İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...

Bu gün, 12:08           
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir -
İdman federasiyalarının maliyyələşdirilməsi səlahiyyəti Gənclər və İdman Nazirliyinin əlindən alınıb.

"Bizimxeber" bildirir ki, bu tapşırıq Maliyyə Nazirliyinin şifahi göstərişi ilə həyata keçirilib və federasiyalar rəsmi şəkildə məlumatlandırılıb. Bundan sonra federasiyaların ölkədaxili və beynəlxalq yarışlara qatılması üçün tələb olunan maliyyə vəsaitləri birbaşa Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən ayrılacaq və xərclənəcək.

İllərdir Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən maliyyələşmə prosesi ilə bağlı çoxsaylı narazılıqlar səsləndirilirdi. Qeyri-şəffaf xərclər, “seçmə-idmançılara” maliyyənin yönəldilməsi və bəzi federasiyaların açıq-aşkar arxa plana atılması ilə bağlı iddialar kifayət qədər geniş yayılmışdı. Bəzi hallarda isə idmançılar özləri də beynəlxalq yarışlara şəxsi vəsaitləri hesabına qatıldıqlarını açıq şəkildə bəyan edirdilər.

Belə bir fonda qərarın şəffaflıq və maliyyə intizamının gücləndirilməsi adı altında həyata keçirilməsi məntiqi görünə bilər. Ancaq məsələ burasındadır ki, bu dəyişiklik şəffaflığın artması deyil, sadəcə nəzarətin mərkəzləşdirilməsi kimi görünür. Çünki səlahiyyətin Gənclər və İdman Nazirliyindən alınaraq Maliyyə Nazirliyinə verilməsi, praktiki olaraq bir nazirliyin səlahiyyətinin digərinə ötürülməsidir, burada ictimai və ya müstəqil nəzarət elementləri yoxdur.

Məsələyə daha da ironik məqam qatansa budur - hazırkı maliyyə naziri Sahil Babayev eyni zamanda Azərbaycan Boks Federasiyasının prezidentidir. Yəni dövlət büdcəsindən ayrılan idman vəsaitlərinə nəzarət edən şəxs, eyni zamanda həmin vəsaitin bir hissəsinin yönəldiyi federasiyanın rəhbəridir. Bu isə açıq şəkildə maraqlar toqquşması deməkdir. Belə bir şəraitdə digər federasiyaların bərabər imkanlara çıxışı, qərarların ədalətli verilməsi və dəstəyin tərəfsiz bölüşdürülməsi ciddi sual altına düşür.

Son günlərdə Azərbaycan Boks Federasiyası ilə bağlı narazılıqlar da açıq səslənir. Bəzi boksçular maaşlarının verilməməsi və federasiyadakı maliyyə qeyri-şəffaflığı ilə bağlı sosial mediada və mətbuatda çıxış edirlər. Bu kimi hallarda Sahil Babayevin rəhbəri olduğu qurumun öz daxilində şəffaflığı təmin edə bilməməsi fonunda, bütün federasiyalara nəzarəti öz əlində cəmləməsi ziddiyyətli görünür.

Digər bir narahatlıq doğuran məsələ də budur ki, qərar “şifahi tapşırıqla” həyata keçirilib. Rəsmi qərar, hüquqi sənəd, normativ akt olmadan belə bir struktur dəyişikliyin baş verməsi inzibati idarəetmədə qeyri-şəffaflıq və qeyri-qanunilik siqnalları verir. Dövlətin milyardlarla manat büdcə ayırdığı idman sahəsinin idarə olunmasında bu cür yanaşma, “tapşırıqla” hərəkət edilməsi cəmiyyətə və idman ictimaiyyətinə verilən mesaj baxımından təhlükəlidir.

Nəticə etibarilə, idman federasiyalarının maliyyə səlahiyyətlərinin Gənclər və İdman Nazirliyindən alınması görünən səbəblərlə izah olunsa da, əsas motivin bütün maliyyə axınlarına mərkəzdən birbaşa nəzarət etmək olduğu görünür. Eyni zamanda, bu addım vasitəsilə federasiyalar üzərində siyasi və inzibati təsir imkanlarının daha da artırılması ehtimal edilir. Bu isə azad, yaradıcı və müstəqil idman mühitinin formalaşması əvəzinə, bürokratik mərkəzləşmə və şəxsi maraqların dominantlığına yol açır.

Əgər doğrudan da şəffaflıq əsas məqsəddirsə, bu zaman təkcə nazirliklərarası səlahiyyət bölgüsünü dəyişmək yox, həm də bütün maliyyə proseslərinin ictimai nəzarətə açıq olması, hesabatlılıq mexanizmlərinin qurulması və federasiyalarla münasibətlərin institusional şəkildə tənzimlənməsi lazımdır. Əks halda, nəinki mövcud problemlər həll olunmayacaq, əksinə, yeni qeyri-şəffaflıq və mərkəzi nəzarət mexanizmləri formalaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru