Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: - “Özünüzü təhlükəyə atmayın!!!”
15-08-2020, 15:03
İlk dəfə Məhərrəmlik ayı pandemiya dövrünə təsadüf edir. Avqustun 21-də artıq Məhərrəmlik başlayır və ayın 30-da Aşura günüdür.
Amma koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşması virusun yayılmasına təkan verən bilər.
Həkimlər hesab edirlər ki, kütləvi tədbirlərin keçirilməsi xəstəliyin yayılma sürətini artıra və hətta ikinci dalğaya səbəb ola bilər.
Bu səbəbdən virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün qabaqlayıcı tədbirlərə əməl edilməsi tövsiyə olunur.
Eyni zamanda tanınmış islam alimləri bəyan ediblər ki, sanitariya qaydalarına əməl etməmək, xəstəliyin yayılmasına səbəb olmaq günahdır.
Bununla bağlı din xadimlərinin müvafiq fətvası da var. Bu baxımdan Məhərrəm ayının dini mərasim və ayinlərinin xüsusi şəraitdə qeyd olunması vacib buyrulur.
Din xadimlərinin fikrincə, Məhərrəmlik mərasimlərinin də Ramazan ayının mərasimlərinə uyğun şəkildə həyata keçirilməsi, namazların fərdi qaydada evdə qılınması, müvafiq ayinlərin virtual məkanda izlənməsi vacibdir.
Habelə, Daxili İşlər Nazirliyi (DİN) də əhaliyə müraciət edərək məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmağın yolverilməz olduğunu açıqlayıb.
DİN hər kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırıb.
“Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Şahin Həsənli də Musavat.com-a bildirdi ki, İslam dini sağlamlığa ciddi önəm verir və can Allahın əmanətidir.
“Dinimizdə buyrulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bu gün dünyanı bürüyən virus olduqca qorxulu xəstəlikdir və yayılması ciddi fəsadlara, itkilərə səbəb olur. Dinimiz isə bu vəziyyətə rasional yanaşır”, - deyə Hacı Şahin vurğuladı.
Onun sözlərinə görə, bütün inanclı insanlar məscidlərin açılmasını arzulayır: “Amma şəraitlə razılaşmağa məcburuq. Arzu və dua edirik ki, tezliklə bu bəla bəşəriyyətdən sona çatsın və həyat öz axarına qayıtsın”.
Hacı Şahin qeyd etdi ki, son günlərdə yoluxmada artım müşahidə edilir və bu şəraitdə məscidlərə toplaşmaq yolverilməzdir:
“Qurban və Ramazan bayramları da bu şəraitdə qeyd olundu, bayram namazları qılınmadı. Ancaq bu vəziyyət tək bizdə belə deyil, Həcc ziyarəti təxirə salındı, Məşhəd zəvvarların üzünə bağlandı. Bütün dünyada bu tendensiya gedir.
Ona görə Məhərrəmlikdə də çalışmaq lazımdır ki, karantin qaydalarına riayət edilsin. Din xadimlərimiz canlı yayımlara çıxa, xütbələr söyləyə, mənəvi ehtiyacları ödəyə bilər. Odur ki, vətəndaşlarımız evlərində qalmaqla mərasimləri qeyd edə bilərlər”.
Yaxın Şərq siyasəti üzrə araşdırmaçı, inanclı jurnalist Kənan Rövşənoğlunun fikrincə, məscidlərin Məhərrəm və Səfər ayları bağlı olacağı gözlənilən idi:
“Çünki Məhərrəm ayı məclisləri, xüsusən də Aşura və Ərbəin (40 mərasimi) günlərində məscidlər, Hüseyniyyələr və ziyarətgahlarda çoxlu sayda insanlar olur.
Bunlar heç də dindarlar deyil, uzun müddətdə formalaşmış ənənəyə görə dindar olmayan insanlar da həmin günlər məscidlərə, ziyarətgahlara gedir.
Bu səbəbdən də əvvəlki illərin təcrübəsi göstərir ki, qeyd olunan günlərdə məscid və ziyarətgahlarda onminlərlə insan toplaşır. Və bu zaman təbii ki, karantin qaydaları, sosial məsafə və təcridə əməl etmək faktiki olaraq mümkün deyil. Bu səbəbdən də məscidlərin qarşıdakı iki ay ərzində bağlı olmasına qərar verildi.
