“Nəticə bir həftəyə bilinəcək” – Yoluxma artacaq?
10-08-2020, 18:07
Həftə sonları çimərliklərdə ciddi sıxlıq müşahidə olunur. Bu da yoluxma təhlükəsini artırır. Məlumdur ki, çimərliklər vətəndaşları qaydalara və kvotalara uyğun qəbul edirlər. Orada təmizlik təmin olunur, təhlükəsizlik tədbirlərini həyata keçirilir.
Amma sakinlərin əksəriyyəti “çimerlik.az” saytına müraciət etmədən çimərliklərə üz tuturlar. Bu sıxlıq və təhlükə yaradır. Bakıda kifayət qədər çimərlik var. Sıxlıq olduğu halda vətəndaşların daha az adam olan çimərliklərə getməsi təhlükəsizdir.
Həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a açıqlamasında bildirib ki, son 2-3 gündə xəstələrin sayı kəskin azalıb. Ona görə də, maksimum diqqətli olmaqda fayda var:
“İstəməzdim ki, çimərliklərin açılmasına görə, yoluxanların sayı artsın. Bu da birbaşa vətəndaşlarımızın məsuliyyətli olmasından asılıdır. Ailəmi götürüb dənizə gəlirəm və orada sıxlıq görürəmsə, ilk növbədə ailəmi qorumaq üçün həmin məkana girməməliyəm. Başqa bir yer axtarmalıyam və ya başqa istirahət növü tapmalıyam”.
Həkim qeyd edib ki, bir-birimizin üstünə məsuliyyət atmalı deyilik. Hər birimiz bilməliyik ki, çimərliklərdə yaxın məsafədə olmaq olmaz:
“Oradakı günəşə və dəniz havasına baxmayaraq, yoluxma faktoru ola bilər.
Bunun nəticələri 3-4 gün və ya son 1 həftə ərzində bilinəcək. Çimərliklərə əsasən şənbə və bazar günləri axın çox olur.
Dövlət sturukturları, könüllülər öz işlərini görürlər. Amma hər birimizin şəxsi məsuliyyəti önəmli rol oynayır. Bütün qabaqcıl ölkələrdə karantin qaydalarının yumuşalmasına səbəb vətəndaşların məsuliyyətli davranması olub. İstərdim bizdə də bu davranışlar nəzərə alınsın. Vətəndaşlara tövsiyəm odur ki, hər birimiz üzərimizə düşən məsuliyyəti başa düşməliyik.
Çimərliklər doludursa, biz də ora girib sıxlıq yaratmayaq və yoluxma imkanlarını artırmayaq. Hər kəs özünü və ailəsini qorusa, karantin tezliklə bitə bilər. İkinci dalğa haqqında təhlükənin olmasına baxmayaraq, karantinin idarə olunmasının 80 faizi şəxsi məsuliyyətimizdən asılıdır”.