"İnanmayanlar gec-tez o çarpayıda yatacaq" - Ölümün bir addımlığında: Koronavirus klinikasından VİDEOREPORTAJ
3-07-2020, 17:12
"İnanmayanlar gec-tez o çarpayıda yatacaq" - Ölümün bir addımlığında: Koronavirus klinikasından VİDEOREPORTAJ
Tarix: Bu gün, 15:48 | Çap et
"İnanmayanlar gec-tez o çarpayıda yatacaq"
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs…” deyə səs gəlir.
Bura COVID-19 virusuna yoluxmuş xəstələrin müalicə aldığı və pandemiya dövründə açılmış “Yeni klinika”dır.
Tibbi kombinezon, əlcək, maska və eynək...
Düzü, xəstəxanada müalicə alan koronavirusa yoluxmuş xəstələri çəkəcəyimizi düşünəndə bir anlıq həyəcanlandım. Halbuki pandemiyanın ilkin dövründən başlayaraq, bir çox həmkarlarım kimi, bu aktual mövzunu işıqlandırmağa başlamışam.
Epidemiyanın ölkəmizdə də qeydə alınması və görülən önləyici tədbirlərə baxmayaraq, hələ də vətəndaş məsuliyyətsizlindən yoluxanların olması istər əhali arasında, istərsə də sosial mediada əsassız məlumatların yayımlanması içimdə hər şeyi öz gözlərimlə görmək istəyi və koronavirus gerçəklərinin yoluxmuş şəxslərin fikirləri əsasında reportaj yazmaq arzusu oyatdı.
Bu istəyin izi ilə “Yeni klinika”dayıq.
Məqsədimiz müalicə alan xəstələrin vəziyyəti ilə tanış olmaq, fədakar həkimlərin onların həyatı üçün mübarizəsini görmək və vətəndaşlara hələlik çarəsi tapılmayan bu bəladan xilas yolunu göstərməkdir.
İlk olaraq kombinezon tipli geyimi geyinir, əlcək, maska və eynək taxırıq. Artıq ətrafa eynəkdən baxdığım andan istilik hiss edirəm, bayaq rahat nəfəs alırdımsa, indi sanki boğuluram.
Geyim üçün mənə kömək edən xanım bu vəziyyətimi görüb söhbətə başladı:
“Biz hər gün bu geyimdə fəaliyyət göstəririk. 8, 10, 12 saat, hətta daha çox vaxt bu geyimlərdə oluruq…”
Daha deməyə söz tapmıram. Əbəs yerə onlara “görünməyən qəhrəmanlar” deyilmir.
Xırıltılı səs, danışa bilməmək...
Stasionar müalicə alan xəstələrin yanına qalxırıq.
Palatada xırıltılı səslə danışan xəstələr bir-biri ilə özləri, ailələri barədə söhbətləşirdilər.
Onlara yaxınlaşırıq.
Xəstə R.Z. (Ad şərtidir – red.) heç kimə bu vəziyyətə düşməyi arzu etmir:
“Hiss etdim ki, təngnəfəslik, halsızlıq yaranıb. COVID-19 testi verdim və nəticəm müsbət çıxdı. Heç kimə bu vəziyyətə düşməyi arzulamıram. Danışa bilmirdim, nəfəsim çatmırdı. Bir həftədir buradayam. Haradan yoluxduğumu bilmirəm. İndi danışa bilirəm. Şükür, ailəmdə yoluxan yoxdur. Ən çox evdəkilər üçün darıxıram, ancaq görüntülü danışıram”.
Koronavirus xəstəsi həkimlərin onlara diqqət və qayğısından da razıdır:
“Bütün gün bizi müalicə edir, sağlamlığımızın keşiyində dayanırlar. Onların sayəsində indi danışa bilir, nəfəs alıram, bir şikayətim yoxdur. Hər kəs inansın, evdə qalsınlar, məcburiyyət qarşısında qalanlar çölə çıxsınlar”.
Həkim: “İnsanlar məsuliyyətsizlik etdikcə, xəstə sayı artacaq”
Həkim-infeksionist Dilman Əhmədovla söhbətləşirik.
