“Əli İnsanov təqib olunmasında Ramiz Mehdiyevi günahlandırırdı” – sabiq deputat 15 il öncənin sirrini açdı

3-07-2020, 18:48           
“Əli İnsanov təqib olunmasında Ramiz Mehdiyevi günahlandırırdı” – sabiq deputat 15 il öncənin sirrini açdı
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov unikal.org saytına geniş müsahibə verib. O müsahibəsində sabiq səhiyyə naziri Əli İnsanov barədə ilginc faktlar açıqlayıb.

Öncəliklə deputat YAP-dan sabiq nazirin Haqq Ədalət Partiyasına üz tutanların olduğu barədə deyilənləri təkzib edib: “Elə bir şey yoxdur. Beyləqan rayon təşkilatının sədri vardı, biz onu hələ 15 il bundan qabaq uzaqlaşdırmışdıq. Bir odur, bir də Nəsimi rayon təşkilatından bir-iki nəfər. Onlardan başqa YAP-dan onun yanında heç bir şəxs yoxdur”.

Daha sonra S.Novruzov Ə.İnsanovun bir zamanlar hakim partiyanın sütunlarından biri olduğu barədə dediklərinə münasibət bildirib: “Qəti şəkildə elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Allahverdiyev, Hacıbala Abutalıbov, Asya Manafova - bunların qarşısında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da”.

Müsahibənin sonunda S.Novruzov Ə.İnsanovun nazir olarkən istefa ərizəsi yazdığı, lakin qəbul olunmadığı barədə söylədiklərinə münasibət bildirib və bu zaman şok bir hadisəni nəql edib: “Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahiddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək çıxış eləmək istədiyini dedi.

Prezidentə dedi ki, məni müdafiə edin, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsələni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdə xahiş elədi ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova və mən otaqda oturmuşduq.

Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm. İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram”.

S.Novruzovun bu açıqlaması maraqla qarşılanıb. Bununla bağlı “Yeni Müsavat” YAP-ın qurucularından sayılan, sabiq deputat, Xızının keçmiş icra başçısı Maksim Musayevin fikirlərini alıb.

M.Musayev S.Novruzovun dediklərini tam təsdiq edə bilməsə də, açıqladığı yeni faktlar oldu: “Açığı bu barədə dəqiq məlumatım yoxdur. Çünki İdarə Heyətinin üzvü olmamışam. Amma bəzi şeylər deyə bilərəm. O zaman Zahid Qaralov İdarə Heyətinin üzvü idi. O həmişə iclaslardan çıxanda orada nələrin baş verdiyini mənə deyirdi. Amma bu barədə mənə nəsə deməyib. Onunla biz YAP yaradılanda ciddi işlər görmüşük. Sizə ilk dəfə bir fakt açıqlayacam. İndiyə qədər bu barədə heç kimə danışmamışam. Amma sizə deyəcəm. Dediklərimi gərək Əli İnsanov gizlətməyəydi. 2005-ci ildə ya may, ya da iyun-iyul ayları idi. Tam dəqiq yadımda deyil.

Əli İnsanov o vaxt mənə zəng etdi. İş yerinə dəvət elədi. Səbəbini soruşdum. Dedi ki, çox xahiş edirəm, gəl. Səhər saatları idi.

Onun iş yerinə getdim. Özü bir az gecikdi. Katibə mənə dedi ki, oturun bir azdan gələr. Ona tapşırıq verib ki, gələndə otağıma burax. Onun otağına girmədim. Gələndən sonra katibəyə acığı tutdu ki, içəri buraxmağı sənə deməmişdim. O da təbii ki, mənim otağa özümün girmədiyimi dedi. Birlikdə otağa daxil olandan sonra dəvətinin səbəbini bir daha soruşdum. Dedi ki, mənim başıma hansı oyunları açmaq istədiklərini bilmirsən. Bildirdim ki, partiya iclaslarına nadir hallarda çağırırlar. Bu səbəbdən çox şeylərdən məlumatsız olduğumu dedim. Əli İnsanov dedi ki, vaxtın varsa, bir məktub oxuyacam. 2-3 səhifəlik məktub oxudu.

