Təbəssüm Məmmədovanın atası: - "Heç qızımı morqa da qoymamışdılar"
29-06-2020, 19:11
"Anası dedi ki, qızın vəziyyəti pisdir. Mən də birtəhər xəstəxanaya girdim ki, uşağa baxım. 20 il polis işlədiyim üçün bugünə qədər çox meyit görmüşəm. Qızımın bədəni üç dəfə şişmişdi, rəngi gömgöy idi. Bizdən əlavə pul almaq üçün, yalandan aparatlar qoşmuşdular".
Yeniavaz.com xəbər verir ki, bu sözləri bir neçə gün bundan əvvəl “Bona Dea” xəstəxanasında xərçəng xəstəliyindən dünyasını dəyişən 22 yaşlı Təbəssüm Məmmədovanın atası deyib.
Onun sözlərinə görə, xəstəxanada övladını qanlar içində saxlayıblar:
“2 gün meyiti orada saxlayıblar. Heç qızımı morqa da qoymamışdılar. Onun nəşinin iyi ətrafa yayılmışdı. 30 min manat verəndən sonra nəşi bizə verdilər. Düşmən düşmənə bu hərəkəti etməz”.
Mərhum Təbəssüm Məmmədovan anası Elnurə Məmmədova bildirib ki, xəstəxanada 8 min depozitin ümumi məbləğdən çıxacağını desələr də, daha sonra həmin pulu vurulan qana xərclədiklərini bildiriblər:
“Dedilər ki, xəstəxanaya 30 min manat ödəməlisən. Mənim də 8 min manat depozitim var idi və ümumi məbləğdən çıxacağını deyirdilər. Əgər mənim 8 min depozitim varsa, deməli 22 min manat ödəməliyəm. Biz çətinliklə də olsa, bir gecəyə həmin pulu tapdıq. Lakin, xəstəxanada dedilərki, 8 min manat da verməlisiniz, depozitiniz vurulan qana xərclənib.
Mənə dedilər ki, sənin balan morqdadır, get 10 gündən sonra nə vaxt pul tapsan nəşi götürərsən”.
Təbəssüm Məmmədovanın valideynləri həmin pulu borc edərək tapdıqlarını və geri qaytarmağa maddi imkanlarının olmadığını bildiriblər. Buna görə də xəstəxanaya ödənilən 30 min manat borcun geri qaytarılmasını tələb ediblər.