Azərbaycanı nə gözləyir? ‘‘Əhalinin sosial halı ciddi pisləşməkdədir’’ – təhlilçilər

16-04-2021, 09:57           
Azərbaycanı nə gözləyir?
ŞƏKLİN MƏNBƏYİ,AZIZ KARIMOV/GETTY IMAGES
44 günlük müharibə nəticəsində 3 on illik işğal altında olmuş ərazilərinin böyük bir hissəsini azad edən Azərbaycan müharibədən sonra necə görünür? Ölkədə hansı problemlərin öhdəsindən gəlinib, hansı məsələlərdə isə dəyişiklik yoxdur?

BBC News Azərbaycanca yerli və xarici təhlilçilərdən, o cümlədən millət vəkillərindən Azərbaycan hakimiyyətinin insan haqları, siyasi azadlıqlar, kadr islahatı, iqtisadi durumu, Azərbaycanın Avropa ilə münasibətləri barədə rəylərini öyrənib.

"Hakimiyyətin cəmiyyəti ovutmaq niyyəti"
Siyasi psixoloq Samirə Qasımlıya görə hakimiyyət ictimai rəydən çəkinir.

"Əvvəllər belə bir düşüncə hakim idi ki, hakimiyyət istədiyini edir, ictimai rəylə ayaqlaşmır və özünü çox güclü hesab edir. Amma son illərin hadisələrindən bu qənaətə gəlirəm ki, hakimiyyət ictimai rəydən çəkinir və onunla hesablaşmağa çalışır və bunu o şəkildə edir ki, heç də özünün zəifliyini, gücsüzlüyünü göstərməsin," - Samirə Qasımlı deyir.


Amma o hesab edir ki, hakimiyətin ictimai rəyi nəzərə alması heç də geri addım atmaq məqsədiylə yox, ''cəmiyyəti ovutmaq'' niyyəti ilə bağlıdır.

Onun fikrincə, 2020-ci ilin seçkiləri ərəfəsində iqtidarın yaratdığı ovqat, islahatlarla bağlı deyilənlərin "hamısı cəmiyyəti ovutmaq üçün" olub və bu ümidlər altında ''dövrü adlatmaq'' məqsədi güdüb.

"Bu onu deməyə əsas verir ki, hakimiyyət insanların ovqatından yaxşı xəbərdar olduğuna görə, bu kimi siyasi-texnologi addımlar atır," - Samirə Qasımlı BBC News Azərbaycancaya deyib.


Onun fikrincə, hazırkı sosial təzyiqin nə qədər müddət davam edəcəyini ''heç kəs deyə bilməz''.

Siyasi psixoloq hesab edir ki, hakimiyyət maxsimum dərəcədə öz təbliğat vasitələri ilə qələbə eyforiyasını körükləməyə, isti saxlamağa çalışır ki, diqqət sosial problemlərə, narazılıqlara cəmlənməsin.

"İlham Əliyevin tez-tez Şuşaya getməsi, azad olunmuş bölgəyə səfərlər, özünü orada qalib komandan kimi göstərməsi, bütün hakimiyyət yönümlü medianın PR-ı bunu üzərində qurması, Füzulidə hava limanı və s. hamısı layihələrdir. Bütün bu layihələr bu müharibənin davamı olan layihələrdir ki, biz nəinki torpaqları azad etdik, artıq orada bərpa işləri də görürük. Hakimiyyətin siyasəti bu dəqiqə bu görüntünü üzərində qurulub. Əhalinin sosial halı ciddi pisləşməkdədir və bir gün artıq Qarabağ kartını geridə qoymuş olacaq," - Samirə Qasımlı deyib.

Amma Samirə Qasımlı sosial narazılığın pik həddə çatdığını düşünmür, onun qənaətincə, Azərbaycanda əhali "dolana bilir" və vəziyyət sosial partlayış həddinə çatacaq qədər deyil:

"Pis də olsa, dolana bilir, acından ölmür. Ölkədə dövr edən pullar necəsə insanlara çatır, sonra fırlanıb dövrəsini başa vurur. Bu səkildə insanlar faydalanırlar, amma insanların rifahı yoxdur".

"Polad Həşimovun şəhid olması xəbəri qığılcım oldu"
Siyasi psixoloqa görə, koronavirus pandemiyası bir ildən çoxdur ki, insanların tək siyasi baxışlarına yox, həm də psixoloji vəziyyətinə ciddi təsir göstərib, qapanmalar və açılmalar psixoloji gərginlik yaradıb:

"Biz bu gərginliyi bu ilin yayında gördük. İyulun 14-də general Polad Həşimovun şəhid olması xəbəri cəmiyyətdə bir qığılcım, bir partlayış oldu. İlk dəfə idi ki, Azərbaycan generalı döyüş şəraitində həlak olurdu. Bu, şüuraltı toplanmış qəzəbin partlaması üçün bir qığılcım oldu. Baxmayaraq ki, sərt karantin qaydaları idi, küçəyə çıxmaq yasaq idi, amma insanlar küçəyə axışdı və müharibə tələb etdi".

