Dəm qazı ölümündən qurtulmaq olar - ekspert

3-12-2020, 17:24           
Dəm qazı ölümündən qurtulmaq olar - ekspert
“İlk növbədə insanlar standartlara cavab verməyən qaz sobalarından istifadə etməkdən çəkinsinlər. Dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri elə budur. Yanma prosesi düzgün getməyəndə dəm qazından zəhərlənmələr baş verir. Qaz cihazlarına vaxtında texniki qulluğun göstərilməsi də vacib məsələlərdən biridir.

Məsələn, bu qulluq mütəxəssislər tərəfindən deyil, adi insanlar tərəfindən həyata keçirilir, özləri evə qaz xətti çəkirlər, ya da sobanın yerini dəyişirlər. Elə də olur ki, qaz sobasını müəyyən emalatxanalarda düzəltidirirlər. Bütün bunlar da yanma prosesinə təsir edir, nəticədə dəm qazının fəsadları ortaya çıxır”.

Bu sözləri “Şərq”ə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Dəm qazından zəhərlənmə halları haqqında danışan mütəxəssis soba borularının təmizlənməməsinin də təhlükəli olduğunu vurğulayıb:

“Sobanın içərisinə tullantılar düşür, heyvanlar orda yuva qururlar. Nəticədə həmin boru tutulur, dəm qazı evə dolur. Heç olmasa ildə iki dəfə, qış fəslindən əvvəl və sonra həmin boruları təmizləsinlər.

Bunun üçün Mənzil İstismar Sahələrindən də kömək ala bilərlər. Bu işlərlə məşğul olan özəl şirkətlər də var. Elə evlər var ki, aylarla, hətta illərlə sobanın boruları təmizlənmir. Belə olduğu halda həmin borular dolur və problemlər yaranır. Bir də dəm qazının evə dolması ən çox hamam və yataq otaqlarında baş verir.

Çünki payız və qış aylarında insanların istiliyə olan tələbatı artır, qaz cihazlarından istifadə edirlər. Yaz, yay aylarında qapıları, pəncərələri açıq saxlayırlar. Soyuq fəsillərdə isə bunun tam tərsi olur. Təsəvvür edin evin qapıları bağlıdır və qaz sobası yanır. Elə bu da təhlükəsizlik qaydalarının pozulmasıdır. İnsanlar arasında maarifləndirmə olsa, məlumatlansalar yaxşıdır.

Ən azından evin havasını gündə bir-iki dəfə dəyişmək lazımdır. Hamam otaqlarında nəfəsliklər, qapının aşağısında dəliklər olmalıdır. Əsasən hamam otaqlarında plastik qapılar olur.

Amma bu tamam yanlışdır. Çünki dəlikləri yoxdur. Həmçinin hamam otaqlarının hündürlüyü minimum 2.20 sm və 7 kvadrat olmalıdır. Evlərin çoxunda hamamlar 1-2 kvadratdır, qapıları isə plastikdir, nəfəslikləri yoxdur. Ona görə içəri dəm qazı dolduğu halda ölüm hadisələri ilə nəticələnir”.

E.Nurəliyev həmçinin bildirib ki, dəm qazından boğulma halları ən çox sobalar standartlara uyğun olmayanda baş verir:

“Ondan sonra insanların məsuliyyətsizliyi, boruların düzgün təmizlənməməsi və sair səbəblər var. Bu zaman yanma prosesi düzgün getmir. Oda baxanda görünür ki, gurultu ilə yanır.

Yaxud da sönür, təzdən yandırırlar. Elə də olur ki, boruları evin bir otağından digərinə çəkirlər. Borunun çıxan yerini külək tutur. Odun alışması üçün də hava lazımdır, o da olmayanda yanma prosesi düzgün getmir.

Sadaladığım bütün qaydalara əməl edilsə, dəm qazından qorunmaq olar. Sadəcə standartlara cavab verilsə, bir porblem qalmaz. Məsələn, indi əksər evdə kombi sistemi var. Heç birində belə problem yaşanmayıb.

Çünki kombi çöldə yanır, evə istilik verir. Burda hansı zəhərlənmədən söhbət gedə bilər? Adi məsələlərdir, insanlar əməl etsin. Dəm qazını hiss edən adam da qurtula bilmir.

Çünki qaz dolan otaqda 7 dəqiqə kifayətdir ki, insanın həyatına son qoyulsun. İlk saniyələrdən qaz öz təsirini göstərir. Bəzən deyirlər, kaş bizi çağırardı, kömək istəyərdi. Amma o şəxs huşsuz vəziyyətdə olduğu üçün buna halı qalmır. Təhlükəsizlik qaydalarına əməl edilsə belə hadisələr olmaz”.

Məlumat üçün qeyd edək ki, təkcə noyabr ayında ölkəmizdə dəm qazından 25 nəfər zəhərlənib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.