"Smart-kart" tipli sayğaclardan buna görə imtina olunur - Azəriqazdan açıqlama
27-06-2020, 15:06
Sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyinin "smart-kart" tipli sayğacları dəyişdirdiyi və kart sisteminin ləğv olunacağı barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin (İB) Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Teleqraf.com-a bildirib ki, ölkə ərazisində fərdi yaşayış yerləri, yəni həyət evlərində beş ildən bir dövlət yoxlanışı vaxtı çatan smart kart tipli sayğaclar dəyişdirilərkən onların yerinə mexaniki sayğaclar qoyulur:
"Mexaniki sayğac almaq bizə daha ucuz başa gəlir. Hazırda enerji bazarında baş verən dalğalanmalarla əlaqədar olaraq dünyada maliyyə məsələlərinə hər bir təşkilat yenidən baxır. Bizdə də mexaniki sayğaclar smart kart tipli sayğaclardan 3 dəfə ucuz başa gəlir. "Smart-kart" sayğacının komplektinin qiyməti təqribi 220, mexaniki sayğac komplektinin isə 70-90 manat ətrafında dəyişir".
Qurum rəsmisi bildirib ki, sayğaclar mexaniki sayğaclarla əvəz olunsa da, hələ ki, "smart-kart" tipli sayğaclardan tamamilə imtina edilməyib:
"Yeni tikilən bina evlərində istismar müddəti başa çatan sayğaclar yoxlanıldıqdan sonra yerinə yenidən smart kart tipli sayğaclar quraşdırılacaq. Ötən ilin sonunda tender elan etdikdə biz, əvvəl "smart-kart" tipli sayğacları Fransa şirkətindən alırdıq, bu "İtron Qallos" şirkəti idi. Tenderin bu dəfə qalibi isə Almaniyanın "Zender" şirkəti oldu. Şirkətlə əldə olunan razılığa görə 200 sayğac pilot layihə kimi gəlib və artıq Bakıdadır. Bu sayğaclarda əvvəlki istehsalçıdan fərqli olaraq proqram təminatı bizdə olacaq ki, baş verən problemləri vaxtında aradan qaldıra bilək. Sayğaclar milli proqramla idarə olunacaq və artıq birinci gündən etibarən sayğacların pilot layihə kimi tək-tək yerlərdə quraşdırılmasına başlanılacaq. Özünü doğrultduğu təqdirdə, gələcəkdə sayğacları bu firmadan alacağıq".