“İndiki şərtlərlə valyutadəyişmə məntəqəsinin açılması gözlənilən deyil” - AKTUAL
1-07-2020, 10:07
İki gün əvvəl ölkə mətbuatında Bakıda bir neçə ünvanda özəl valyutadəyişmə məntəqəsinin fəaliyyətə başladığına dair məlumat yayılıb.
“Marja”nın hazırladığı məlumatda qeyd olunur ki, banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcılardan sənəd və xüsusi formanın doldurulması tələb edilmir. Məsələn, müştərililər istədikləri məbləğdə ABŞ dolları ala bilirlər. Həmçinin açıq-aşkar çalışan bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər: “”Marja"nın əməkdaşı belə valyutadəyişmə məntəqələrindən birində olub. Məlum olub ki, özəl valyutadəyişmə məntəqələrində dollar 1.70 manatdan alınır, 1.7060-1.7070 manatdan satılır. Qeyd edək ki, bu gün əksər banklar dolları 1.6970 - 1.7000 manatdan alıb, 1.7020 -1.7025 manatdan satırlar".
Qeyd edək ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti Mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara əsasən dayandırılıb: “Əldə etdiyimiz məlumata görə, yenidən müəyyən tələblər çərçivəsində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə veriləcək. ”Sənədlərimizi Mərkəzi Banka təqdim etmişik", - özəl valyutadəyişmə məntəqəsini işlədən şəxs bildirdi. Qeyd edək ki, Mərkəzi Bankın göstərişinə əsasən kommersiya bankları bir vətəndaşa bir il ərzində maksimum 11750 dollar sata bilərlər. Bu limiti aşan şəxslərə dollar satılmır".
Azərbaycan Mərkəzi Bankının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Əliyev Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək “Yeni Müsavat”a bildirib ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər: “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ”Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa, bu qanunsuzdur. Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik".
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti 2015-ci il devalvasiyalarından sonra dayandırılıb: “Bundan sonra qanunvericilik də sərtləşdirilib. 2017-ci ildə ”Valyuta tənzimi haqqında" Qanuna bununla bağlı dəyişiklik edilib, 3 qayda qəbul edilib. Bunlar “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizənin forması”dır. Qanuna edilən dəyişikliyə əsasən valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər üçün girov təyin olundu. Girovun məbləği Bakı şəhərində 50 min manat və 50 min dollar, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üçün 25 min manat və 25 min manat, Naxçıvan Muxtar Respublikası və digər inzibati ərazi vahidlərində isə 10 min manat və 10 min dollar müəyyənləşdirilib. Yəni qanunvericilikdə valyutadəyişmə məntəqələrinin həm infrastrukturuna, həm də təhlükəsizlik qaydalarına münasibətdə tələblər əksini tapıb. Qaydalar qəbul olandan bəri hələ ki bank və poçt qurumlarından başqa valyutadəyişmə məntəqələri fəaliyyət göstərməyib. Mərkəzi Bankın açıqlamasından da məlum olur ki, bu fəaliyyətə dair heç kimə lisenziya verilməyib. Deməli, mətbuatda haqqında bəhs edilən valyutadəyişmə məntəqələri qanunsuz fəaliyyət göstərir".
Ekspertin fikrincə, ölkədə valyutadəyişmə məntəqələrinin fəaliyyəti zəruridir: “Buna yalnız iş yerinin açılması kontekstindən baxmaq doğru deyil. Burada insanlar üçün sərbəst valyuta mübadiləsi imkanın yaradılması mühüm rol oynayır. Banklar, poçtlar şənbə-bazar işləmirlər, ən yaxşı halda hər bankın Bakı şəhərindəki bir filialı işləyir, amma valyutadəyişmə məntəqələri işləyirdilər. Eyni zamanda valyutadəyişmə məntəqələri geniş arealda yayılmışdı, bu da insanların mübadiləyə əlçatanlığını təmin edirdi. Bu baxımdan, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası zəruridir. Amma indiki şərtlər daxilində bunu real saymıram, hökumət valyuta bazarındakı sabitliyi saxlamağa çalışır. Dollara tələbatın artdığı bir zamanda buna imkan veriləcəyini gözləmirəm. Əlbəttə, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin mənfi tərəfləri də vardı. Böyük həcmdə vəsaitlər bank sisteminə daxil olmadan dövr edir, daha sonra irihəcmdə valyuta ölkədən çıxarılırdı. İndiki qanunvericilikdə bu məsələ ilə bağlı nəzarət tədbirləri sərtləşdirilib, yeni mexanizmlər tətbiq olunub. Lakin yeni valyutadəyişmə məntəqələri fəaliyyətə başlamadığından onların nə qədər effektiv olduğunu müəyyənləşdirmək mümkün deyil”.
“Yeni Müsavat”