Tədris Cərrahiyyə Klinikasının həkimi yaşananları Aprel döyüşləri ilə müqayisə etdi - “İnanın, çox çətindir”
28-06-2020, 21:43
“Bütün bu ağır, faciyəvi günlər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının fiziki yükdən qat-qat çətin olan mənəvi yükdən tükənməkdə olan həkimlərinin gözləri önündə baş verir"
“Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında koronavirusdan itirdiyimiz hər xəstə - onu yaxından tanıyan, tanımıyan, burda bu ağır dönəmdə calışan hər bir tibb işcisinə yaxını imiş kimi acı verir...”
Dominant.az xəbər verir ki, bunu COVID-19-lu xəstələrin müalicə olunduğu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib.
A.Rüstəmxanlı daha sonra fikirlərini belə davam etdirib: “Hər bir insanın həyatında itkilər olub. Tanıdığın, doğma saydığın insanların ölüm xəbərini eşitdiyin anlar olub ... Acı yaşadığın anlar. Kimisi qan bir yaxınını, kimisi ruh bir yaxınını itirib. O itkinin qəlbinə vurduğu ağrı-acı elə dərin izlər acıb ki, uzun zaman adını dilinə gətirdikcə köksündə olan sancı, özündən ixtiyarsız dilindən ah-nalə olaraq səslənib. O hisləri mənə yaşadan, xatirəmdə iz buraxan ən faciyəvisi əmimin həyat yoldaşı, əziz dostum, insanlığında kimsənin zərrə qədər qüsur tapmadığı, sanki Allahın bu dünyadan qorumaq ücün öz dərgahına aldığı Könülün avtomobil qəzasında ölüm xəbərini eşitməyim olmuşdu. Digəri isə Aprel döyüşləri idi. Məhz o döyüşlərdə verdiyimiz itkiləri çox faciəvi şəkildə yaşamışdım. Həyatını itirənlərin hər biri, sanki mənə bir Könül olmuşdu. O zamanlar icimdən, birisi illərlə onlara oxşama desin ki, hər kəsi ağlatsın, heç bir zaman unudulmasınlar istəyi keçirdi. Onları zəhmətlə böyüdüb ərsəyə gətirən, əllərini cörəyə catdıran, təhsilə yiyələndirən sadə, zəhmətkeş valideyinlərinin sevinməli , ürəklərinin qürurlanmalı vaxtında cəkdiyi acıya kimsə biganə qalmasın, hər kəs göz yaşı axıtsın deyərdim. Hər kəs öz xoş gününü özünə cox bilsin, yanğı hissi heç kimin qəlbindən yan kecməsin, deyərdim özlüyümdə”.
Tanınmış həkim hazırda ATU TCK-də yaşananlarla Aprel döyüşlərini müqayisə edib: “O zamanlar təskinlik verənlərin, böyüklərin sözləri indidə qulağımda səslənir: “Allahın məsləhətidir, daha betər günlərdən Allah qorusun”, “çox ah-nalə etmək günahdır”. Bu gün yenidən o günlərdən bənzərini yaşayıram. Bu gün yenə bir “aprel döyüşünün” acısını qəlbimin içini dəlik-deşik edən ağrıyla duyuram. Bu gün yenə bir itki mənə Könülün acısını yaşadır. Bu gün ağladığım, acıdığım səbəb 5 yaşlı qızın anasının virus düşməninə yenik düşməsi, anasız qalmasıdır. Bir qıza anadan yaxın könül dostu yox ikən, o qız anasız qaldı. “Ana, bacım olsun” deyən, arzulayan bu qızcığaz hardan bilsin ki, xəstəlik qismində bir düşmən gələcək, adı koronavirus olacaq. Bacısını ana bətnində cəmi 27 həftə böyüdə biləcək anası. Hardan bilsin ki , anasının həyatının sonu olacaq o virus. Bu döyüşdə düşmən qalib olmaz deyib, inanmaq istədik. Hər birimiz. İnanmaq istədim ki, bəlkə tibbin imkanlarının, gücünün qadir olmadığı halda, ana-övlad bağının qüdrətinin şahidi olacağıq. İnanmaq istədim ki, bu tarixcə fərqli olacaq. Əslində, ruhdan ruha toxunuş var, inan dedim 10 gün ərzində özümə”.