Həkimin sözlərinə görə, artıq xəstəxanada müalicə alan şəxslərin sayı artıb:
“İlk vaxtlar simptomu nisbətən az olan şəxslər müayinə edilirdi, indi isə vəziyyət çox pisdir. Artıq bir aydır ki, xəstələr ağır şəkildə gəlirlər. Əvvəllər çox az şəkildə oksigenə ehtiyac olurdu. Məsələn, 20-30 xəstə buraya gətirilirdisə, onun iki-üçünə oksigen aparatı lazım olurdu. İndi isə 30 xəstə varsa, onun 17 nəfəri oksigen aparatına bağlıdır”.
Elə həkimin də dediyi kimi, pandemik vəziyyət ciddiləşib. Ümid edirik ki, bundan sonra yaxşılığa doğru gedər. Amma bunun üçün ilk növbədə vətəndaşlar çalışmalıdır. Bəzi insanlar vəziyyətin ciddiliyini anlamırlar, sosial məsafəni gözləmir, küçələrdə gəzirlər.
Həkim-infeksionist bildirib ki, bu xəstəliyin riskini başa düşmək lazımdır:
“İnsanlar məsuliyyətsizlik etdikcə, xəstə sayı artacaq. Xəstəxanada xəstələrin təminatı baxımından hər şey qaydasındadır. Müalicələri davam etdirilir.
Xəstəxanaya gətirilən şəxslərin yaş kateqoriyası da dəyişib. Əvvəllər gələnlərin əksəriyyəti yaşlı insanlar idi, indi cavanlar da var. Burada 20 yaşlıdan tutmuş orta yaşlılara qədər xəstələrimiz var”.
“Bizim gücümüz tükənəcək”
D.Əhmədov mart ayından doğmalarını görmür.
“Biz çətinlik çəkirik, mart ayının sonundan mən evə getmirəm. Sağlamlığım icazə verənə kimi xəstələrin qulluğunda dayanacam. Ağır xəstə sayı artdıqca, bizim gücümüz tükənəcək. Vəziyyəti ağır olan xəstəni sağaltmaq üçün daha artıq vaxt tələb olunur, bu zaman başqa xəstəyə baxmağa vaxt azalır.
Xəstə var ki, ağırdır və təyinatları daha çoxdur, xəstə var ki, simptomları yüngüldür. Onların gündəlik təyinatları azdır. Xəstələrin xəstəxanadan çıxması vaxtı onun vəziyyətindən asılıdır. Yaxma götürülür, nəticə neqativ olarsa, müəyyən yoxlamadan sonra buradan çıxmağa icazə verilir.
Hələlik müalicəsini başa çatdırmış xəstələrdən səhhətindən şikayət edən, geri dönən olmayıb”, - deyə D.Əhmədov qeyd edib.
Dilman həkim də bu isti yay günündə belə geyimdə işləməyin çətinliyindən danışdı.
Qeyd edək ki, həkimlər burada iş növbəsindən sonra yaşadıqları evdə deyil, onlar üçün ayrılan xüsusi yerlərdə qalırlar.
Həkim əlavə edib ki, koronavirusla bağlı dörd dəfə analiz verib, cavab neqativ olub.
Ölümün bir addımlığı, “Ata, nə zaman gələcəksən?”
Əsas məsələ yaxşı qorunmaqdır. Məsuliyyətsizlik etməsək, yoluxmarıq.
Daha bir xəstə - A.B. (Ad şərtidir – red.) ilə danışırıq. Digər xəstələr kimi, çətinliklə nəfəs alır. Lakin başı ilə “hə” işarəsi ilə danışmağa razı olduğunu bildirir. O deyir ki, heç təsəvvür etməzdi ki, bu virusa yoluxar.
Pandemiyanın ilk günlərindən hamı kimi gigiyenik qaydalara əməl edib. Qəfildən halının pisləşməsi ilə həkimə müraciət edib. Çətinliklə də olsa, aramla danışığı istər-istəməz duyğulandırır məni.
A.B. 12 gündür burada müalicə alır:
“10 gün idi, süni nəfəs aparatında idim. İki gündür ki, aparat çıxarılıb. İnana bilməzdim ki, o çətin günləri arxada qoya bilərəm. Həyatdan əlimi üzmüşdüm. Həmişə qorunmuşam. Necə oldu, bilmirəm. Temperaturum qalxdı, halsız oldum. Test götürdülər. Nəticəsi müsbət çıxdı və müalicə üçün buraya gətirildim”.
