məsələdə təkbaşına qərar verməsi Rusiya və Çin kimi ölkələrlə münasibətlərdə avropalı müttəfiqlərin maraqlarını və narahatlıqlarını nəzərə almadan hərəkət etməsi və bütün tənqidlərə baxmayaraq bu yanaşmadan geri dönməməsi Avropada ciddi narahatlığa səbəb olub. Məsələn, Tramp administrasiyası 2017-ci ilin iyun ayında iqlim dəyişikliyi ilə mübarizə haqqında Paris sazişindən və 2018-ci ilin may ayında Tehranın nüvə proqramının tənzimlənməsi və nəzarətə alınması ilə bağlı imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan müqavilədən çıxması haqqında, 2019-cu ilin noyabr ayında şimali Suriyadan Amerika qoşunlarının çıxarılmasına dair qərar verərkən avropalı müttəfiqlərə öncədən xəbər verməyib və onların mövqeyi ilə maraqlanmayıb. Belə ehtimal olunur ki, bu ilin mayında 35 ölkənin iştirak etdiyi və tərəfdaş dövlətlərin səmasında silahsız nəzarət uçuşlarına icazə verən Açıq Səmalar Müqaviləsindən çıxmaq haqqında qərar verərkən də Tramp bu ənənəyə sadiq qalıb və avropalı müttəfiqləri üçün sürpriz edib.
Əvvəlki illərdən fərqli olaraq indi avro-atlantik əməkdaşlıq çərçivəsində konsensus tapıla bilən nadir mövzular qalıb. Tərəflər arasında narazılıq yaradan səbəblər ticarətdən tutmuş Çin və Rusiya ilə münasibətlərə qədər müxtəlif sahələri əhatə edir. NATO-nun müdafiə xərcləri üçün nəzərdə tutulmuş Ümum Daxili Məhsulun 2 faizi həcmində tələbin avropalı müttəfiqlərin əksəriyyəti tərəfindən qarşılanmaması (Yunanıstan, Estoniya, Böyük Britaniya, Rumıniya, Polşa, Latviya və Litva istisna olmaqla), ABŞ və Aİ arasında ticari əlaqələrdə Amerikanın ticarət defisitinin olması, ABŞ-ın tələblərinə rəğmən, Aİ-nin aparıcı dövlətlərinin Çinə qarşı sərt mövqe tutmaqdan çəkinməsi, Tramp administrasiyasının “Birinci Amerika” yanaşmasını əsas tutaraq avropalı müttəfiqlərinin maraqlarını gözardı etməsi tərəflər arasında münasibətləri gərən və qarşıdurma həddinə çatdıran əsas problemlərdir.
ABŞ ilə Aİ-ni qarşı-qarşıya qoyan bu qəbildən olan son belə vəziyyət Avropada böyük rezonansa səbəb olan Vaşinqtonun Almaniyada yerləşən hərbi qoşunlarının sayını azaltmaq planı ilə bağlı yayılan xəbərlər oldu. Belə ki, İkinci Dünya Müharibəsindən sonra Avropanın və ümumilikdə NATO ölkələrinin təhlükəsizliyinin təminatı və SSRİ-nin mümkün hücumuna qarşı üzv dövlətlərin qorunması üçün Avropada yerləşdirilmiş hərbi bazanın əsas hissəsinə Almaniya ev sahibliyi edir. Avropadakı ABŞ qoşunlarını koordinasiya edən və vəzifəsi potensial münaqişələrin, transmilli təhdidlərin qarşısını almaq olan ABŞ Avropa Komandanlığının (EUCOM) mərkəzi qərargahı Almaniyanın Ştutqart şəhərində yerləşir. EUCOM-un əmrində quru, hava və dəniz qoşunları var və bu qoşun növlərinin hər birinin Almaniya ərazisində bazaları və digər müxtəlif təsisatları mövcuddur. ABŞ-ın Avropadakı yeddi qarnizonundan beşi (digər ikisi Belçika və İtaliyadadır) Almaniyada yerləşir.