Onu ya öldürəcəklərini, ya da həbs edəcəklərini dedi. Bütün bunların başında isə Ramiz Mehdiyevin dayandığını söylədi. Dedim ki, Əli, bununla nə demək istəyirsən? Bildirdi ki, səndən başqa bunu 2-3 adama da oxumuşam ki, işdir, birdən başıma nəsə gəlsə, bilin ki, bunu edən Ramiz Mehdiyevdir. Açığı bunu ciddi qəbul etmədim. Bu görüşdən bir neçə ay sonra o həbs ediləndə birdən yadıma düşdü ki, axı mənə məktub oxumuşdu. O dövr çox mürəkkəb idi. Partiya üçün əməyi keçməyənlər orada əsas yerləri tutmağa başladılar”.

M.Musayev YAP iclaslarında Əli İnsanovun özünü necə aparmasından da danışdı: “O iclaslarda tənqidi çıxışlar edirdi. Təkcə o belə çıxışlar etmirdi. Yaxşı yadımdadır ki, iclasların biri indiki Heydər Əliyev sarayında keçirilirdi. Mən qabaq sırada oturmuşdum.

İclasda ölkədə problemlərin olmasına baxmayaraq bu dilə gətirilmirdi. Birdən arxadan qışqırıq eşitdim. Səs mənə tanış gəldi. Bu Həsən Mirzəyev idi. Çox sərt formada çıxış etdi və problemlərdən danışdı. Orada fikirlərinin hamısını Ramiz Mehdiyevə yönləndirdi ki, burada düzgün yol yoxdur. Mən də deyərdim ki, hazırda respublikanın bu vəziyyətə düşməyində Ramizin çox böyük günahları var. Mən onu 70-ci illərdən tanıyıram. O vaxt komsomolda işləyirdim. Enyanora Petrosova var idi, təbliğat şöbəsində işləyirdi. Ramizi o tapıb gətirmişdi. Ramiz Mehdiyevin hədsiz dərəcədə kasıb vaxtları idi. Hətta elə vaxt olurdu ki, ona yazığım gəlirdi. Onun uşaqları ilə mənim övladlarım eyni bağçaya gedirdilər. Mənim evim var idi, amma o yataqxanada qalırdı.

Təsəvvür edin, uşaqlarının dizləri yamaq formasında idi. Onun həyat yoldaşı çox qoçaq insandır. “Bisetka”da corab toxuyurdu.

Valideynlər uşaqlarını götürməyə gələndə stolun üstünə qoyurdu və deyirdi ki, istəyirsiniz, götürün. Kasıb olmaq eyib deyil.

Sadəcə onu demək istəyirəm ki, bunun əvvəli belə olub, sonradan acgözləşdi. Bir fakt da deyim. Mən Xızıda işlədiyim vaxtlar ağır dövr idi. 11 min məcburi köçkün gəlmişdi. Onların övladlarına uşaq bağçası saldırmaq üçün o zaman baş nazir işləyən Həsən Həsənovun yanına getdim. Dedim ki, mənim üçün bir bağça plana sal. O da bunu etdi. 6 ay içərisində o bağçanı tikdirdim. 5-6 il bundan qabaq Xızıya gedəndə qabağımı kəsdilər. Çünki oranın 10 il deputatı olmuşam. Onlardan soruşdum ki, nə məsələdir. Dedilər ki, Ramiz Mehdiyev uşaq bağçasını əlimizdən alıb. Onlara açığı acığım tutdu. Dedim ki, o heç vaxt uşaq bağçasını sizin əlinizdən almaz. Əminliklə dedilər ki, artıq ştatlarımızı ləğv ediblər. Ağlıma gəlməzdi ki, məcburi köçkünlərin uşaq bağçasını mənimsəsin. Bu məni çox incitdi. Çünki bağça üçün çox əziyyət çəkmişdim. Bir neçə nəfərdən Ramiz Mehdiyevin doğrudan da uşaq bağçasını mənimsəməsinin doğru olub-olmadığını soruşdum. Hər kəs bunu təsdiqlədi. Hətta dedilər ki, indiki icra başçısı bağçanı ona verib. Adama deyərlər, axı sənin nəyin əskikdir? Qızıl Qazmada 4 hektarda böyük bir villa tikib. Vertolyotla gedib açılışını edib, gələndən sonra bağçanın qarşısında dayanıb deyib ki, ora nə yaxşı yerdir. Deyiblər ki, bağçadır. Amma buna baxmayaraq, qızının adına rəsmləşdirib”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.