Koronavirusa yoluxanların qida rasionu necə olmalıdır? - Həkim məsləhəti
2-12-2020, 03:29
“Hər gün minlərlə ölkə vətəndaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxur və onların sayındakı artım səviyyəsi ciddi narahatlıq doğurur. İnfeksiyaya yoluxanlar tez bir zamanda xilas olmaq üçün ilk növbədə, qidalanmaya diqqət yetirməklə immunitetini gücləndirmək qayğısına qalmalıdır. Təcrübə göstərir ki, COVID-19 xəstələri həkim nəzarətində olmaqla yanaşı həm də qidalarına fikir verməlidirlər”.
Teref.az xəbər verir ki, bu barədə həkim-dietoloq Ləman Süleymanova bildirib.
Onun fikrincə, koronavirusa yoluxanların gündəlik qida rasionuna bitki mənşəli yağların əlavə olunması zəruridir: “Lakin kətan, zeytun və kərə yağı da daxil olmaqla yeməklərin tərkibində müxtəlif növ yağların miqdarına xüsusi diqqət yetirmək lazımdır. Bundan başqa hüceyrələri yeniləyən, bağırsaq iltihabını aradan qaldıran, xolesterini azaldan avakado belə vaxtda ən qiymətli meyvələrdən biri hesab olunur. Un məmulatları, o cümlədən müxtəlif növ şirniyyatlarla qidalanmaq koronavirusdan sağalma prosesini ləngidir. Orqanizmi zəiflədən həmin şirin məhsullardan, xəmir xörəklərindən və digər oxşar qidalardan tamamilə imtina edilməli, daha faydalı qidalara üstünlük verilməlidir. Əks halda, xəstəlik daha uzun müddət davam edə bilər”.
Həkimin sözlərinə görə, koronavirusa yoluxanların masasında toyuq, balıq və krevetlər, müxtəlif növ dənli bitkilər, tərəvəz salatları, göyərti və C vitamini ilə zəngin olan meyvə əskik olmamalıdır. Narıngi, portağal, kök və kividən istifadə etmək də faydalıdır. Tərkibində bol vitaminlər və zülallar olan həmin qidalar xəstəliyə qalib gəlməyə kömək edir. (Azərtac)