Ziddiyyətin mühüm səbəbi - Rusiyaya fərqli baxış
Soyuq müharibənin başa çatmasından sonra Avropa üçün Sovet hücumu təhlükəsi yox olsa da, Rusiya ilə gərginlik və qəfil hərbi eskalasiya ehtimalı heç vaxt aradan qalxmayıb. Xüsusilə, Ukrayna böhranından sonra Aİ təhlükəsizlik sahəsinə daha çox diqqət ayırmaq qənaətinə gəlib və bu istiqamətdə NATO çərçivəsindən kənar da xeyli hərbi təşəbbüslər irəli sürüb. Buna baxmayaraq, hələ də ABŞ qoşunlarının Avropada mövcudluğu qitənin təhlükəsizliyi üçün mühüm amil kimi qiymətləndirilir. Son illərdə ABŞ-ın Almaniyadakı qoşunlarının sayında davamlı azalma müşahidə olunub. Belə ki, 2006 və 2018-ci illər arasında ölkədəki amerikalı hərbi qulluqçuların sayı 72,400-dən 33 250-ə qədər azalıb.
Bu prosesin davamı olaraq, 2020-ci ilin iyun ayında Tramp administrasiyası ABŞ-ın hazırda Almaniyada sayı 34,500 olan Amerikan qoşunlarının sayını 9,500 nəfər azaltmaq haqqında qərar qəbul etdi. Prezident Tramp bunu Almaniyanın NATO çərçivəsində müdafiə xərcləri öhdəliyinə əməl etməməyi və ticari əlaqələrdə ABŞ-a qarşı ədalətsiz davranmağı ilə əlaqələndirdi. Belə gözlənilir ki, Almaniyadan çıxarılan qoşunun bir qismi Polşaya və digər ərazilərə, yerdə qalan hissəsi isə geriyə - Amerikaya yönəldiləcək. Qeyd etmək lazımdır ki, 1990-cı illərdəki Rusiya – NATO razılaşmalarına ziddi olsa da, Polşa öz ərazisində Amerikan qoşunlarının və hətta nüvə silahının yerləşdirilməsi üçün mütəmadi səylər göstərir. Almaniyanın hakim Xristian Demokratlar Partiyası (CDU) Vaşinqtonun qoşunların azaldılması haqqında olan qərarını NATO ölkələrinin təhlükəsizliyi və koalisiya daxilində birlik üçün zərbə kimi qiymətləndirib. CDU rəsmisinə görə, koalisiyanın bu şəkildə zədələnməsindən xeyir görən yalnız Rusiya və Çin kimi rəqib qüvvələrdir və Tramp administrasiyası bundan nəticə çıxarmalıdır.
Transatlantik münasibətlərdə ziddiyyətli digər məsələ isə Rusiya ilə münasibətlərin gələcəyi ilə bağlı həm NATO həm də Aİ daxilində olan fikir ayrılığıdır. Qərb liderləri arasında bu yanaşma fərqi xüsusilə koronavirus pandemiyasına görə sentyabr ayına təxirə salınan ən böyük iqtisadi güclərin görüşü (G7) ilə bağlı ortaya çıxdı. Belə ki, ABŞ Prezidenti Trampa görə, Rusiyanın bu görüşdən kənar saxlanılması dünyanın geosiyasi və iqtisadi reallıqlarını əks elətdirmir və o, Cənubi Koreya, Hindistan və Avstraliya ilə yanaşı Rusiyanın da bu görüşə qatılmasını təklif edir. Rusiya ilə dialoq və münasibətlərin normallaşması Çin ilə şiddətlənən rəqabət fonunda Qərb üçün faydalı olar və Moskvanın Pekinlə ittifaqda hərəkət etməsinin qarşısını alar.
ABŞ-ın min oyunu rus qazının üstündədir
Bu kontekstdə diqqət çəkən bir nüansı xüsusilə qeyd etmək lazımdır. Tramp administrasiyası, bir tərəfdən Moskva ilə dialoqun bərpasını və sentyabrda keçiriləcək ən böyük iqtisadi güclərin görüşünə Rusiya rəhbərliyinin də dəvət olunmasını təklif edir, digər tərəfdən də Avropa dövlətləri və Rusiya arasında olan əməkdaşlıq layihələrinə qısqanclıqla yanaşır. Məsələn, Şimal Axını 2 layihəsinin çəkilməsinə ABŞ-ın reaksiyası bu baxımdan diqqətəlayiqdir. Vaşinqton iddia edir ki, bu layihənin reallaşması Avropanın Rusiyadan asılılığını artıracaq, Moskvaya Avropa ölkələri üzərində daha çox təsir imkanları verəcək və beləliklə, Qərbin Rusiyaya sanksiya və digər vasitələrlə təzyiq etmək siyasətinə mane olacaq.