Həkimin bildirdiyinə görə, koronavirusa yoluxmuş ana vəfat edib, 25 həftəlik dünyaya gəlmiş körpəsi isə hələ həyat uğrunda mübarizə aparır: “Düz 10 gün əvvəl doğuldu 5 yaşında qızın bacısı. Düz 10 gün əvvəl başladı 5 yaşında qızın anasının həyat uğrunda mübarizəsi. Hər saatda son saatıdır deyib çabaladı həkimləri, əllərini çəkmədi, ümidlərini üzmədi, dinclik tapmadı. Düz 10 gün əvvəl başladı 5 yaşında qızın anansını koronavirusun oksigensiz qoyduğu ücün ciddi xəsər almış 27 həftəsində doğulmuş, həyata bağlanması mümkünsüz görünən kiçik bacısının həyatı uğrunda mübarizəsi. Əlimi buraxma dedi. Yaşaması saatlar çəkər dedikcə, mümkünsüz dediyimiz həyatı 10 gün cihaza bağlı davam edən bu balaca körpə nəyin çabasındaydı?! Öz həyatınınmı? Yox, bu balaca körpə döyünməkdə davam edən köksündəki ruhuyla anasına yaşamaq gücü vermək çabasındaydı. Sanki böyük bacısına özündən çox anasını geri qaytarmağa köklənmiş bir vəfa borcu vardı. Sanki ana da yenicə doğulmuş balaca körpəsini, döyünən ürəyinin ruhsal bağıyla yaşatmaq ücün dirənirdi. 5 yaşındakı qızına verdiyi vədi vardı, öz yaşamasıyla körpəsini həyata qaytarmaq çabasındaydı. Amma olmadı, düşmən qalib gəldi. Bir gənc ana dünyasını dəyişdi , bu gün. 5 yaşlı bir qızcığaz anasız qaldı. 10 günlük bir körpə dünyaya gəlişinə peşman ikən, könül bağı yox ikən nə qədər dirənəcək, bəlli deyil”.
Aygün Rüstəmxanlı hər bir vətəndaşa müraciət də edib: “Bütün bu ağır, faciyəvi günlər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının fiziki yükdən qat-qat çətin olan mənəvi yükdən tükənməkdə olan həkimlərinin gözləri önündə baş verərkən, yenidən aprel döyüşlərindəki düşüncələrlə, ürək ağrısı yaşayıram. Yenidən bir müharibə dönəmi yaşayırıq. İnanın, bu tarixçəyə biganə qalmayın. Bu tarixçəyə bənzər neçə tarixçə, həkimlərin tibb işcilərinin həyatının parçasına çevrildi, dərdi oldu, acısı, ağrısı oldu. Bundan kim usanmaz, kim?! Buna kimin ürəyi yanmaz ki?! Əminəm, inanıram ki, hadisələrin içində olsanız bizlər qədər sizlərin də qəlbi yanar. Azərbaycanımızın bizim ücün canı, onun sağlığı əhəmiyyətli olan hər bir vətəndaşı, özünüzü qoruyun. Bu tarixçənin bənzəri sizlərdən də birinin olmaması ücün özünüzü qoruyun. İnanın ki, fikirlər darmadağındı, 5 yaşlı qızın könül dostunun - anasının itkisi doğmamız kimi acı verir. İnanın, hələ ki yaşayan ağır körpəsinə baxdıqça ürəyimiz parçalanır. İnanın, yetəri qədər savadlı, bacarıqlı, humanist həkimlərimiz var ki, savad və bacarıqları ilə qarşı çıxa bilmədikləri bu ağır xəstəlikdən itirilən, tanımadığları insanlar ücün “Allah rehmət etsin” - deyib keçmir, ürək yanğısı yaşayırlar. Hər itirilən xəstənin yaxın ailə üzvünə çevrilirlər. Bu doğmalaşan yadlıqlar xatirinə özünüzə ögey olmayın, özünüzü qoruyun, umu-küsü zamanı deyil, inanın, çox cətindir. Daha betər günlərdən Allah qorusun deməkdən başqa əldən gələn nə var, bilmirəm artıq...”
Qeyd edək ki, Azərbaycan Tibb Universiteinin Tədris Cərrahiyyə Klinikasında aprel ayının 1-dən etibarən COVID-19 infeksiyası təsdiqlənən xəstələrin qəbuluna başlanılıb.
Dominant.az