Vətən savaşına görə fəxri adlar, medallar bu şəxslərə veriləcək – Hərbi ekspert açıqladı

5-12-2020, 09:30           
 Vətən savaşına görə fəxri adlar, medallar bu şəxslərə veriləcək – Hərbi ekspert açıqladı
Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə qələbəmizlə başa çatdı və 30 ilə yaxındır işğal altında olan torpaqlarımız azad edildi. Vətən savaşında Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak oldu. Onların sırasında 103 hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. 1245 hərbi qulluqçumuzun isə müalicəsi davam edir.

Vətən yolunda canını qoyan hərbçilərimiz göstərdiyi xidmətlərə görə dövlət səviyyəsində qiymətləndiriləcək. Artıq Prezident İlham Əliyev Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə bağlı fərman da imzalayıb. Bəs görəsən təltifetmə medalları, fəxri adlar kimlərə və hansı formada veriləcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirdi ki, bu istiqamət üzrə icra orqanları - Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Sərhəd Xidməti təlimatlar verəcək: “Həmin orden və medallara görə müəyyənləşib ki, kimlər ala bilər, hansı qəhrəmanlığı göstərib, vətən qarşısında hansı xidmətləri göstərib. Bu təqdimatlar yazılıb rəhbərliyə təqdim olunacaq. Qərar qəbul ediləndən, məlum komissiyalar baxdıqdan sonra qurumların rəhbərləri, nazirlər və xidmət rəisləri tərəfindən ölkə başçısına hazırlanıb göndəriləcək.

Ali Baş Komandan, cənab Prezident bununla bağlı sərəncam imzalayıb, təltif edəcək. Yeni orden və medallar təsis edildi, ən ali yüksək dərəcəli mükafat “Vətən Müharibəsi” ordenidir ki, bu, müstəsna xidmətlər göstərmiş, dəfələrlə inadkarlıq göstərərək əraziləri azad etmiş, yüksək fədakarlıq göstərən şəxslərə veriləcək. Bu, hərbi hissə komandirləri və ondan yuxarı rəhbərlik edənlər üçün nəzərdə tutulur.

“Zəfər”, “Qarabağ” ordenləri də var. Zəfər ordeni Azərbaycanın ən ali mükafatıdır, “Heydər Əliyev” ordenindən sonrakı orden hesab olunur. “Qarabağ” ordeni “Zəfər” ordenindən sonrakı orden hesab olunur. Ən ali mükafat da qeyd etdiyim kimi, “Vətən Müharibəsi” ordenidir. Füzulinin, Cəbrayılın, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Suqovuşan, Şuşanın azad edilməsi ilə bağlı medalların təsvir forması həddindən artıq gözəldir. Həmin rayonların azad olunduğu gün və tarix medallarda təsvir olunub. Həmin medallar da hərbi qulluqçularımıza veriləcək. Bizdə “Vətən müharibəsində iştiraka görə” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları da təsis olunub. Bilirsiniz ki, Vətən müharibəsində həm öndə döyüşən şəxslər olub, həm də arxa cəbhədə. Əvvəllər bizdə “Rəşadət” ordeni var idi, “Azərbaycan bayrağı” ordeni var idi, “İgidliyə görə”, “Vətən uğrunda” medalları var idi. Bunlar hamısı yeni orden medallarla bərabər veriləcək. Bir şəxs ola bilsin ki, bir neçə rayonun azad edilməsində iştirakına görə medal alacaq, bir də komandanlıq hansı orden və medallara yazılıbsa, onu da ala biləcəklər. Bunun çox mühüm əhəmiyyəti var ki, qələbədə iştirak etmiş şəxslər, qələbədə xidməti olmuş şəxslər bu orden və medallarla təltif ediləcəklər”.

Hərbi ekspert “müharibəyə könüllü yollanan, amma döyüş bölgəsində avtomobil qəzası keçirənlər də təltif ediləcəkmi” sualını da cavablandırıb: “Bunlar hamısı qanunvericilklə müəyyənləşir, mən də tərəfdarıyam ki, əgər müharibə gedirsə, müharibə zamanı fərqi yoxdur, düşmən mərmisindən dünyasını dəyişir, yaxud müharibəyə getdiyi ərazidə avtomaşın qəzasından dünyasını dəyişir. O adamlar da Vətən uğrunda canlarını veriblər. Hansısa başqa bir əraziyə getməyib ki?! Bu müharibə ərazisində olub. Ola bilər ki, düşmən gülləsindən yaralanmayıb, amma müharibə gedən zaman avtoqəzada sağlamlığını itirib. Bu da müharibə gedən zaman, həmin şəraitdə olub. O hərbçilər də nəzərə alınmalıdır və dövlətimiz tərəfindən nəzərə alınır da. Bilirsiniz, yeni situasiya çıxır ortalığa. Bunlar hamısı təhlil olunur. Şəhidlərimizin, hərbçilərimizin zəhmətinin heç bir qarşılığı yoxdur. İnsan ən gənc yaşında canını vətən uğrunda qurban verir. Bu artıq vətənin bir hissəsidir. Bayrağı, dövlətimizi nə qədər seviriksə, şəhidlərimizi də o qədər sevib, onlara dəyər verməliyik. Dövlət onlara diqqət etdikcə cəmiyyət də onlara diqqət ayırmalıdır. Hər kəs etməlidir. Mən şəhid ailələrinin əllərindən öpürəm.

Bir nömrəli məsələ Vətən müharibəsi idi. Döyüşdə olanların təminatı yüksək səviyyədə idi. Heydər Əliyev Fondu həddindən artıq böyük işlər gördü. Texniki təchizat baxımından, mən özüm də bu proseslərin şahidiyəm, demək olar ki hər kəs, həm dövlət, qeyri-dövlət qurumları bu müharibədə səfərbər oldu. Eyni zamanda, hamı narahat idi ki, kompüter, telefon arxasında olan gənclərin gələcəyi necə olacaq. Hər kəs tam əksini gördü. Bu onu deməyə əsas verir ki, daim bu torpaqlarda vətənpərvər gənclik yetişəcək”.

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.
“Yeni Müsavat”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.