Məhdudiyyətlərin insanlara PSİXOLOJİ TƏSİRİ: - Maddi sıxıntı, xəstəlik, cinayətə meyllilik...
10-08-2020, 15:34
“Postpandemiya dövründə də insanların davranışında aqressivlik müşahidə olunacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dövrünün insanlara psixoloji təsirlərini dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı deyib.
Fərqanə Mehmanqızının sözlərinə görə, mövcud şəraitdə insanlarda ciddi psixoloji travmalar və aqressiya yaradan hallar çoxalıb:
“Pandemiya dövrü əksər insanlarda müəyyən psixoloji problemlər yaradıb. Bu problem sadəcə, maddi durumu aşağı olan insanlar üçün xarakterik deyil. Çünki maddi durumu yaxşı olan insanların da işlərinin dayanması psixoloji təsirlərə səbəb olub.
Pandemiya dönəmində panik-atak, obsessiv-kompulsiv pozuntu, aqressiv depressiya kimi xəstəliklər özünü daha çox büruzə verib. Çünki məhdudiyyətlərin tətbiq olunması, maddi çətinliklərin yaşanması, xəstəlik və ölüm xofu kimi psixoloji təzyiqlər emosional genetikaya malik olan insanlarımıza ikiqat təsir göstərir.
Tarix boyu müxtəlif yoluxucu olan və olmayan xəstəliklər mövcud olub. Hazırkı koronavirus pandemiyasının yoluxucu olması insanlarda asosiallıq yaradıb. Əslində, məlum pandemiya insanların fiziki sağlamlıqlarına mənfi təsir göstərdiyi kimi, onlara ciddi psixoloji zərbə də vurur. Bu zərbə nəticəsində insanlar xeyli aqressivləşib”.
Psixoloq hesab edir ki, postpandemiya dövründə də insanların davranışında aqressivlik müşahidə olunacaq:
“Tətbiq olunan məhdudiyyətlər fonunda insanlar bir-birinə daha çox zaman ayırmağa, yaxın təmasda olmağa başladı. Bu isə öncədən əhəmiyyət verilməyən müəyyən problemlərin üzə çıxmasına səbəb olub. Mövcud vəziyyətdə insanlarda xroniki depressiyanın ən ağır formalarından olan suisid depressiyası nisbətən artıb.
Depressiyanın bu formasından əziyyət çəkənlər intihara meylli olur. İnsanların cinayət tərkibli hadisələrdən uzaq olmaları üçün maarrifləndirici tədbirlərin görülməsinə ehtiyac var. Əks halda, məlum vəziyyət bundan sonra da davam edəcək”.