"2030-cu ildə Çin bütün dünyanın bir nömrəli ölkəsi olacaqdı" ÖZƏL - AÇIQLAMA
28-06-2020, 09:58
"2030-cu ildə Çin bütün istiqamətlərdə, bütün göstəricilərinə görə dünyanın bir nömrəli ölkəsi olacaqdı. Lakin, bir növ koronavirus bunun qarşısını almaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov post-pandemiya dövründə dünya ölkələri arasında siyasi və iqtisadi proseslərin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı danışarkən deyib.
Politoloqun fikrincə, dünya pandemiya dövrünü başa vurduqdan sonra bu ölkələrin həyatında ikitərəfli münasibətlərə də, eyni zamanda iqtisadi proseslərə də təsir edəcəyini bildirib:
"Post-pandemiya dövrü bir çox ölkələrin həyatında dəyişikliklər edəcək. Eyni zamanda, bu ikitərəfli münasibətlərdən də asılı olacaq və ikitərəfli münasibətlərə də təsir edəcək . Xüsusilə də, biz Çin və Rusiya arasındakı münasibətlərdə, eyni zamanda Avropa İttifaqı ölkələri ilə Çin arasındakı münasibətlərdə tamamilə yeni iqtisadi-siyasi proseslərin şahidi ola bilərik".
Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatlarının Çinin qarşısına qoyduğu şərtlərdən də danışan Zaur Məmmədov əlavə edib ki, bu bir çox ölkənin şirkətlərini Çindən çıxarması ilə nəticələnəcək:
"Avropa İttifaqının aparıcı ölkələrinin, o cümlədən ABŞ-ın son zamanlar Çin hökumətinin qarşısını qoyduğu bir sıra şərtlər var. Hansı ki, bu şərtlər koranavirus pandemiyasının yayılmasında Çin hökumətinin günahlandırması ilə ortaya qoyulmuşdur. Bütün bunlar ona gətirib çıxardacaq ki, bir çox ölkələr öz şirkətlərini Çindən çıxaracaqlar. Bunun bir səbəbi də ondan ibarətdir ki, 2030-cu ildə Çin bütün istiqamətlərdə, bütün göstəricilərinə görə dünyanın bir nömrəli ölkəsi olacaqdı. Lakin, bir növ koronavirus bunun qarşısını almaqdadır. Hər bir halda hələ post-pandemiya dövrünə var. Post-pandemiya dövründə artıq bəllidir ki, beynəlxalq münasibətlər sistemində yeni nizamın əsası qoyulacaq".
Yeni mərhələ ABŞ və Çin arasındakı rəqabəti daha da artıracaq? - sualına isə politoloq belə cavab verib:
"İki ölkə arasındakı rəqabətin nəticəsidir ki, vəziyyət bu yerə qədər gəlib çatdı. 2014-cü ildən başlayaraq Çin bütün istiqamətlərdə ABŞ-ı arxada qoymaqdadır. ABŞ-ın əlində olan siyasi gücdən başqa bütün güclər tədricən Pekin istiqamətində gedir".