“Bütün 2021-ci ili maskada keçirəcəyik...” – “Vaksini yaratmaq vəzifələrin yalnız 1 faizidir”
2-12-2020, 00:30
Hazırda Rusiya koronavirus xəstəliyinin pik həddini yaşayır, ancaq tezliklə dalğa səngiməyə doğru gedəcək və bizim 3-4 ay vaxtımız olacaq ki, infeksiyanın yeni «partlayışına» hazırlaşaq.
Bu barədə «Polnıy kontakt» proqramının efirində («Radio FM») Madkeviç adına Moskva şəhər klinik xəstəxanasının baş həkimi Aleksandr Myasnikov danışıb.
- Sadə məsələni anlamaq lazımdır: gələn bahar və payız bizi koronavirusun növbəti yayılması dalğası gözləyir. Və heç bir vaksinləşdirmə məsələyə nöqtə qoymayacaq. Çünki vaksini yaratmaq vəzifələrin yalnız 1 faizidir. Vaksin yaradıldı, o, yüksək effektlidir və bizdə… bu göstərici 90 faiz səviyyəsindədir. Amma aydındır ki, 90 faiz kiçik qruplar (10 min insan) üzərində əldə olunub, vaksin populyasiyaya çıxanda isə effektlilik qrip vaksini ilə olduğu kimi, 60-70 faiz olacaq. Bu, yaxşı nəticədir, çünki qarşıya 50 faiz nəticə əldə etmək tapşırığı qoyulmuşdu. Ancaq bu, tezliklə kollektiv immunitetin formalaşması üçün kifayət deyil. Təkrar edirəm, hələlik tapşırıqların yalnız 1 faizi həll edilib. Ardınca vaksini elə həcmdə istehsal etmək lazımdır ki, hamıya çatsın. Başlıcası isə insanları vaksinləşdirmədə iştirak etməyə inandırmaq lazımdır. Çünki insanlar peyvəd almasalar, biz heç vaxt həmin kollektiv immuniteti əldə edə bilməyəcəyik. Hələ buna heç vaksinlə də nail olmaq asan başa gəlməyəcək.
Myasnikovun sözlərinə görə, peyvənd kampaniyasının mahiyyəti təkcə ondan ibarət deyil ki, özünü qoruya biləsən. Siz peyvənd olunarkən, bununla dolayısı ilə həm də o insanları qorumuş olursunuz ki, onlar özləri peyvənd oluna bilmirlər - sağlamlıq durumuna və ya yaşına görə. “Əgər ölkə əhalisinin heç olmasa, yarısı peyvənd olunarsa, o zaman virus artıq elə də təhlükəli olmayacaq, çünki ötürmə zənciri qırılmış olacaq. Ona görə də yaxın 3-4 sakit ay ərzində yeni «partlayış»a hazırlaşmaq lazımdır - xüsusilə, insanları kütləvi vaksinləşdirmədə iştirak etmək üçün təbliğat aparmaq işinə diqqət yetirmək lazım gələcək”.
AzPolitika.info