Xaricdə təhsil almaq istəyənlər ORTADA QALIBLAR? - AKTUAL
25-06-2020, 13:07
Koronavirus pandemiyası bütün sahələrdə durğunluq yaratdığı kimi, təhsil üçün xaricə gedənlərə də maneələr yaradıb. Təhsil almaq üçün xaricə getmək istəyənlər hazırda hansı çətinliklərlə üz -üzədir? Onlar üçün hökumət hansı addımları ata bilər?
Təhsil eksperti Kamran Əsədov Lent.az -a bildirib ki, hazırda həm dünyada, həm də Azərbaycanda pandemiya səbəbindən tədris sistemi məcburi dayandırılıb. Ekspertin sözlərinə görə, bir çox dünya ölkələri proqram təminatı vasitəsilə artıq xarici tələbələr üçün qəbul proqramını həyata keçirməyə başlayıb: "Bəzi xarici ölkələr, xüsusilə azərbaycanlıların kütləvi təhsil almağa getdiyi Türkiyə, Ukrayna, Gürcüstan və Rusiyada Azərbaycandan olan tələbələr üçün sənəd qəbulunu elektron qaydada həyata keçirməyə başlayıb. Məlumdur ki, avqust ayının 1-nə qədər ölkəmizdə sərhədlər bağlıdır və ali təhsil almaq hüququna malik şəxslər sənədlərininin təsdiqi, eyni zamanda qeydiyyatdan keçmək üçün müvafiq olaraq, qəbul olduqları ölkələrə gedə bilməyəcəklər. Təbii ki, bu hal onlara müəyyən qədər çətinlik yaradacaq. Çünki elektron sənədlər bir çox hallarda hüquqi sənəd statusu daşımır.
Qəbul üçün beynəlxalq imtahanların nəticələri də tələb olunur. Pandemiya səbəbindən xarici ölkələrdə qəbul üçün nəzərdə tutulan beynəlxalq imtahanlar keçirilmədiyindən, bir çox hallarda tələbələr prosesdən kənarda qalıblar. Ona görə də Türkiyə universitetləri xüsusilə Azərbaycandan olan tələbələrin qəbulu üçün sənədləri müəyyən qədər sadələşdirib. Qəbul zamanı xüsusi imtahan nəticələri tələb edilməyəcək. Bir çox özəl təhsil müəssisələri qəbul zamanı yalnız dövlət nümunəli attestatın tərcümə və təsdiqi, eyni zamanda 9-10 və 11-ci siniflərdə olan qiymətlərin əks olunduğu sənədlə azərbaycanlı tələbələrin qəbulunu həyata keçirəcək".
Ekspert qeyd edib ki, Azərbaycandakı indiki vəziyyət ölkədən kənara təhsil almağa gedən tələbələrin sayına da təsir edəcək: "Ona görə ki, hazırkı şəraitdə təhsil xidməti göstərən qurumlar fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Nəzərə alsaq ki, kənarda təhsil almaq istəyənlər Azərbaycanda keçirilən imtahanlarda iştirak etmirdilər və ya burada təhsillərini davam etdirmək istəmirdilər, onlar müəyyən qədər ortada qalmış hesab oluna bilərlər. Azərbaycandakı qəbul imtahanlarında 72 min abituriyent iştirak edir. Onlar 47 min plan yeri uğrunda mübarizə aparacaq. Bütün hallarda 25 mindən çox şəxs ali təhsil müəssisələrinə qəbul olmaqdan məhrum olacaq. Hətta yüksək bal toplasalar da, hazırda plan yeri az və abituriyentlərin sayı çoxdur. Həmin şəxslər də bir çox hallarda xaricdə təhsillərini davam etdirirdilər.
Hesab edirəm ki, Azərbaycan ali məktəbləri, Nazirlər Kabineti ilə razılaşdırmaqla cari ildə plan yerlərini artırarlarsa, həmin şəxslər təhsil arxasınca xaricə getməyəcəklər və Azərbaycanda qalacaqlar".