Neft ölkələri “qara gün”ün pullarını yeyirlər

22-01-2016, 21:52           
Neft ölkələri “qara gün”ün pullarını yeyirlər
BBC-nin biznes müxbiri Mantej Deol yazır ki, xam neftin qiyməti bir barrel üçün 120 dollar olan vaxtlarda, neftlə zəngin ölkələrin xərcləmək üçün çoxlu pulu vardı. Bu pullar dünya boyunca səhmlərə və başqa aktivlərə qoyulurdu.
Bunu təkcə ayrı-ayrı fərdlər yox, həm də neftlə zəngin ölkələrin ehtiyat və ya neft fondları edirdi.
Lakin indi, neft qiymətlərinin son 12 ildə ən aşağı həddə çatması bu fondları həmin aktivləri satıb canlarını qurtarmağa sövq edir.
Bax elə bu, dünya birjalarında təbəddülatlar yaradır.
Neft fondları
İngiliscə qısaca SWF (sovereign wealth funds) adlanan bu ehtiyat fondları bir növ adamların “qara gün” üçün yığdıqları əmanət hesablarına bənzəyir. Bu pul isə səhmlərin, xarici valyutanın, mülklərin və başqa aktivlərin alınmasına xərclənib.

Neft qiymətlərinin 28 dollar ətrafında fırlandığı bir zamanda, belə görünür ki, həmin o “qara gün” gəlib çatıb. Bu da görünür ki, neft fondları həmin o aktivləri bazarlarda kirmişcə və dəyər-dəyməzinə satışa çıxarıblar.
Maliyyə ili bütün dünyada yaxşı başlanmayıb. Satışda çox mal var. Əgər mal çoxdursa, demək onun qiyməti də çox ucuz olmalıdır.
Digər tərəfdən Çin iqtisadiyyatı da bir vaxtlar olduğu kimi sürətlə artmır. Amma satıcıların əsas məqsədi əllərinə tez bir zamanda nağd pulun gəlməsidir.
Bu daha çox neftlə zəngin olan ölkələrə aiddir. Onlar milli sandıqlarını açıb görürlər ki, neftin satışı əvvəlki qədər pul gətirmir.
Hazırda neft isxrac edən ölkələrin suveren fondlarında olan aktivlərin dəyəri haqqında dəqiq rəqəm söyləmək qeyri-mümkündür. Onların böyük əksəriyyəti pulları hara qoyduqlarını demirlər.

Ümumilikdə, 26 ən böyük suveren fondun toplam sərvəti 4, 5 trilyon dollar olaraq düşünülür.
Lakin ümumilikdə, 26 ən böyük suveren fondun toplam sərvəti 4, 5 trilyon dollar olaraq düşünülür. “eVestment” məlumat bankının hesablamasına görə, dövlət fondlarından (və ya SWF fondlarından) təkcə 2015-ci ilin üçüncü rübü ərzində 19 milyard dollar çıxarılıb. Bu meylin bu il də davam edəcəyi gözlənilir.
Bu ölkələr təbii sərvətlərinə görə zəngindirlər, lakin onların da ödəyəcəyi xərclər və təchiz etməli olduqları xidmətlər var. Belə bir şəraitdə sanksiyalar və resessiya kimi ikiqat yük altında olan Rusiya kimi ölkələr üçün ən mühüm olanı mümkün qədər çox nağd pul əldə etməkdir. Öz növbəsində bu, investisiyaların satışı deməkdir.
Eyni mənzərəni Körfəzin neftlə zəngin ölkələrində də görmək olar. Səudiyyə Ərəbistanı elə bu yaxınlarda büdcəsinə əl gəzdirməli olub, əhali üçün su və elektrikin qiymətlərini qaldırıb.
Düşən qiymətlər
Suveren fondlarla bağlı ən böyük təhlükə budur ki, buradan nə vaxt və nə qədər pul çıxarmaq lazım olduğu barədə qərarı qəbul etmək asan deyil.
Əgər neft qiytmətləri düşməkdə davam edərsə, fondları tamamilə bağlamaq məcburiyyəti yarana bilər. İstənilən maliyyəçi sizə deyə bilər ki, bu, istədiyin vaxt satmaq imkanından daha pis variantdır. Borcun ödənilməsinə məcbur edilənlər bazarı elə doldura bilərlər ki, əsl böhran yaranar.

Əgər neft qiytmətləri düşməkdə davam edərsə, neft fondları tamamilə bağlanıla bilər.
“Panmure Gordon” səhm brokerləri firmasının baş iqtisadçısı Simon French deyib: “Qiymətli kağızlar bazarının hazırkı zəifliyi ifrat xammal bolluğunun ikinci dalğasıdır. Birinci dalğanı mədənçilərin və neft-qaz nəhənglərinin dəyərdən düşməsi təşkilı edirdi. İkinci dalğaya xammal ixraci gəlirlərindən asılı ölkələrin hökumətləri səbəb olub. Onlar yaxşı vaxtlarda maliyyə portfelləri tərtib ediblər, indi isə 2016-cı ilin büdcəsini yamamaq üçün “qara günə” saxlanan pullara cumublar”.
Pis investisiya
Bəzi SWF fondları vaxtilə çox pis investisiya qərarları qəbul ediblər və nəticədə onların dəyəri azalıb. Qətər “Volkswagen” şirkətinin ən böyük səhmdarlarındandır. İndi bu alman avtomobilqayırma firmasının səhmləri düşüb.
Reytinq agentliyi Moody özünün “Suveren fondlar: İri aktivlər aşağı neft gəlirlərinə qarşı səmərəli maliyyə buferi kimi” adlı hesabatını hazırlayıb.
Agentlik bildirir ki, bütün dünyada suveren fondlardakı vəsaitin 73 faizini neft və qazın ixracatından gələn gəlirlər təşkil edir. Hesabatın müəllifi Elena Duggar deyib: “Neft qiymətlərinin hələ uzun müddət aşağı olacağı nəzərə alınarsa, neft ixracatçılarının maliyyə və cari hesablarındakı balans artan təzyiq altında olacaq. Nəticədə büdcə kəsirlərinin aradan qaldırılması və daxili iqtisadiyyatın ayaqda saxlanması üçün suveren fondlardan artan istifadənin baş verəcəyi gözlənilir”.
Bu gur satış hələ ki nisbətən tənzimlənir. Lakin əgər neft qiymətləri aşağı olaraq qalmaqda davam edərsə, “sat-qurtar” da qızışacaq və bank sektoru kimi sahələri vurmağa başlayacaq.
Bütün bunlar bizim hamımız üçün bədbin xəbərdir, çünki söhbət həm də bizim pensiyalarımızdan və həmin səhmlərə qoyulmuş əmanətlərimizdən gedir.
Bu qəribə böhran qaynamaqda davam edir.(BBC)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.