Brifinqdə Türkiyə türkcəsində danışan professor kimdir? – VİDEO + DOSYE

2-12-2020, 16:52           
Brifinqdə Türkiyə türkcəsində danışan professor kimdir? – VİDEO + DOSYE
Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verənlərdən biri də Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev idi. Yaddaqalan məqam isə onun danışarkən Türkiyə türkcəsində ifadələrdən tez-tez istifadə etməsi olub. Bəs bunun səbəbi nədir?
Yeniavaz.com internet resurslarında yayılmış məlumatlar əsasında dünyaca məşhur azərbaycanlı elm adamının dosyesini təqdim edir.
Allahverdiyev Adil Məhəmmədəli oğlu 1951-ci il martın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Culfa rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul edilib. 1974-cü ildə institutu əla qiymətlərlə başa vurması və aktiv ictimai fəaliyyətinə görə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna həkim-baş laborant vəzifəsinə təyin edilib.
1975-1977-ci illərdə A.Allahverdiyev elə həmin institutda klinik ordinaturanı davam etdirib. Ordinaturanı bitirdikdən sonra hemoqlabin-enzimopatiya laboratoriyasında kiçik elmi işçi işləyib. 1978-1981-ci illərdə A.Allahverdiyev elmi-tədqiqat fəaliyyətini Moskvada, Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib, 1981-ci ildə aspiranturanı bitirib, tibb elmləri namizədi elmi dərəcəsini alıb.
Həmin illərdə də onun tərəfindən ilk dəfə tətbiq edilmiş “qlükoza-6-fosfatdehidrogenaz (G-6PD) ferment çatışmazlığından əziyyət çəkən, dərman preparatlarına həssaslığı olan insanlarda “in vitro” hemolizinin müəyyən edilməsi” metodu elmdə ciddi problemlərin həll olunmasına kömək edib. Tədqiqatlarda natrium formiatın antioksidant xüsusiyyəti də aşkara çıxarılıb. Bu, primaxinin yaratdığı G-6PD ferment çatışmazlığı olan adamlarda eritrositlərin hemolizinin qarşısını alır.
1981-1983-cü illərdə A.Allahverdiyev S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb, Azərbaycanda malyariyanın qarşısının alınması üçün öz yeni metodunu tətbiq edib. 1983-1989-cu illərdə yenidən Moskvaya qayıdan A.Allahverdiyev elmi tədqiqatını həmin institutda davam etdirib və 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsini alıb.
1990-cı ildə A.Allahverdiyev Azərbaycan Mikrobiologiya, Epidemiologiya və Peşə Xəstəlikləri İnstitutunda (indiki V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) “Hüceyrə kulturaları və krioprezervasiyalar” laboratoriyasının müdiri kimi öz işini davam etdirib. 1992-ci ildə beynəlxalq konqresdəki (İran, Tehran) çıxışından sonra A.Allahverdiyev Türkiyənin ən məşhur universitetlərindən biri olan Çukurova Universitetinin (Adana) tibb fakültəsinə dəvət edilib. Dəvətin əsas məqsədi Türkiyədə “P.falciparum” fasiləsiz kulturalarının və onun əsasında malyariya sahəsində yeni elmi nailiyyətlərin tətbiqi olub.
Sonralar 1992-2006-cı illərdə A.Allahverdiyev tibbi biologiya kafedrasında işləyib, 1995-2000-ci illərdə tibb fakültəsinin mikrobiologiya və immunologiya kafedrasında, 2000-2006-cı illərdə Tropik Xəstəliklərin Tədqiqi İnstitutunda və Tətbiq Mərkəzində işləyib. Burada A.Allahverdiyev müxtəlif hüceyrə kulturaları və kriobank laboratoriyasını yaradıb və ona rəhbərlik edib.
Çukurova Universiteti dövründə A.Allahverdiyev dünyada ilk dəfə leyşmaniozun dəri formasının və insan üçün təhlükəli olan visseral formasının diaqnostikasında yeni mikrokultura metodunu işləyib. Dünyanın müxtəlif konqreslərində (Avropa Dermatoloqları və Veneroloqları Konfransı, İspaniya, 2004, İtaliya, 2004; Türkiyə Mikrobioloqlarının Konfransı, İzmir, Quşadası, 2004; Beynəlxalq Transmissiv Xəstəliklər Simpoziumu, İstanbul, 2005; Leyşmanioz üzrə III Dünya Konqresi, İtaliya, 2005) təqdim edilən kəşf bu sahədə işləyən alimlərin diqqətini cəlb edib. Hazırda mikrokultura metodu dünyanın müxtəlif ölkələrində (ABŞ, Çin, İspaniya, İsveç, Yunanıstan, İndoneziya, Azərbaycan və s.) uğurla tətbiq edilir. Bu metodla bağlı tədqiqatlar yeni sahələrdə yayılmaqda və genişlənməkdə davam edir. Bu metoddan donor qanında və asimptomatik formalı leyşmanioz xəstələrdə leyşmaniozun diaqnostikasında, habelə gövdə hüceyrələrinin kultivasiyasında istifadə olunur. Bundan başqa, A.Allahverdiyev “in vitro” və “in vivo” müxtəlif kultura modellərindən istifadə edərək yeni dərman preparatları və vaksin sahəsində mühüm nəticələr də əldə edib. Onun tədqiqatında ilk dəfə “in vitro və in vivo” (Çukurova Universitetində əldə edilmiş) modeli sistemində natrium formiatın antihemolitik təsiri, bitki mənşəli maddələrin antivirus, antileyşmanioz və antikanserogen təsiri göstərilib (Allahverdiyev və başqaları, 2000, 2002, 2004).