Doğrudur, adi günlərdə məscidlərdə böyük izdiham olmur, bu günlərdə məscidə gedən insanlar arasında sosial məsafə qaydalarını qorumaq mümkündür.
Amma Məhərrəmlik kimi mərasimlər, o cümlədən hər həftə Cümə namazları zamanı məscidlərə minlərlə insan gedir. Və bu zaman qaydaların qorunması çətinləşir”.
K.Rövşənoğlu hesab edir ki, dindar insanlar üçün çətindir, illərdir qeyd etdikləri mərasimləri bu il keçirə bilməyəcəklər, amma başqa variant da yoxdur: “Müsəlmanların ən böyük mərasimi olan Həcc bu il keçirilmədi, Məscid əl-Haram, əl-Əqsa, Peyğəmbər (s.ə.s) məscidi, eləcə də Kərbəla, Nəcəf, Məşhəd, Bağdaddakı müqəddəs ibadət ocaqları koronavirus pandemiyası səbəbindən bağlandı, bəziləri hələ də bağlıdır, kütləvi ziyarətlərə icazə verilmir.
İslam alimlərinin ümumi rəyi budur ki, pandemiya dövründə dini məsələlərlə bağlı qərarlar tibb mütəxəssisləri ilə razılaşdırılmalıdır. Yəni məhz pandemiyanın yayılmasına görə məscidləri bağladılar, halbuki dini baxımdan bunu hansısa alim öz istəyi ilə edə bilməz.
Yaxşı olar ki, əlaqədar dini qurumlar, o cümlədən QMİ əhaliyə çağırış etsin, mövcud vəziyyəti açıqlasın. Eyni zamanda mərasimlərlə bağlı pərakəndəlik və xaos yaranmaması üçün telekanallarda ən azı Məhərrəm ayının 10 günü ərzində verilişlər təşkil olunması, ilahiyyatçıların efirdən insanlara Məhərrəm mərasimi, İslamda şəhidlik və Kərbəla hadisələri ilə bağlı ənənəvi çıxışları etməsi məqsədəuyğun olar”.
Araşdırmaçı - jurnalist Rəsul Mirhəşimli qeyd etdi ki, tətbiq olunan qadağalar infeksiyanın yayılmasının qarşısını almaq üçündür.
“Azərbaycanda yaşayan müsəlmanların üzərinə düşən məsuliyyət bu qadağalardan kənara çıxmamaqdır.
Çünki inanclı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasında mükəlləfdir”, - deyə R.Mirhəşimli vurğuladı.
Onun sözlərinə görə, müsəlmanlar Aşura gününü bir yerə toplaşaraq, Kərbəla şəhidlərini yad etmək, onlara matəm saxlamaq istəyir:
“Çünki Azərbaycan Əhli-Beyti (ə) sevən insanların yaşadığı ölkədir. Lakin bu il pandemiya Aşura mərasiminin əvvəlki illərdə olduğu kimi, keçirilməsinə imkan vermir.
Müsəlmanların üzərinə düşən vəzifə qaydalara əməl edib, baş verənlərə səbrlə yanaşmaqdır. Səbr dinin yarısıdır, buyurulub. Eyni zamanda, səbr bir kamillik, üstün əxlaqın təzahürüdür.
Peyğəmbərimiz buyurur: “Hər kim səbr edərsə, Allah-təala o kimsəyə səbrin həqiqətini ehsan edər". Heç bir kimsəyə səbrdən daha geniş və daha xeyirli bir ehsan verilməmişdir. Müsəlmanların üzərinə düşən iş də səbr etmək, infeksiyanın daha geniş yayılmasına səbəb olmamaqdır.
Allahın izni ilə bu çətin günlər də keçər, xalqımız yenidən məscidlərdə kütləvi şəkildə ibadət etmək lütfünə qovuşar. Gələcəkdə Kərbəla şəhidlərini onların şəninə yaraşan şəkildə qeyd edər”.
Musavat.com