Həmsöhbətim danışdıqca, onun gözlərindəki həyat işartısı diqqətimi çəkir. Ölümün bir addımlığından qayıtdığını deyən A.B. hamıya səslənir:
“Bu xəstəliklə zarafat etməyin, mütləq şəkildə özünüzü, ailənizi qoruyun ki, yolunuzu buradan salmayasınız. İndi ən böyük arzum tam sağalıb yaxınlarıma qovuşmaqdır”.
Digər bir xəstə ilə söhbətləşirik. O, üç dəfə test versə də, nəticə neqativ çıxıb:
“Sonra kompüter tomoqrafiyası etdilər, əvvəlcə ağciyərimin 25 faiz, daha sonra 50 faiz tutulduğu bildirildi. Artıq buradayam. Bu xəstəliklə mübarizə çox çətindir.
İnsanlara səslənirəm, çağırış edirəm, sosial məsafəni saxlayın, sağlamlığınızın qeydinə qalın, yoxsa bu bəlaya düçar olacaqsınız, inanın, burada yaşamaq uğrunda mübarizə aparmaq çox çətindir.
Ümid edirəm ki, tezliklə ailəmin yanına qayıdacam. Kiçik qızım var, onunla danışanda kövrəlirəm. Səbirsizliklə yolumu gözləyir”.
Elə bizimlə həmsöhbət olan zaman da qızı ilə danışmağa cəhd etsə də, “Ata, nə zaman gələcəksən?”, - sualına cavab tapmayıb, ağlayır.
Göz yaşları, yardım çığırtıları, yaşamaq üçün mübarizə
Bəli, bu xəstəlik bir bəladır. Bunu sözlə ifadə etmək olmur. Xəstəxanada müalicə alanlar yaşamaq uğrunda mübarizə aparırlar. Onların üzlərinə baxan zaman bu xəstəliklə mübarizədə çəkdikləri bütün ağrıları hiss etmək mümkündür.
Xəstəxanada ər-arvad da müalicə alır. Onlar Şəmkir rayonundadırlar. Evdə vəziyyətləri pisləşdiyi üçün test veriblər, nəticələr müsbət olduğu üçün onları buraya yerləşdiriblər. Artıq on gündür burada müalicə alırlar.
Qadın təmkinlə bizimlə necə yoluxmasından və burada necə müalicə edilməsindən danışdı. Əri isə aldığı ağır nəfəslə danışmağa cəhd etsə də, suallarımızı cavablandıra bilmədi. O, danışmağa cəhd etdikcə, qadın ondan narahat olurdu. Bəlkə də, buna səbəb günlərlə nəfəs almasında yaranan problem idi.
Söhbətləşdiyimiz bu xəstələr vəziyyətləri digərlərinə nisbətən yaxşı xəstələr idi.
Qalxırıq reanimasiya şöbəsinə.
Elə addımımızı şöbəyə yenicə qoymuşduq ki, uca səslə eşitdiyim iniltiyə ayaqlarım titrəyir, ürəyim bərk döyünür. Boğazımda düyünlənmiş qəhər məni boğmağa başlayır. Çətin ki bir də o səsi unudum.
Bu əzabı çəkən 17 yaşı qız idi.
Həkimlər deyir ki, artıq dörd gündür ki, komadadır. Sağalma ehtimalı azdır.
“Ancaq onun yaşaması üçün əlimizdən nə gəlirsə, edirik”, - deyirlər.
“Müharibə”, ailəsinə 92 gündür həsrət qalan həkim
Onlar süni nəfəs aparatlarından asılı, yaşamaq uğrunda mübarizə aparırlar. Biz bu xəstəliklə mübarizəni “müharibə” adlandırsaq, yanılmarıq. Elə ön cəbhədə də həkimlərdir.
Həkim Kəmalə Namazova deyir ki, indiyə kimi xəstəxananın reanimasiya şöbəsində 220 xəstə müalicə alıb:
“Son bir ay ərzində bura gələn xəstələrin sayı hədsiz-hesabsızdır. Reanimasiya şöbələrində artıq boş çarpayılar tapılmır. Gələn xəstələr arasında cavanların sayı artır”.
