Azərbaycanda dərman qıtlığı: İstehsal müəssisələrində vəziyyət necədir? - AÇIQLAMA
1-07-2020, 14:12
Epidemiyanın dünyanı cənginə aldığı bir vaxtda Azərbaycanda apteklərdə dərman çatışmazlığı yaranıb.
Xüsusilə immuniteti gücləndirəcək dərmanların yoxluğu ilə bağlı məlumatlar yayılmaqdadır.
Qeyd edək ki, Azərbaycanda son illərdə İran və Rusiya ilə əməkdaşlıq çərçivəsində dərman istehsal edən müəssisələr yaradılıb. Ötən ilin dekabrında Pirallahı Sənaye Parkında İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib.
Belə olan təqdirdə ölkəmizdə dərman qıtlığının yaranmasının səbəbi nədir? Ölkəmizdə fəaliyyət göstərən müəssisələrdə dərman istehsalı hansı səviyyədədir?
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkəmizdə tikintisinə başlanan dərman istehsalı müəssisələrindən bir hissəsi ümumiyyətlə, fəaliyyətə başlamayıb, digər bir qismi isə sadə dərman pereparatlarının hazırlanması ilə məşğuldur:
“Ümumiyyətlə, Azərbaycanın daxili tələbatını ödəyəcək farmofabrik hələ fəaliyyətə başlamayıb. Ölkə tələbatının 90-95 faizi idxal olunur. Rusiya və İranla müqavilələr imzalansa da, bu istiqamətdə ciddi nəticələr əldə edilməyib. Bu istiqamətdə Azərbaycan hökumətinin tərəfdaş seçimində problem görürəm. Dünyada nə İran, nə də Rusiya dərman istehsalında favorit hesab olunan ölkələr deyil. Ona görə də arzuolunandır ki, Azərbaycan dünyanın öncül dərman istehsalçıları olan ölkələrlə tərəfdaşlıq etsin, bu İsrail, qardaş Türkiyə, İtaliya, Almaniya ola bilər. Hətta Hindistanla əməkdaşlığımız da bizə daha çox uğur gətirə bilər, nəinki Rusiya və İranla”.
İqtisadçı deyir ki, Rusiya və İranda əhali öz seçimində yerli istehsala üstünlük vermir:
“İranda idxala kvota qoyulub ki, əhali yerli məhsulları alsın, amma vətəndaşlar hər vəchlə idxal məhsullarına üstünlük verməyə çalışır, Rusiya bazarında isə xarici dərman preparatları kifayyət qədər çoxdur və əhali yerli istehsalın keyfiyyətinə etibar etmir”.
Azərbaycanda istehsal olunan dərman preparatlarının keyfiyyətinə gəlincə, Akif Nəsirli deyir ki, ölkədə müəyyən dərman preparatları istehsal olunur:
“Hətta Pirallahıda saxta dərman preparatları da istehsal olunur. Yəni aşağı keyfiyyətdə istehsal olunduğu üçün onu idxal məhsulu kimi saxtalaşdırıb satırlar”.