Düşmənin öyündüyü "İsgəndər"i dəfələrlə üstələyən "EXTRA" - Hədəfdən yayınma məsafəsi 10 metrdən azdır
2-11-2020, 00:03
Təkmilləşdirilən dəqiqliyə malik EXTRA (Extended Range Artillery tactical-range artillery missile) raketi IAI-nın "Rocket Systems Division" və MLM bölmələri tərəfindən hazırlanıb. Bu proqramın məqsədi yerüstü hədəflərin məhv edilməsində geniş yayılan platformalara uyğun raket silahlarının inkişaf etdirilməsi və yüksək dəqiqliyin təmin edilməsindən ibarət idi. Bu yüksək dəqiqlikli üfüqarxası silah İsrail və xarici silahlı qüvvələrin silahlandırılması üçün nəzərdə tutulub.
Teref.Az ted.az-a istinadən bildirir ki, EXTRA hazırda yerüstü atıcı qurğulardan buraxılmaq üçün hər birində 4 ədəd raket olmaqla konteyner paketlərində təklif olunur. Raketlər daha dəqiq zərbə endirə bilməsi üçün GPS tuşlama sistemi ilə təchiz olunub.
Birdəfəlik hermetik konteyner paketləri sayəsində raketlərin uzun müddətli xidmət ömrü və aşağı istismar xərcləri əldə edilir.
Raket 150 kilometr atəş məsafəsinə malikdir və 125 kiloqramlıq döyüş başlığı ilə təchiz edilib. Raketin start çəkisi 450 kq, dairəvi ehtimal olunan yayınması isə 10 metrdən azdır. Raketin ölçüsü ABŞ Ordusu və onların müttəfiqləri tərəfindən istifadə edilən M270 YARS-da istifadə edilən M26 raketləri ilə çox oxşardır.
4 metr uzunluğa sahib EXTRA raketlərinin diametri ABŞ-ın M26 raketlərindən (227 mm-ə nisbətən 300 mm) daha böyükdür.
Bu raketlərin bir hissəsi Naxçıvanda yerləşdirilib və oradan Ermənistan paytaxtını vurmaq imkanındadır. Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında özünəməxsus yer tutan EXTRA raketləri 2018-ci ilin iyunun 26-da keçirilən hərbi paradda nümayiş etdirilib.
Beləliklə deyə bilərik ki, ordumuzun silahlanmasında Ermənistanın hər fürsətdə lovğalandığı, 250 km mənzilli "İsgəndər-E" raketləri ilə müqayisə oluna bilən, eyni döyüş imkanlarına görə ondan daha üstün olan və daha uzaq məsafəli operativ-taktiki raketlərin "EXTRA" və "LORA" olmaqla ən azı iki tipi mövcuddur.