Həkim deyir ki, koronavirusla bağlı unudulacaq heç nə yoxdur:
“Bu virusla bağlı mübarizə, keçirdiyimiz hər bir an və həyəcan ömürlük bizim yaddaşımıza həkk olundu. Hər gün reanimasiya şöbəsində üz-üzə gəldiyim insanlar bir də görürsən ki, vəfat edib. Xəstə yaxını qədər biz də ağlayırıq, pis oluruq. Bu günləri biz heç vaxt unuda bilmərik.
36 yaşlı bir xəstəmiz vardı. Onu itirəndə bütün kollektiv ağladı. Ailəsi qədər üzüldük. Heç bir yaşadığımız hadisəni unuda bilmirik. Zaman keçəcək, COVID-19 bitəcək, amma burada pandemiyanın bizlərə göstərdiyi psixoloji təsiri heç vaxt unudulmayacaq”.
92 gündür ailəsinə həsrət qalan bu həkim özü də elə burada koronavirusa yoluxub.
O bildirib ki, ailəsi ilə yalnız görüntülü danışır:
“Yorulsaq da, bu, bizim işimizdir, xidmətimizdir. Hər bir xəstəyə diqqət göstəririk. Onların sağlamlığı üçün mübarizə aparırıq. Orada yatan mənim də yaxınım ola bilər. Sağaltmağa çalışdığımız xəstələr kiminsə valideyni, atası, anasıdır. Mənim 10 qohumum bu virusa yoluxub. Biz xəstələri müalicə etməklə, heç bir fərq qoymadan mübarizə aparırıq”.
K.Namazovanın təmiz hava qəbul edəcəyi tək yer xəstəxananın bu eyvanıdır. O deyir ki, otaqlara dolmuş xəstələrin fəryadı onlara dinclik vermir.
Deyir ki, gözü açıq olub, adını, harda olduğunu unudan xəstələr ən çox də “su, boğuluram, məni ölməyə qoymayın, yardım edin...” sözlərini deyirlər.
Həkimlər xəstələrə çox su da verə bilmir. Çünki xəstə çox su qəbul etdikdə həmin su diafraqmalarını sıxır və onların nəfəs almaları daha da çətinləşir.
“Ölməyə qoymayın”, “Kömək edin”
Cərrah Murad Məmmədli bir aydır ki, koronavirusla mübarizədə öz həmkarları ilə birlikdə çalışır.
O deyir ki, bu xəstəliyə tutulmaq məsuliyyətsizlikdən irəli gəlir:
“Bizə xəstələrin bir sözü olur: “Ölməyə qoymayın, kömək edin”. Bura gələn zaman vəziyyətləri çox ağır olur. Əlimizdən gələni edirik ki, onlar normal vəziyyətlərinə qayıtsınlar. İki cavan oğlanın ölümünü heç vaxt unutmayacağam. Vəziyyətləri çox ağır şəkildə idi. Onlar üç-dörd gün burada həyat və ölüm arasında mübarizə aparırdılar. Ölən zaman reanimasiyanın bütün həkimləri ağladı”.
Burada keçirdiyimiz üç saat sanki bir ay kimi gəldi bizə. İçində istiləndiyimiz geyimi soyunuruq, artıq eynəklər də tərləyib, çətinliklə çıxarıram. Bu üç saatda hər gün saatlarla həkimlərin bu geyimdə necə işləmələrinin əziyyətini, keçirdiyi həyəcan, sevinc və üzüntüləri hiss etmək çətin deyil.
Gündən-günə artan koronavirus xəstələri, yaşam və ölüm arasında mübarizə...
Onların isə arzusu birdir: Xəstələrlə birgə pandemiyaya “Əlvida” demək və ailələrinə qovuşmaq.
Yəqin ki, yazım saytımızda yayımlanan zaman bu rəqəm dəyişəcək. Buna görə indiki statistikanı qeyd etmirəm.
Burada hər anın öz hökmünün olduğu, ölümün bir nəfəs qədər yaxınlığını iliklərinə qədər hiss edirsən.
Gəlin, birlikdə mübarizə aparaq. Bu bəladan özümüzü və yaxınlarımızı qoruyaq. Axı bunu etmək çətin deyil. Sosial məsafə, gigiyenik qaydalar, kütləvi toplaşmamaq...