Kağız üzərində olan qərar praktikada necə “işləyəcək?” – Ekspertdən TÖVSİYƏLƏR
29-08-2020, 16:21
“Əgər karantin qaydaları gözlənilərsə, ölkəmizdə də dərslər heç bir problem olmadan davam edəcək”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni tədris ilinin başlamasına dair qərarlarını şərh edən təhsil eksperti Adil Vəliyev deyib.
Adil Vəliyev bildirib ki, dərslərin normal qaydada davam etməsi həm də valideynlərin davranışlarından asılı olacaq:
“Təcrübə göstərdi ki, əsasən, ibtidai siniflər üçün distant təhsil sistemi çox da effekt vermədi. Ona görə də, ibtidai siniflər yarımqruplar şəklində olsa belə, ənənəvi üsulla dərsə davam etməlidirlər.
Çünki ibtidai sinif şagirdləri müəllimin sevgisini, emosiyasını, dərsin izahını canlı hiss etməlidirlər. Əks halda, keçən tədris ilində tətbiq olunan effektsiz distant tədrislə sadəcə, müəllimlərin vaxtı gedəcək, şagirdlər də heç nə öyrənə bilməyəcəklər.
Dünya ölkələrinin bir çoxunda pandemiya davam etsə də, qaydalara riayət etmək şərtilə tədrisə başlanılıb. Əgər karantin qaydaları gözlənilərsə, ölkəmizdə də dərslər heç bir problem olmadan davam edəcək.
Əslində, problemin yaranmasının məsuliyyəti həm də valideynlərin üzərinə düşür. Əksər valideynlər bir-biriləri ilə öpüşüb- görüşür, sosial məsafəyə diqqət etmirlər. Valideynlər bu məsələdə diqqətli davranarsa, xəstəliyin məktəblərdə yayılmasının qarşısı 90 faiz alınacaq”.
Qeyd edək ki, yeni qərara əsasən, distant və ənənəvi şəkildə olmaqla, 15 sentyabrda bağçalar, 15 sentyabrda I-IV siniflər, 1 oktyabrda məktəbəhazırlıq (5 yaş), 1 oktyabrda V-IX siniflər, 15 oktyabrda X-XI siniflər, 1 oktyabrda I kurslar, 15 oktyabrda II və yuxarı kurslar üçün təhsil müəssisələri fəaliyyətə başlayacaq.
Sentyabrın 15-dən orta məktəblərdə I-IV siniflər üçün dərslər ənənəvi qaydada keçiriləcək. Oktyabrın 1-dən həftədə iki və ya üç dəfə olmaqla, V-IX siniflər də tədrisə əyani şəkildə başlaya bilər.