Oğuzda dəhşətli hadisə: Qonşusunu bazarda güllələdi – Təfərrüat
28-06-2020, 10:56
Oğuz rayonunda qonşusunu öldürməkdə təqsirli bilinən Zərqəm Məsimovun barəsində seçilmiş həbs qətimlan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Oğuz rayon Məhkəməsində hakim Kamran. Süleymanovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin edilib.
Zərqəm Məsimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılıb.
İttihama görə, hadisə bu ilin fevralın 28-də, səhər saatlarında Oğuz rayonunun Kərimli kəndində “Bazar” adlanan ərazidə baş verib.
Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Elşən Abdullayev qonşusu Zərqəm Məsimov ilə mübahisə edib.
Bu zaman Zərqəm Məsimov özündə olan ov tüfəngi ilə Elşən Abdullayevi güllələyib. Xəsarət alan Elşən Abdullayev hadisə yerində ölüb.
Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.
Hadisə baş verən zaman orada Zərqəm Məsimov ağac tingləri, onun yanında isə Elşən Abdullayev toxum satırmış.
Bu zaman Zərqəm Məsimovun yanına gələn Elşən Abdullayev bir kisə yonca bitkisinin toxumunu onun avtomobilinə söykəyib.
Buna görə Zərqəm Məsimov onunla mübahisə edib. Mübahisə sonda silahlı insidentin baş verməsi ilə nəticələnib.
İstintaq orqanı tərəfindən Zərqəm Məsimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Oğuz rayon Prokurorluğunda istintaq davam edir.