Bunun nəticəsində keçən ilin son ayları ABŞ Konqresi tərəfindən layihədə iştirak edən şirkətlərə sanksiya qoyuldu və dekabr ayının 21-də Prezident Tramp qanun layihəsini təsdiq etdi. Sanksiyalar xüsusilə boruların inşasında iştirak edən şirkətləri hədəf alaraq layihənin çəkilişini xeyli ləngitmiş və Rusiyanı layihədən imtina edən şirkətlərin gördüyü işi özü icra etməyə məcbur etmişdi. Buna baxmayaraq, 2020-ci ilin sonuna qədər boru kəmərinin çəkilişinin tamamlanması gözlənilirdi. Bu ehtimal ABŞ-ı yeni sanksiyalar qəbul etməyə vadar edib. 2020-ci ilin iyun ayının əvvəlində senatorlar tərəfindən “Şimal Axını 2” layihəsində iştirak edən sığorta şirkətlərini hədəfə alan sanksiya layihəsi irəli sürülüb. Sanksiya layihəsinin əsas müəlliflərindən biri senator Ted Kruz bəyan edib ki, “Şimal Axını 2” ABŞ-ın milli təhlükəsizliyinə böyük təhdid yaradır və tamamlanmamalıdır. O, bildirib ki, yeni sanksiyalar layihədə hər hansı formada iştirak edən hər kəsi əhatə edəcək.
ABŞ-ın bu mövqeyi və ekstraterritorial sanksiyalar qoyaraq Avropa şirkətlərini hədəfə alması Avropa İttifaqında (Aİ), xüsusilə layihənin tərəfdaşı olan Almaniyada, böyük narahatlıq və etirazla qarşılanır. Almaniyanın İqtisadiyyat naziri Peter Altmaier bildirib ki, bu sanksiyalar ekstraterritorial xarakterdə olaraq beynəlxalq hüququn pozulmasıdır və beynəlxalq əməkdaşlığa zərbə vurur. Nazirlikdən mətbuata verilmiş məlumata görə, yeni sanksiyalar nəinki daha çox avropalı və Alman şirkətlərinə hətta layihədə iştirak edən dövlət agentliklərinin administrativ fəaliyyətinə də təsir edə bilər. Məlumatda bildirilir ki, dost dövlətlərin rəsmilərinə qarşı sanksiya qoyulması bir yenilik olar. Almaniya Xarici İşlər Nazirliyi də yeni sanksiyaların qoyulması ehtimalına reaksiya verərək, onu “Avropanın enerji təhlükəsizliyinə və Avropa İttifaqının suverenliyinə ciddi müdaxilə” kimi qiymətləndirib. Almaniyada və bir çox müşahidəçilər arasında belə qənaət var ki, ABŞ-ın sanksiyalarının əsas səbəbi Almaniyanı Rusiya qazı əvəzinə təxminən 2 dəfə baha qiymətə Almaniyaya gəlib çatan Amerikanın mayeləşdirilmiş təbii qazını (LNG) almağa məcbur etməkdir.
Avropanın müstəqillik səyləri - 3 hərbi prioritet
ABŞ-la Aİ arasında yaranan bu kimi narazılıqlar və ziddiyyətlər İttifaqı öz müqəddəratının qeydinə qalmağa və ABŞ-dan müstəqil hərbi gücə çevrilməyə təşviq edir. Son bir neçə ildə bu məqsədlə bir neçə təşəbbüs göstərib. Məsələn, 2017-ci ildə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (Permanent Structured Cooperation – PESCO) adlı hərbi pakt imzalanıb və 2021 – 2027-ci illəri əhatə edəcək 13 milyard dollar büdcəsi olan Avropa Müdafiə Fondu (AMF) (European Defence Fund) təsis edilib. PESCO Aİ-də müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi vasitəsilə strateji hərbi sahədə koordinasiyanın və birgə fəaliyyətin (interoperability) çatışmazlığını aradan qaldırmağa yönəlib. 2018-ci ilin iyununda qəbul edilmiş Qabiliyyətin İnkişafı Planı (Capability Development Plan - CDP) adlanan sənəddə PESCO üçün prioritetlər müəyyənləşdirilib. CDP NATO-dan hərbi strateji asılılığın aradan qaldırılması və ABŞ-ın təsdiqinə ehtiyac duymadan fəaliyyət göstərə bilmək üçün lazım olan müstəqilliyin təmin edilməsi üçün tələb olunan hərbi gücün yaradılmasını təşviq edir. Bu sənədə əsasən ağır transport hava daşıyıcılarının, raket daşıyıcılarının, sualtı hərbi müdafiə silahları, ballistik raket əleyhinə müdafiə sisteminin və s. yaradılması tələb olunur. Baxmayaraq ki, hədəflər böyükdür, lakin mövcud imkanlar məhduddur. Mütəxəssislərin qənaətinə görə, 13 milyard dollarlıq büdcə ilə hərbi sahədə ciddi nəticəyə nail olmaq mümkün deyil. Buna görədir ki, ittifaq bu təşəbbüslər çərçivəsində müəyyən edilmiş prioritetləri 3 qrupa ayırıb (ilkin, orta və son prioritetlər) və ilk öncə asanlıqla əldə edilə biləcək hədəflərə fokuslanıb. Aİ bununla üzv ölkələr arasında marağı artırmağa və növbəti hədəflər üçün daha böyük dəstək qazanmağa çalışır.
