Post-pandemiya dövründə iqtisadi dirçəliş: Çin modeli uğurlu olacaq?
25-06-2020, 20:10
Çin dünyadakı mövcud vəziyyətdən istifadə edərək öz iqtisadiyyatını dirçəltməyə çalışır.
Belə ki, Çin bir sıra sahələrdə nəzərdə qaydaları yumşaldıb ki, xarici sərmayəni ölkəyə cəlb edə bilsin.
Söhbət "Çin iqtisadiyyatına xarici sərmayələrin yatırılmasını tənzimləyən xüsusi nəzarət tədbirləri” və “Çinin sərbəst ticarət bölgələrinə xarici sərmayələrin yatırılmasını tənzimləyən xüsusi nəzarət tədbirləri” üzrə "Mənfi siyahı"lardan gedir. 1-ci siyahıda məhdudiyyət bəndlərinin sayı 40-dan 33-ə, 2-ci siyahıda isə məhdudiyyət bəndlərinin sayı 37-dən 30-a endirilib. Sərbəstləşdirmələr tətbiq edilmiş sahələr arasında xidmət, maliyyə, kənd təsərrüfatı, emal, tibb və təhsil var.
Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri deyib ki, Çinin hazırkı fəaliyyəti təqdirəlayiqdir:
“Pandemiya ilk olaraq Çindən başladığı üçün bu ölkə ilə bağlı qlobal səviyyədə məhdudlaşdırıcı qərarlar qəbul olundu və sərhədlər bağlandı. Demək olar ki, Çinlə bütün əlaqələr, o cümlədən ticarət əlaqələri də donduruldu. Bu da Çin iqtisadiyyatına trilyon dollarla zərər vurdu. Qlobal güc olma yarışına girən Çin üçün bu heç də yaxşı olmadı. İqtisadi inkişafda Çin hətta ABŞ-da üstələmişdi. Ayrıca Donald Trampın Çindəki böyük Amerika şirkətlərini Birləşmiş Ştatlara qaytarmaq siyasəti var. Bu yöndə konkret addımlar da atılıb. Çünki Çin iqtisadiyyatı ən çox bu şirkətlərə olunan yatırım hesabına sürətlə inkişaf etməkdəydi. Ona görə də istehsal müəssisələrinin Çindən getməsi və bir çox qlobal şirkətlərin müflisləşmə həddinə gəlməsi yeni addımları zəruri etdi. Düşünürəm ki, Çin çox doğru addım atmaqdadır. Onun hazırkı fəaliyyəti təqdirəlayiqdir. Çünki Çin artıq pandemiya məsələsində praktiki olaraq bir çox ölkələrdən dəfələrlə təcrübəlidir. Çin anlayır ki, koronavirus problemi ilə bir müddət yaşamaq məcburiyyətində qalacaq. Ona görə də iqtisadiyyatı qapatmaq Çin iqtisadiyyatı üçün gələcək perspektivdə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də sözügedən dövlət koronairusla mübarizə ilə paralel olaraq iqtisadiyyatı dirçəltmək istiqamətində də hərəkətə keçib”.
Ekspert digər dövətlərin Çindən örnək götürə biləcəyini də deyib:
“Ayrıca Çindən örnək alına biləcək nüanslar var. Risklərin idarə olunma məsələsi var. Bunlardan biri təhlükəli vəziyyətlərdən önləyici tədbirlərin görülməsidir. Bu yaxınlarda Çindəki bir məktəbdə virusa yoluxma hadisəsi baş verib. Çin oradakı hər kəsin təmasda olduğu bütün insanları təsbit edərək testdən keçirib. Önləyici tədbir budur. Azərbaycanda isə bu yoxdur. Ona görə də yoluxma həddi yüksəlir. Ona görə də virusun mərkəzi olan Çin karantindən çıxdığı halda, biz insanlarımızı yenidən karantinə salırıq. Bu isə dolayısı ilə iqtisadiyyatı qapatmaq deməkdir. Buna görə də Çinin avtoritar ölkə olmasına baxmayaraq Azərbaycanın ondan öyrənəcəkləri var. Bu həm iqtisadiyyatda, həm də Covid-19-la mübarizədə keçərlidir”.