Neftdən itirdiklərimizi qazımız kompensasiya edəcək
3-07-2020, 11:16
İlham Şaban: “Neft enerji bazarından çıxmaq üzrədir, qazın isə gələcəyi qabaqdadır”
Koronavirus pandemiyasının yaratdığı böhran dünya neft bazarında daha ağır hiss olundu. Bazar hələ də böhranın təsirləri ilə dalğalanmaqdadır. Mart ayının əvvəlində həm də iri neft hasilatçıları arasında başlanan gərginlik bazara mənfi təsirini göstərib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Brent neftinin orta qiyməti apreldə 27,1, mayda isə 32,5 dollar olub, iyunun ilk yarısında 40 dollara qədər yüksəlib.
Neft bazarındakı mənfi proseslər hasilatçı ölkə kimi Azərbaycana da təsirsiz ötüşməyib. Bu ilin may ayında ölkədən 1 milyon 933 min ton (13.7 milyon barel) neft ixrac edilib. Hər barelin orta ixrac qiyməti 18,2 dollar təşkil edib. May ayında xam neft ixracından ölkəyə ümumilikdə 250 milyon dollar daxil olub. Halbuki mart ayında neftin orta qiyməti 55 dollar, ötən il isə 64,4 dollar olub.
Ekspert hesablamalarına görə, neftin 1 dollar qiymətinin azalması gün ərzində ölkəmizin 640 min dollar itirməsi deməkdir. Ötən il üçün neftin orta illik qiyməti 64,4 dollar olub. Bu, hətta 2018-ci illə müqayisədə 9,6 faizlik azalma deməkdir. Ekspertlər bu ssenari üzrə hesablamalar aparmaqla yarım illik itkimizin miqdarının 2,6 milyard dolları ötəcəyini bildirirlər. Bu isə illik təxminən 5 milyard dollarlıq bir itki həddi deməkdir. Azərbaycanın neft qiymətinin ucuzlaşmasından itirdiklərini qaz satışını artırmaq hesabına kompensasiya edə bilərmi?
Rəsmi məlumatlara görə, bu ilin 5 ayında Dövlət Neft Fondunun “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan gəlirləri 66 milyon dollar təşkil edib. Hətta neftin aşağı qiyməti şəraitində belə neft satışından daxilolmalar bundan 30 dəfəyə qədər çox - 1 milyard 986 milyon dollar təşkil edib.
Azərbaycandan neft-qazın ikinci ixracatçısı olan SOCAR 2019-cu ildə) xam neftin satışından 51,1 milyard manat, təbii qazın satışından isə 4,1 milyard manat gəlir əldə edib. Bu zaman qaz gəlirlərində 25 faiz artım qeydə alınıb.
Düzdür, Azərbaycanın qazını Avropa bazarına çıxarmaq üçün təşəbbüskarlıq edərək başlatdığı Cənub Qaz Dəhlizi layihəsi başa çatmaq üzrədir. 40 milyard dollara yaxın dəyəri olan layihənin ən mühüm komponenti olan TransAnadolu Qaz Boru Kəməri (TANAP) iki ildir istismara verilib. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Bu ilin iyunun 29-dək kəmər vasitəsilə Türkiyəyə 5,8 milyard kubmetrə yaxın qaz çatdırılıb.
Bu ilin yanvar-may aylarında ümumilikdə Azərbaycan 1 milyard 38 milyon 426,88 min dollar dəyərində 5 milyard 461 milyon155,75 min kubmetr təbii qaz ixrac edib. APA ekspertlərinin hesablamalarına görə, bu ilin beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,14 faiz, həcmi isə 11,38 faiz çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycan 2 milyard 366 milyon 833,7 in dollar dəyərində (57,9 faiz artım) 12 milyard 537 405,17 min kubmetr (58,7 faiz artım) təbii qaz ixrac edib.
Göründüyü kimi, Azərbaycanın qaz ixracatı artır. Lakin qaz bazarı da böhrandadır. Pandemiyanın təsiri ilə neft qiymətlərinə bağlı olan qaz qiymətləri də sürətlə ucuzlaşır. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) proqnozuna əsasən, bədbin ssenariyə görə, bu il təbii qaza olan qlobal tələbat 6 faiz azalacaq. Nikbin ssenariyə əsasən isə qlobal qaz tələbatının 2,8 faiz azalacağı gözlənilir.
Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, artıq neft bazarında müşahidə olunan ucuzlaşmanın qlobal qaz bazarına öz təsirini göstərməkdədir: “Spot bazarında qazı qiyməti 70 dollara qədər ucuzlaşıb. Bu vəziyyət yalnız Avropa və ABŞ bazarında deyil, Asiya bazarında da müşahidə olunur. Hətta ABŞ bazarında artıq iki aydır qazın qiyməti 65-70 dollar ətrafında dəyişir. Bu ucuzlaşma normal qəbul edilməlidir. O baxımdan ki, qazın qiyməti neftin qiymətinə bağlıdır. Adətən neftin qiymətindəki dəyişiklik 6 aydan sonra qazın qiymətində hiss olunur. Lakin bu il təsir koronavirus pandemiyasının yaratdığı böhran nəticəsində daha tez hiss olundu. Qazın qiymətinin ucuzlaşmasının tək səbəbi bu deyil, hədsiz isti keçən iqlim şəraiti də mart ayının əvvəlindən qazın qiymətində enməyə səbəb olmuşdu. Təsəvvür edin ki, Bakı şəhərində aprel ayının sonunadək kombilər yandırıldı. Amma Avropada martın əvvəlində istilik sistemindən ayırılıblar. Ukraynada martın 22-dən anbarlara qaz vurmağa başlayıb. 2019-cu ildə Avropada qaz anbarlarında rekord həcmdə qaz toplanmışdı.Yəni məhsul boldur, təklif çoxdur, tələb isə kəskin şəkildə azalıb. Qazı ən çox harada istifadə edirlər - sənayedə. Avropada, ümumiyyətlə, məişətdə qazdan istifadə etmirlər. Pandemiyanın yaratdığı şəraitdə sənaye aylarla durğunluğa məhkum olundu. Nəticədə həm qaza, həm də ondan alınan elektrik enerjisinə tələbat kəskin azaldı. Hazırda bu bazarda istehsalçılar üçün ciddi böhran var. Bunun qaz bazarının oyunçularına təsirini dünyanın ən böyük qaz ixracatçısı olan ”Qazprom"un timsalında görmək olar. Bu şirkət tarixində ilk dəfə bu ilin birinci rübündən böyük zərərlə çıxdı. Qaza tələbatın artması ilk növbədə qlobal iqtisadiyyatın, sənayenin bərpasından asılıdır. Bu proses nə qədər sürətlə getsə, qaza tələbat da o qədər sürətlə artacaq".
Ekspert bildirir ki, dünya qaz bazarında həm də maye qazın payı sürətlə artır: “Yaxın illərədək maye qazın qiyməti boru qazından 2 dəfəyə qədər baha idi. Amma indi artıq xeyli ucuzdur. Bazarda yaranan bu konyuktura Türkiyənin qaz bazarındakı dəyişikliklə daha açıq görünür. Mart ayında bu ölkənin aldığı maye qazın həcmi boru qazından çox olub. Ölkə Rusiyadan qaz alışını 7 dəfə azaldıb”.
İ.Şabanın fikrincə, qaz bazarına dünya enerji bazarının tərkib hissəsi kimi baxmaq lazımdır: “2010-2014-cü illər dünya enerji bazarının dəyər baxımından pik dövrü idi. 2014-2019-cu illərdə bu dəyərin təxminən 45 faiz ucuzlaşmasını müşahidə etdik. 2020-2025-ci illərdə qiymətlərin daha 10-15 faiz ucuzlaşması müşahidə olunacaq”.
Maye qazın bazar payının sürətlə artması Azərbaycanın boru qaz layihələrinin perspektivinə necə təsir göstərəcək? Ekspert bildirir ki, bu məsələdə ciddi ümidsizliyə əsas yoxdur: “Biz ötən il qaz ixracatımızı son 4 il üzrə 50 faiz artırmağa nail olmuşuq - TANAP-a görə. Nəzərə almaq lazımdır ki, TANAP hələ öz layihə gücünə çatmayıb. Türkiyə müqavilə öhdəliklərinə tam əməl edir - Rusiyadan, İrandan boru qazının alışını azaldır, bizdən artırır. Pandemiyanın təsirinə görə təxirə salınmasa, bu ilin sonuncu rübündə Azərbaycan qazının Avropa bazarına çıxarılmasına başlayacağıq. Neft hazırda enerji bazarında ömrünü başa vurmaq üzrədir, qaz isə hələ mövqelərini təzə möhkəmləndirir. Hazırda enerji balansında qazın payı kömürdən də azdır. Amma orta və uzunmüddətli perspektivdə dünya enerji balansında qazın birinci yerə çıxması gözlənilir. Düşünürəm ki, uzunmüddətli dövrdə qazımızın orta qiyməti 250 dollar civarında olacaq. Azərbaycanın qaz layihələri imzalananda orta qiymət 400 dollara çatırdı. Bu baxımdan, ola bilsin ki, alınan kreditləri qaytarmaq üçün daha uzun müddət tələb olunsun. Lakin əsas odur ki, bizim neftdən əlavə də davamlı gəlir mənbəyimiz olacaq. 2050-ci ilədək bizim neftdən ümumilikdə əldə edəcəyimiz gəlir təxminən 250 milyard dollar civarında olacaq. 2060-cı ilədək qaz gəlirlərimiz isə təxminən 150-160 milyard dollar ola bilər”.cia.az/