Ötən il pensiya, müavinət və təqaüd alan şəxslərin sayı açıqlanıb

21-01-2021, 10:31           
Ötən il pensiya, müavinət və təqaüd alan şəxslərin sayı açıqlanıb
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 fevral tarixli 1802 nömrəli Sərəncamına əsasən 2019-cu il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2020-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən 2021-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1232,2 min nəfər olmaqla ölkə əhalisinin 12,3 faizini təşkil edib. Həmin dövrə 412,0 min nəfər sosial müavinət, 289,0 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2020-ci il ərzində birdəfəlik müavinət alanların sayı 91,0 min nəfər olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2021-ci il yanvar ayının 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılaraq Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 1800 (artımadək 1500) manat, şəhid, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 500 (300) manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 400 (250) manat, II dərəcə əlilliyi olan şəxslərə 350 (230) manat, III dərəcə əlilliyi olan şəxslərə 300 (210) manat, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər üçün 300 (150) manat, ümumi səbəblərdən l dərəcə əlilliyi olan şəxslər üçün isə (gözdən əilliyi olan şəxslər istisna olmaqla) 130 (100) manat müəyyən edilib.

Bununla yanaşı, ölkə Prezidentinin 2020-ci il 31 dekabr tarixli müvafiq fərmanlarına əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə və ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təsis edilmiş, 2021-ci yanvarın 1-dən onların aylıq məbləğləri uyğun olaraq 2000 və 210 manat müəyyən olunub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin həmin tarixli digər Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və 2021-ci yanvarın 1-dən onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat müəyyən olunub. Bundan əlavə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il tarixli 6 oktyabr tarixli 181-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il yanvarın 1-dən aylıq məbləği övladlığa götürülən uşağa görə 160 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə isə 480 manat olmaqla övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə sosial müavinət müəyyən edilib.

İlkin məlumatlara əsasən 2021-ci ilin əvvəlinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 57,1 manat təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.