Eldar Mahmudovun “Akula”sı – Akif Mustafayev Bakıdan necə qaçıb? – ŞOK TƏFƏRRÜAT
22-01-2016, 21:37
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevun Azərbaycandan necə qaçdığı və hazırda hansı ölkədə olduğu barədə məlumat vermişik.Belə ki, “Akula Akif” hazırda Parisdədir və Fransa polisindən gizlənmək üçün zirzəmilərdə qalır. Onun bank hesabları bağlanıb və əmlakına həbs qoyulub. Mustafayev Akif İsmayıl oğlu özünü iş adamı kimi tanıtsa da əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.
“Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirmiş.
Lakin proses bununla da yekunlaşmırdı. “Akula” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurmuş. “Akula Akif”in ölkədən qaçmasının təfərrüatları haqda ilginc məlumatlar yayılıb. Belə ki, cumhuriyyet.az-ın media üzərindən araşdırması zamanı məlum olub ki, E.Mahmudovun işdən çıxarılması barədə oktyabrın 17-də, şənbə günü elan edilən fərmandan və həmin gün MTN-in binasında Baş Xüsusi Dövlət Mühafiə İdarəsinin keçirdiyi əməliyyatdan xəbər tutan kimi “Akula” ölkədən qaçmağı qərara alıb.
Oktyabrın 18-də bazar günü, səhər saat 08:40-da o, AZAL-ın reysi ilə Bakıdan Belarusun paytaxtı Minskə uçub. Oradan isə Parisə istiqamət alıb. Bu qaçışın detalları haqda məlumatlı olan mötəbər qaynaq bildirir ki, “Akula”nın Belarusda dayanmaq fikri olmayıb və ona təcili olaraq Şengen vizası əldə edərək Minskdən Avopaya uçmaq lazım idi.
Mənbə bildirir ki, “Akula” əslində Avropaya birbaşa Bakıdan da uça bilərdi. Həmin gün onu heç kim axtarmırdı və əsas diqqət MTN-dəki mütəşəkkil qruplaşmanın neytrallaşdırılmasına, Mahmudovun qruplaşmasının nazirlikdəki əsas adamlarının nəzarət altına alınmasına yönəlmişdi.
Buna baxmayaraq illərdir hansı cinayət əməlləri törətdiyini yaxşı dərk edən “Akula” istintaqın diqqətinin ona yönəlməsini gözləmədən aradan çıxmağı qərara almışdı. Və izi itirmək ümidiylə Avropaya birbaşa Bakıdan yox, Minsk üzərindən uçmağı qərarlaşdırıb.
İnterpolun rəsmi saytında isə göstərilir ki, 1955-ci ildə andan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var. Azərbaycanın Baş Prokurorluğunun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində “Akula”nın bank hesablarına və əmlakına qısa müddət ərzində həbs qoyulub. Nəticədə o, Avropa paytaxtlarında pulsuz-parasız qalıb.
Məlumata görə, “Akula”nın ölkədən qaçmasında, onun hazırda Fransada gizlədilməsində əməyi olan şəxsin adı açıqlanır. Bu şəxs Moskva şəhərindəki “Domededova” bazarının azərbaycanlı sahibi “Pokrov Məhərrəm”dir. Saytımıza verilən məlumata görə, “Pokrov Məhərrəm” hazırda pulsuz qalan Akif Mustafayevə maddi yardımlar göstərir və onun gizlənməsinə yardımçı olur. Axtarışda olan MTN əməkdaşına hərtərəfli yardım edən “Pokrov Məhərrəm” baş nazirin sabir birinci müavini Abbas Abbasovun yaxın adamlarından sayılır.