PESCO-nun hədəfi müdafiə yükünün bölüşdürülməsi və Avropa İttifaqının təhlükəsizliyi üçün hərbi təchizatın təmin edilməsi olsa da, ABŞ-ın hökumət strukturlarının və müdafiə sənayesinin müqaviməti ilə üzləşib. Belə ki, 1 May 2019-cu il tarixində, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Federika Mogeriniyə ABŞ-ın Müdafiə Nazirinin müavini Ellen Lord və Dövlət Katibinin müavini Andrea Tompson tərəfindən imzalanmış məktub göndərilib. Məktubda ABŞ-da PESCO və Avropa Müdafiə Fondunun yaradılmasından doğan narahatlıq ifadə edilib. Məktubdan olan aşağıdakı sitat əhəmiyyətlidir: “Bu təşəbbüslər mövcud silahların oxşarının yaradılması (duplication), ABŞ-la birgə fəaliyyətin (interoperability) çərçivəsi xaricində hərbi sistemlərin təchiz edilməsi, məhdud sayda olan müdafiə resurslarının diversiyası (diversion) və Aİ ilə NATO arasında lazımsız rəqabət ortaya çıxartması riskini daşıyır... Bu layihələr Aİ-ə aid olmayan (Non-EU) şirkətlərin iştirakını qadağan etməklə Amerikan şirkətlərini də kənarda qoyur.”
Avropa İttifaqı rəsmiləri isə cavab məktubunda bu narahatlığın əsassız olduğunu göstərməyə çalışıb və iddia ediblər ki, PESCO və Avropa Müdafiə Fondu Aİ-nin hərbi gücünü artırmaqla üzv ölkələrin NATO daxilindəki öhdəliklərini yerinə yetirməsinə dəstək olacaq. Məktubda qeyd olunub ki, Aİ-nin təşəbbüsləri nəticəsində əldə olunmuş yekun silahlar Aİ-nin yox, üzv dövlətlərin sərəncamında olacaq. Aİ rəsmiləri onu da əlavə etdilər ki, 3-cü tərəflərin iştirakı ilə bağlı məhdudiyyətlər məxfi məlumatların sızdırılmasının qarşısının alınması və intellektual mülkiyyət hüquqlarının qorunması məqsədini daşıyır və bu məhdudiyyətlər ABŞ-ın müdafiə sənayesindəki qanunlarla oxşardır. ABŞ-ın müdafiə sənayesində həddindən artıq məhdud sayda Avropa şirkətinin iştirakı buna misaldır. Məsələn, 2016-cı ildə ABŞ-ın hərbi müdafiə sahəsində tədqiqat üçün ayrılmış maliyyənin cəmi 0,17 faizi Avropalı şirkətlərə verilib. Bundan əlavə, Avropa bazarı hər zamankı kimi ABŞ-ın hərbi ixracına açıqdır və bu sahədə ticarət balansı ABŞ-ın xeyrinədir. Belə ki, 2014-2016-cı illərdə ABŞ Aİ-ə 62,9 milyard dollar həcmində silah ixrac edib, bunun qarşılığında Aİ-dən cəmi 7,6 milyard dollarlıq silah alıb.
