“Krallar oyunu” ilə bağlı bunları bilirsinizmi?

22-03-2021, 07:27           
“Krallar oyunu” ilə bağlı bunları bilirsinizmi?
Şahmatla çox insan maraqlansa da, bu oyunun tarixi, fundamental ideyaları və s. haqqında heç də hər kəs məlumatlı deyil.

Şahmat adı necə yaranıb?
Teref.az xəbər verir ki, şahmat qədim hind oyunu çaturanqdan yaranıb. “Çaturanq” Sanskrit dilində “dörd döyüş bölgüsü” kimi tərcümə edilir. 7-ci əsrdə bu oyun İranda yayılmış və “şatranc” adlandırılmışdı. “Şahmat” sözü də məhz fars dilindəndir. Oyunçular rəqibin şahına hücum edərkən “şah”, qalib gəldikdə fars dilində “Şah mat” (şah öldü) deyirdilər.

Şahmat avtomatı

1770-ci ildə macar Volfqanq fon Kempelen şahmat avtomatı icad etmişdi. Avtomat insan boyu uzunluğunda fiqurundan və onu “işə salan” qəliz mexanizmdən ibarət idi. Avtomatın mexaniki əli fiqurları hərəkət etdirirdi.

Deyilənlərə görə, bu avtomat hətta Napoleon Bonapart və Benjamin Franklinə də qalib gəlmişdi.

Lakin bir neçə ildən sonra, avtomatın kələk olduğu məlum oldu. Avtomatın içərisində həqiqi şahmatçı otururmuş. Mexanizmləri tamaşaçılara hər dəfə nümayiş etdirəndə isə şahmatçı gizlənirmiş.

Sonsuz imkanlar

Hər iki tərəfdən üç gedişin ardından on milyondan artıq pozisiya imkanı yaranır. Amerikalı riyaziyyatçılardan biri təkrarlanmayan partiyaları sayaraq Şennon rəqəmini çıxarıb. Alimə görə, mümkün unikal partiyaların sayı 10120-dir. Mümkün ən uzun teorik partiya isə 5949 gedişdən ibarətdir.

Ən uzun və qısa şahmat oyunu

Ən qısa şahmat partiyası “axmaq mat” adlanır, iki gedişdən ibarətdir: 1. f3 e5 2. g4 Qh4++.Heç-heçə və ya məğlubiyyət hətta oyun başlamamışdan da baş verə bilər. Bu, oyunçu oyuna gəlmədiyi zaman baş verir. Ən uzun şahmat oyunu Belqradda 1989-cu ildə İvan Nikoliç və Qoran Arsoviç arasında olub. Oyun 20 saat 15 dəqiqə davam edib. Oyun zamanı 269 gediş edilib və oyun heç-heçə bitib.

Ən dəyişkən fiqur

Vəzir fiquru tarix boyu müxtəlif dəyişikliklərlə üzləşib. Əvvəllər bu fiqur yalnız diaqonal üzrə, sonralar yalnız iki xətt üzrə, sonralar atın gedişi kimi gedə bilirdi. Hazırda isə vəzir həm diaqonal, həm horizontal, həm vertikal hərəkət edə bilir. Əvvəllər o, təkcə şahın köməkçisi idi, hazırda isə şahmat oyununda ən güclü fiqurdur.

Gözübağlı şahmat oyunu

Gözübağlı şahmat oyunu mövcuddur. Bu zaman oyunda fiqurları hərəkətə gətirmək üçün bir vasitəçi olur. Gözübağlı şahmat sahəsində çox güclü olan insanlar vardır. Belə bir şahmat yarışında macar şahmatçı Yanoş Fleş gözüyumulu eyni anda 52 rəqiblə oynayaraq, 32 oyunda qalib gəlmiş və rekorda imza atmışdı.

Yuxulamamaq üçün şahmat saatı

Əvvəllər şahmat saatsız oynanılırdı. Bzən oyunçular bir oyunu bir sutkayadək uzadırdılar. 1851-ci ildə şahmat turniri zamanı oyunun çox uzanması və hər iki rəqibin yatıb qalması səbəbindən oyun yarımçıq qalmışdı. 1862-ci ildə Londonda şahmat oyunlarında qum saatı istifadə edilməyə başlanıldı. İlk mexaniki şahmat saatı 1883-cü ildə Tomas Uilson tərəfindən kəşf edildi. Müasir düyməli şahmat saatları isə ilk dəfə Vinhoff şirkəti tərəfindən 1900-cü ildə yaradılıb.

Şahmat və insan beyni

Psixoloqlar tez-tez bildirirlər ki, şahmat yaddaşı yaxşılaşdırmağın ən effektiv üsullarından biridir. Şahmat çətin işlərin öhdəsindən gəlməyə və yeni ideyalar düşünüb tapmağa kömək edir. Təəccüblü deyil ki, Alçqeymer xəstəliyi ilə mübarizədə şahmat oynamaq məsləhət görülür. Bir çox insanlar hesab edirlər ki, şahmat yalnız yüksək intellektli insanlar üçündür. Lakin hər kəs şahmat oynamağı öyrənməklə intellektini yüksəldə bilər. Tədqiqatlar göstərib ki, şahmat oynamaq beyinin hər iki yarımkürəsini aktivləşdirir, konsentrasiyanı, tənqidi düşünmə tərzini yaradıcılıq və oxu vərdişlərini gücləndirir.

İlk şahmat lövhəsi

Ağ və tünd rənglərin növbələşdiyi ilk şahmat lövhəsi 1090-cı ildə Avropada yaranıb.

Yalançı din xadimi

İlk qatlanan şahmat lövhəsi 1125-ci ildə bir din xadimi tərəfindən hazırlanıb. Kilsə şahmat oyununu qadağan etmişdi, bu səbəbdən həmin din xadimi kitab formasında, qatlana bilən şahmat lövhəsi hazırlayaraq kilsədə gizlətmişdi.

Qorxulu məğlubiyyət

Qədim Hindistanda şahmat oyununda məğlub olan insanın əlindən bir barmaq kəsmək adəti vardı.

Kosmos və Yer arasında ilk oyun

Kosmos və Yer arasında ilk şahmat oyunu 1970-ci ildə “Союз-9” ekipajı ilə baş vermişdi, oyun heç-heçə bitsə də, qəzetlərdə başlıq kimi dərc edilmişdi.

Krallar oyunu

Şahmata "krallar oyunu" da deyilir, çünki qədimdə onu yalnız krallar oynayırdı. (İkisahil.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.