2006-cı ildə A.Allahverdiyev Türkiyənin qədim və məşhur universitetlərindən biri olan “Yıldız” (İstanbul) Texniki Universitetinin Biomühəndislik bölməsinə dəvət alıb və orada həmkarı və həyat yoldaşı, tibb elmləri namizədi Məlahət Bağırova ilə birgə “Hüceyrə kulturaları və toxuma mühəndisliyi” laboratoriyasını yaradıb. İstanbulda A.Allahverdiyevin rəhbərliyi altında dünyada ilk dəfə leyşmanioz əleyhinə polimerlərə əsaslanan yeni vaksin hazırlanıb.
A.Allahverdiyev müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalənin, bir neçə ixtiranın, səmərələşdirici təkliflərin; Amerika və Avropada nəşr edilən kitabların, 9 kitabın bölmələrinin müəllifidir. Onun rəhbərliyi altında 9 fəlsəfə doktoru işi (Ph.D), 10-dan çox magistr dissertasiya işi yerinə yetirilib.
Beynəlxalq indeksli jurnallarda dərc etdirdiyi çoxsaylı məqalələrinə görə A.Allahverdiyev professorlar arasında “Yıldız” Texniki Universiteti rektoratının mükafatına (2013), habelə müxtəlif illərdə rektorat və dekanlıq tərəfindən bir çox mükafat və təşəkkürnamələrə layiq görülüb.
İnsanın burun boşluğu şöbəsindən alınmış gövdə hüceyrələrinə həsr edilən və onların dünyada ilk dəfə zədələnmiş fassiya sinirinin bərpasında tətbiqinə görə A.Allahverdiyevə Otolarinqologiya və Kəllə-Sümük Cəmiyyətinin mükafatı verilib (2013). O, “Elm aləmində fəal iştirakına görə” Boğaziçi Universiteti Elmi Klubunun mükafatı laureatıdır (2012). Vaksin hazırlamasına görə A.Allahverdiyev XVI Türkiyə Milli Parazitologiya Konqresinin birinci mükafatına layiq görülüb. “Gövdə hüceyrələri və infeksiya” işinə görə Avrasiya Beynəlxalq İnfeksiya Xəstəlikləri Konqresində (EACID, 2009) ona ikinci mükafat verilib.
Leyşmaniozun diaqnostikasında yeni mikrokultura metodunu işləyib hazırlamasına görə 2006-cı ildə Beynəlxalq Rotari Cəmiyyətinin (Adana bölməsi) İdarəetmə Şurasının qərarı ilə A.Allahverdiyev “Peşəkar xidmətə görə” mükafatına layiq görülüb. Ona digər mükafatlar da verilib. Bunların sırasında “Ən yaxşı patentçi” (1977) müsabiqəsində birinci yer, səmərəliləşdirici təklifinə görə Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun (1977), elmi tədqiqatlara görə Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun mükafatlarını (Bakı, 1977) qeyd etmək olar.
1998-ci ildə Türkiyə Elmi-Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) tərəfindən A.Allahverdiyevə “Uluslararası Bilimsel Yayın Desteği” mükafatı verilib. Bu gün A.Allahverdiyev öz fəaliyyətini TÜBİTAK-da, müxtəlif nazirliklərdə, o cümlədən Türkiyə Sənaye və Ticarət Nazirliyində elmi layihələrin müzakirəsində ekspert, habelə Türkiyə Parazitologiya və Tropik Xəstəliklər Şurasının üzvü kimi davam etdirir.
Dünya Səhiyyə Təşkilatının (DST) malyariyaya qarşı mübarizə proqramında (Kopenhagen, 2000) iştirakı ilə yanaşı, A.Allahverdiyev dünyanın məşhur tədqiqat mərkəzləri və universitetləri ilə birgə tədqiqatlar aparır. Bu sıraya Stony Brook Universiteti (ABŞ), Universitet de Barcelona (İspaniya), U.S. Army MRMC, The University of Health Sciences Chicago Medical School (ABŞ) daxildir.
A.Allahverdiyev müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür. Eyni zamanda, o, müxtəlif elmi jurnalların idarə heyətinin və şurasının, SCI-ya daxil olan, Amerika və Avropada nəşr edilən yüksək impakt-faktorlu 6 jurnal redaksiyasının üzvüdür, 11 jurnalda ekspert kimi xidmət göstərir.
A.Allahverdiyev müxtəlif vaxtlarda müsabiqə yolu ilə seçilən, TÜBİAK, Sənaye və Ticarət Nazirliyinin, Çukurova Universitetinin, “Yıldız” Texniki Universitetinin elmi-tədqiqat qrupları tərəfindən dəstəklənən təxminən 20 elmi layihəyə rəhbərlik edib.
Hazırda A.Allahverdiyev bu fəaliyyətini aktiv surətdə davam etdirir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.