ABŞ-ın hərbi dominantlığına qarşı Avropa üçlüyü
Məhdudiyyətlərə və çətinliklərə rəğmən, Aİ hərbi-müdafiə sisteminin gücləndirilməsində qətiyyətli görünür. Bu istiqamətdə əsas addımlardan biri İyun ayında atıldı. İttifaqın üç üzvü – Fransa, Almaniya və İspaniya – Fransa prezidentinin iştirakı ilə, hər üç ölkənin müdafiə nazirləri tərəfindən Parisdə növbəti nəsil döyüş təyyarəsi üçün Gələcək Döyüş Hava Sistemi (Future Combat Air System) adlı sənədi imzaladılar. Razılığa əsasən, 2040-cı ilə qədər İttifaqın dron və peykləri də kontrol edə biləcək ümumi hava döyüş sistemi (air combat system) yaradılmalıdır. Hələ ki, digər üzv dövlətlər buna qoşulmayıb, lakin Prezident Emannuel Makron başqa üzvləri də cəlb etmək üçün cəhdlər edir. Fransa və Almaniya 2025-ci ilə qədər döyüş təyyarələrinə 4 milyard avro investisiya qoyacaq. Bu döyüş təyyarələrinin hibrid elektrik texnologiyası ilə təchiz olunacağı və radarlar tərəfindən tutulmasının daha çətin olacağı gözlənilir. Bunlar hazırda istifadə olunan Rafale və Eurofighter qırıcılarını əvəz edəcək.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqının müdafiə sisteminin gücləndirilməsinin əsas təşəbbüskarı Fransa Prezidenti Emanuel Makrondur. Almaniyanın “Spiegel” qəzetinə görə o, Berlinə bu məsələdə təzyiq edir. Keçən il iyulun 12-də Makron Fransanın nüvə silahı daşıma potensialı olan “Suffren” adlı sualtı döyüş gəmilərinin açılışını etdi. İlk Suffrenin gələcək 10 il ərzində istifadəyə veriləcəyi və 9,1 milyard avroya başa gələcəyi gözlənilir. Suffren 1980-ci illərdən bəri istifadə olan Rubis sinfinə aid sualtı gəmiləri əvəz edəcək. Suffrenin 1,000 km məsafədəki hədəfləri vurmaq potensialı olacağı və mina ata biləcəyi bildirilib. 2019-cu il iyulun 3-də Makron eyni zamanda Fransanın hava qüvvələri çərçivəsində kosmik hərbi qüvvələrinin (space force) yaradılması haqqında da tapşırıq verdiyini açıqladı. Bunun kosmosdakı vəziyyətdən daha yaxşı məlumatlı olmaq, Fransanın peyklərini qorumaq və daha aktiv manevr etmək məqsədilə yaradıldığını açıqladı.
Fərqli təhdid anlayışları və toqquşan maraqlar
Qeyd etmək lazımdır ki, Fransadan qabaq ABŞ, Çin və Rusiya kimi dövlətlərin kosmosla bağlı hərbi planları qəbul edilmişdi. Fransa 2019-2025-ci illərdə kosmosla əlaqədar müdafiəyə 3,6 milyard dollar xərcləməyi planlayır. Beləliklə, Soyuq Müharibə illərindən fərqli olaraq NATO-nun üzv ölkələrinə aşağı-yuxarı oxşar dərəcədə təhdid yaradan ümumi təhlükənin olmaması transatlantik əməkdaşlığın mahiyyətini dəyişib. ABŞ və Avropa İttifaqı (Aİ) üçün artıq milli təhlükəsizliyə təhdidlər və beynəlxalq əməkdaşlıqda maraqlar bir çox məqamda fərqlidir. Buna görədir ki, tərəflər arasında ticarət və təhlükəsizlik kimi fundamental məsələlər də daxil olmaqla demək olar ki, bir çox sahələrdə maraqların toqquşmasının şahidi oluruq. Lakin, Aİ-nin hərbi gücünün zəif olması və beynəlxalq hərbi təhdidlərə qarşı NATO-ya ehtiyacının qalması onun ABŞ-dan asılılığının davam etməsinə səbəb olur. Doğrudur, son illərdə Aİ-də vahid ordunun yaranması və hərbi sənayenin inkişaf etdirilməsi üçün ciddi təşəbbüslər göstərilir, lakin, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və ABŞ-dan tam müstəqil hərbi gücə çevrilməsi mümkün görünmür.
(ardı var)
Yazıda əks olunmuş fikirlər müəlliflərə məxsusdur və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mövqeyini əks etdirməyə bilər.