Ramiz Mehdiyev və daha kimlər Elçibəylə görüşmək istəyib? - “Müəyyən təmaslar olub” - Oqtay Qasımov
31-08-2020, 12:16
Çağdaş Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin müşaviri olmuş Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı diqqətçəkən iddia ilə çıxış edib.
Yunus Oğuz iddia edib ki, Ramiz Mehdiyev 90-cı illərdə Əbülfəz Elçibəylə görüşmək istəyib.
Maraqlıdır, ümumiyyətlə, 1991-93-cü illərdə hansı məşhur partnomenklatura təmsilçiləri Elçibəylə görüşmək, AXC ilə əməkdaşlıq etmək istəyib?
Məsələ ilə bağlı Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında o zaman bu cür təşəbbüslərin çox olduğunu deyib:
“Yunus Oğuz o vaxt bir neçə ay prezidentin müşaviri işləyib. Hər halda onda o məlumat ola bilər. Amma konkret Ramiz Mehdiyevin Elçibəylə görüşmək istəməsi ilə bağlı eşitmişəm, amma şəxsən bu haqda məlumatlı deyiləm. Yəni Ramiz Mehdiyevin birbaşa bizə, köməkçilərə görüş üçün müraciəti olmayıb. Əslində o zaman hərəkat dövründə xeyli şəxslər- hansı ki, sonradan Heydər Əliyevlə işlədilər- onların əksəriyyəti hərəkatda olmuşdular. Sonradan onlar Yeni Azərbaycan Partiyasına (YAP) keçdilər. Xeyli sayda belə insanlar var idi, o vaxt demokratik qüvvələr adı altında daha çox tanınırdılar. Ramiz Rzayev, Qabil Hüseynli və digəri var idi. Ramiz Mehdiyev də 1988-ci ildə Fəlsəfə -Hüquq İnstitutunda vəzifədən çıxarılmışdı. Sonradan ola bilsin ki, belə bir təşəbbüslə çıxış edib. Amma ümumən bu cür təşəbbüs edənlər kifayət qədər çox idi və onların bir çoxu ilə də müəyyən təmaslar olub” .
Vilayət Muxtar
Cebhe.info