“Balayanın başını “Ocağ”ın külünün içinə soxmaq lazımdır”
12-02-2016, 09:24
Cani Zori Balayanın “Ocaq” kitabını Moskvada nəşr etməsinə reaksiyalar...
Azərbaycana qarşı cinayətləri, Qarabağdakı qızışdırıcılıq mövqeyi ilə bizlərə yaxşı tanış olan erməni yazıçı Zori Balayan fevralın 10-da 81 yaşını qeyd edib. Azərbaycanın Xankəndi şəhərində anadan olan Balayan 80-ci illərin sonunda Dağlıq Qarabağda başlayan etnik qarşıdurmaları öz əsərləri ilə qızışdıran millətçi ideoloq kimi də tanınır.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, vaxtilə Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi Balayan bir neçə gün öncə Moskvada 8 cildlik əsərlər toplusunun təqdimatını keçirib. Maraqlıdır ki, tədbir şəhərin İncəsənət İşçiləri Sarayında keçirilib. Rusiya Yazıçılar Birliyi, Rusiya Jurnalistlər Birliyi, “Literaturnaya Qazeta” və “Bədii Ədəbiyyat” federal nəşriyyat evinin təşkilatçlığı ilə baş tutan mərasimdə Balayanın karyerası ərzində yazdığı məqalələr, reportajlar, o cümlədən bədnam “Ocaq” əsərinin daxil olduğu kitablar təqdim edilib.
Məlumdur ki, “Ocaq” bütövlükdə Azərbaycan əleyhinə yönəlib. 1980-ci illərin əvvəllərində yazılan bu cızmaqara bir il sonra kitab şəklində nəşr olunub. Kitabda Zori Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edib. Həmçinin kitabda o, türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
Xatırladaq ki, 1985-ci ilin yanvarında AMEA Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifəsində çalışan İsa Qəmbər Zori Balayanın “Ocaq" kitabına ”Köhnə bayatılar, yeni əfsanələr" adlı cavab kitabı yazmışdı. Üstündən on illər keçəndən sonra Balayanın yenidən bu kitabı dövriyyəyə buraxması, özü də bu fəaliyyətini ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkədə davam etdirməsi suallar doğurur.
Qeyd edək ki, qatil yazıçının ad günü mərasimində Rusiya və Ermənistanın tanınmış ictimai-siyasi və ədəbiyyat xadimləri iştirak ediblər. Onu da xatırladaq ki, Z.Balayan 1999-cu ildə Azərbaycan Baş Prokurorluğu tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. O, 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında baş verən partlayışın təşkilatçısı kimi tanınırdı.
Həmin terror aktı zamanı 13 nəfər həlak olmuş, 42 nəfər isə xəsarət almışdı. 2001-ci ildə İnterpol Azərbaycanın müraciətində siyasi motivlərin üstünlük təşkil etməsi səbəbindən Balayanın adını axtarış siyahısından çıxarıb. 2005-ci ildə İtaliyanın Brandizi şəhərində saxlanılan erməni yazıçısı 5 saat davam edən dindirilmədən sonra sərbəst buraxılmışdı.
Bəs rəsmi Bakının bununla bağlı Moskvaya etirazı olacaqmı? XİN-dən qəzetimizə dedilər ki, məsələni araşdırandan sonra bu barədə hansısa mövqe bildirə bilərlər.
Rusiyada yaşayan azərbaycanlı ziyalılar necə, bununla əlaqədar adekvat addım atmaq, yaxud Balayana meydan verənlərə etiraz bildirmək niyyətindədirmi? Kinorejissor Rüstəm İbrahimov “Yeni Müsavat”ın əməkdaşının bununla bağlı sualını dinləyən kimi “bağışlayın, mən danışa bilmirəm” deyib telefonu qapatdı.
Bugünlərdə Moskvada olmuş professor Cəmil Həsənli isə bildirdi ki, məsələdən onun da xəbəri var: “Bugünlərdə Zori Balayanın Moskvada 8 cildliyi nəşr olunub və 8 cildliyə ”Ocaq" da daxildir. Bununçün biz gərək məsələni hərtərəfli öyrənək, oxuyaq. Mən gözümlə görməmişəm ki, onun içərisində nələr var. Ancaq mən də eşitdim ki, belə bir şey çıxıb. Ondan başqa, Dağlıq Qarabağ haqqında 900 səhifəlik kitab buraxıblar. Biz gərək hamısını oxuyaq, ondan sonra şərh verək ki, nəyi necə etmək lazımdır. Birinci tanış olmaq lazımdır ki, orda nədən söhbət gedir, ondan sonra bu barədə konkret fikir bildirəsən. Yəni mən nəyinsə qarasına danışmağın əleyhinəyəm".
Deputat Fazil Mustafanın isə reaksiyası orijinal oldu. Bildirdi ki, hər il Moskvada erməni müəlliflərin minlərlə kitabı çıxır, ona görə də hansısa kitabın nəşrinə xüsusi diqqət ayırmağa zərurət yoxdur: “Nəşr olunan kitaba ən böyük reaksiya o ocağı söndürmək olardı. Sonra da Balayanın başını öldürdüyü azərbaycanlıların sayı qədər həmin ocağın külünün içinə soxmaq lazımdır. Çıxış yolu budur, başqa nə edəsən?”
Məsələ ilə əlaqədar Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə danışmaq istəsək də, onun görüşdə olduğunu dedilər.