Şamaxı təhsil şöbəsindəki yeyintiyə icra hakimiyyəti məsuldur - Nazirlik
22-01-2016, 14:08
Hesablama Palatasının Şamaxı rayon Təhsil şöbəsində aşkarladığı pozuntulara Təhsil Nazirliyi münasibət bildirmək istəməyib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a deyilib ki, Hesablama palatasının Təhsil şöbəsində aşkarladığı pozuntularla bağlı yerli İcra hakimiyyətindən münasibət öyrənilməlidir.
“Rayon Təhsil şöbələrinə ayrılan vəsaitlər yerli xərclərdən maliyyələşdirildiyi üçün müvafiq icra hakimiyyətlərinə müraciət edilməsi məqsədəuyğundur”.
Qeyd edək ki, Hesablama Palatası Şamaxı rayon Təhsil Şöbəsində (TŞ) maliyyə pozuntuları aşlarlayıb. Məlumata görə, kompüterlərə xidmət üzrə laborant ştatlarının olmasına baxmayaraq müəllimlərə komüterlərə xidmət üçün, tələb olunan avadanlıqlar və qurğular olmadığı halda hərbi rəhbərlərə kabinet müdirliyi üçün, müasir tədris ləvazimatları və avadanlıqları ilə təmin edilmədiyi halda fənn kabinetlərinə rəhbərlik üçün, mövcud olmayan tədris-təcrübə sahəsinə və emalatxanaya rəhbərlik üçün əlavə haqq, hərbi rəhbərin vəzifə maaşına daxil olan, həmçinin əvəzedilməsi aparılmamış dərs saatlarına görə, şagirdlərin sayının normadan aşağı olduğu siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına, artıq tarifləşdirilmiş dərnək saatlarına görə əmək haqqı ödənildiyi, qeyri-ixtisas fənləri üzrə pedaqoji işçilər üçün dərs tarifləşdirildiyi, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək ödənildiyi, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi, az kontingentli ibtidai siniflərdə komplektləşmə aparılmaması səbəbindən artıq sinif komplektlərinin saxlanıldığı üzə çıxıb.
Həmçinin işçilərin əmək haqqından müvafiq tutulmalar aparılarkən mövcud qanunvericiliyin tələblərinin gözlənilməməsi qed olunub. Eyni zamanda xərclər smetasında nəzərdə tutulmayan, həmçinin TŞ-nin funksional fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə vəsait xərcləndiyi diqqətə çatdırılıb.
TŞ tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilmədiyi, müvafiq sənədləşdirmələr aparılaraq protokolların tərtib edilmədiyi, tenderin əsas şərtlər toplusunun hazırlanmadığı, satınalma proseduru tətbiq edilmədən vəsait xərc edildiyi bildirilib.
Hesablama Palatası audit obyekti tərəfindən bəzi hallarda ödənilmiş vəsait müqabilində mal- material qiymətlilərinin tam alınmadığını və vəsaitin birbaşa xərcə silindiyini, mal-material qiymətlilərinin paylanmasının uçotunun, ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verildiyini qeyd edib.
Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Qərar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Şamaxı rayon İcra Hakimiyyəti və Şamaxı rayon Təhsil Şöbəsinə göndərilib.