Türkanda mülkü əlindən alınan ağbirçəklər üç gündür aclıq edir - ÇƏKİŞMƏ...

16-04-2021, 08:30           
Türkanda mülkü əlindən alınan ağbirçəklər üç gündür aclıq edir - ÇƏKİŞMƏ...
Bakının Türkan qəsəbəsində 80-90 yaşlı ahıl qadınlar aclıq aksiyası keçirirlər. Onlar saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına, yaxınlarına vəkil tutmaqda kömək etmiş Natiq Məhəmmədsoyun qanunsuz həbsinə etiraz olaraq aclıq edirlər.

Artıq 3 gündür ki, aclıq aksiyası keçirən qadınların durumu pisləşib. Bu üzdən həkim çağırılıb, onlara tibbi müdaxilə olunub. 76 yaşlı Tamara Süleymanovanın vəziyyəti aprelin 14-də ağırlaşıb, saat 12:00 radələrində həkiminin tibbi müdaxiləsindən sonra durumu nisbətən düzəlib. Buna baxmayaraq, Tamara Süleymanova aclığı dayandırmaq niyyətində olmadığını bildirib.Həkimlər ahıl qadınların aclığı dayandırmasını istəyir, onlarsa buna qəti etirazlarını bildirirlər.

“Baş prokurorun qəbuluna 5 dəfə getmişik. Hər dəfə bir söz deyib yola salırlar. Biz qanunların işləməsini istəyirik. Bizi sənəd üzərində öldürüblər onsuz da. Qoy aclıq edib ölək, canımız bu haqsızlıqdan, ədalətsizlikdən qurtarsın” - Əzizəxanım Atayeva belə deyir.

Natiq Məhəmmədsoyun anası, 78 yaşlı Tamara Süleymanovaya da həkimlər aclığı dayandırmağı israrla tövsiyə edib. “Həkim deyir ki, nənə, sənin yaşında aclıq eləmək ölümə getmək deməkdir. And verir ki, yeyim. Deyirəm, ay bala, onsuz da məmurlar haqsızlıqlarla bizi öldürürlər. Ya elə öldüm, ya belə, nə fərqi var? Onsuz da balamı şərləyib salıblar ora, hər yemək yeyəndə, su içəndə yadıma düşürdü, boğazımdan keçmirdi. Adamlar sağ ola-ola ölüm kağızı düzəldib, camaatın torpaqlarını satanları türmədən buraxırlar, günahsızı tutub həbsxanaya salırlar. Mehriban xanıma müraciət yazmışıq, istəyirik ki, bizlərə qarşı ədalətsizliklərə son qoyulsun”, - Tamara Süleymanova belə deyib. Onun ailə üzvləri bildirib ki, həkim onun insult riski olduğunu deyib.

91 yaşlı Xumara Şabanova da aclığı dayandırmaq istəmir: “Daşqın Nəsirov bizləri öldürüb, torpaqlarımızı da satıb. Getmişik Natiqin qapısına ki, bizə vəkil tap. O da tapıb. Onu da tutublar ki, bəs sən niyə bu qoca analara kömək eləmisən. Allahın qəzəbi üstlərindən əskik olmasın bunların. Bizi bu yaşımızda 3 uşaq atası olan Natiqin haqqına saldılar, günahı olmaya-olmaya ”içəri" saldılar. Daşqını tutdular, 2 ay sonra da açıb buraxdılar. O da çıxıb deyir ki, başınıza oyun açacağam. Artıq intihar həddinə çatmışam. Övladlarım və nəvələrim maddi baxımdan çox ağır vəziyyətdədir. Daşqının, onun ətrafının ələ keçirdiyi torpaq övladlarımın güman yeri idi. 36 yaşında həyat yoldaşımı itirmişəm, altı uşağı tək böyütmüşəm. Bu illər ərzində zülm çəkmişəm, amma belə haqsızlıq, ədalətsizlik, qudurğanlıq görməmişəm. Məni vadar eləyirlər ki, özümü asım. Özüm də yazım qoyum ki, mənim işimə düzgün baxmadıqlarına görə buna məcbur oldum. Mənim bu yaşda dövlət orqanlarını gəzən, ekranlarda göstərilən vaxtım deyil. Onsuz əvvəl də gündə bir dəfə çörək yeyirdim, 3 gündür onu da ləğv eləmişəm..."

Aksiya keçirən Türkan sakinlərini aprelin 12-də baş prokurorun köməkçisi qəbul edib. Onlara bildirilib ki, torpaqla bağlı problem həllini tapacaq. Bundan əvvəl isə ahıl qadınları Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov qəbul edib. “Hər dəfə deyirlər ki, işə baxacaqlar. Hər dəfə də daha artıq qanunsuzluqla qarşılaşırıq. Torpağımızı satıblar, pulumuzu vermirlər. Haqqımızı istəyirik, bizə kömək edən Natiq Məhəmmədsoyu tuturlar. Evlərimizdə qanunsuz axtarış aparırlar. Mehriban xanıma da yazdıq, istəyirik ki, bizi qəbul etsin, dinləsin. Ümidimiz onadır” - Əzizəxanım Atayeva belə deyir.

Qeyd edək ki, Əzizə Atayeva və Xumara Şabanovanın əmlakını saxta sənədlərlə satmağa görə 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə sakini Çingiz Səfərovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Əvvəlcə Rahil Babayev və Çingiz Səfərov həbs edilib, Daşqın Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Mart ayında Daşqın Nəsirov səhhətindəki problemlər əsası ilə ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır. 55 yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silah onun deyil. Səbəb isə qəsəbə sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya yardım etməsidir. Ahıl qadınların aclıq aksiyasına daha 4 qadının da qoşulacağı bildirilir.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.