Ötən yay, İkinci Qarabağ müharibəsinin başlamasınan təxminən 2 ay əvvəl Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atəşkəs pozulmuş, bir neçə gün döyüş getmiş, Azərbaycan aralarında bir general-mayor olmaqla 11 hərbçisini, 1 mülki şəxsini itirmiş, Ermənistanda iki polis əməkdaşı yaralanmışdı.

Samirə Qasımlı hesab edir ki, adətən, stresli, depressiv cəmiyyətlərdə bu özünü nəticə etibarı ilə partlayışla göstərir.

Onun fikrincə, müharibə tələb edən və onu alan cəmiyyət "çoxdan gözlədiyi qələbənin eyforiyasına" qapıldı, amma insan fizioloji olaraq "xoş xəbər eyforiyas"ı ilə uzun müddət yaşaya bilməz.

"Qələbə eyforiyası çəkildikcə, insanlar öz sosial-iqtisadi problemləri ilə yenidən üz-üzə qaldı və narazılıqlar yenidən üst-üstə yığılır", o əlavə edir.


"Azərbaycanlılar siyasətdən uzaqda deyil"
Siyasi psixoloq hesab edir ki, sosial narazılıqlar sonradan siyasiləşə bilir və nəticələri "heç də yaxşı" olmur.

Samirə Qasımlı Azərbaycan vətəndaşlarını siyasətdən "heç də fərz edildiyi kimi uzaqda" saymır və bunu "İmpuls" müstəqil tədqiqat mərkəzinin sorğusunun nəticələri ilə əsaslandırır.

Sorğu 2020-ci ilin iyun-avqust aylarında "Azərbaycan vətəndaşlarının sosial-iqtisadi və ictimai-siyasi baxışlarının ölçülməsi" ilə bağlı keçirilib. Bakı-Sumqayıt-Gəncə daxil olmaqla 19 inzibati ərazi vahidi üzrə 1107 respondent arasında həyata keçirilən sorğuda iştirak edənlərin 50,2 faizi qadın, 49,8 faizi isə kişi olub.

Samirə Qasımlı BBC News Azərbaycancaya deyib ki, sorğunun nəticələri Azərbaycan əhalisinin 81 faizinin siyasi məlumatlı olduğunu göstərib.

O əlavə edib ki, əhali proseslərə reaksiya verməsə belə, siyasi məlumatları izləyirlər. Onlar istər hakimiyyətin, istər müxalifətin fəaliyyətindən məlumatlıdırlar, amma sosial etiraza hazır deyillər.

"İnsanların inana biləcəyi siyasi güc yoxdur ki, məhz ona inanıb, onun arxasından kütləvi siyasi etiraza qalxsın. İndiki vəziyyətdə inamsızlıq, güvənsizlik mühitində insanlar təkcə sosial deyil, məhkəmələrlə, polislə olan problemlərində də təkbaşına qalıblar. Özlərini aciz hiss edirlər. Bütün baş verənlərə onların reaksiyası isə öz aralarında müzakirədən ibarətdir," - Samirə Qasımlı deyib.

"Demokratiya və insan hüquqları məsələləri proritet olacaq"
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, professor Richard Kauzlarich hesab edir ki, hər nə qədər Azərbaycan Qarabağ münaqişəsinin tarixə qovuşduğunu desə də, bu, əslində belə deyil.

Onun fikrincə, noyabrda müharibənin başa çatması məsələni həll etməyib və fərqli mərhələ üçün münaqişəni dondurub.

Amma cənab Kauzlarich hesab edir ki, Rusiya və Türkiyənin məsələyə birbaşa müdaxiləsi münaqişənin həllini daha irəliyə aparmaq imkanı yaradıb.

Tank qalığıŞƏKLİN MƏNBƏYİ,TASS/GETTY IMAGES
Müharibədən sonra Azərbaycan əhalisində məyusluq müşahidə edən keçmiş səfir bunu məcburi köçkünlərin dərhal qayıda bilməməsi, rus sülhməramlıların gəlişi və dağıntıların miqyası ilə əlaqələndirib.

Richard Kauzlarich müharibədən sonra fundamental fərqlər olduğunu düşünür və İlham Əliyevin Minsk Qrupunun timsalında Qərbi, ABŞ-ı tənqid etməsindən təəssüflənir və hesab edir ki, "nə iş görmək mümkün idisə, edilmişdi".

Onun sözlərinə görə, əgər Azərbaycan səmimi olaraq, ABŞ və Avropanın münaqişənin həllində müsbət mənada "dərindən iştirakını istəyirsə, açıq öhdəlik götürməlidir ki, nəinki iqtisadi yaxınlıq edəcək, həm də demokratiya və insan hüquqları məsələlərinə proritet kimi yanaşacaq".


"Biz bu filmi əvvəllər görmüşük"
Keçmiş səfir müharibədən sonra da elə əvvəl olduğu kimi, Azərbaycanın ''Qərbə yaxınlaşmaq niyyətini'' müşahidə etmir.

"Sosial problemlər müharibədən əvvəl də davam edirdi və hökümət buna yanaşmada uğurlu deyildi. İndi isə iqtisadi sahədə müharibədən başqa, pandemiya da qlobal olaraq öz təsirini göstərdi və normal iqtisadi nəticələri aşağı saldı. Bu, Azərbaycana birbaşa təsir etdi, çünki Azərbaycan iqtisadiyyatı enerji məhsullarından, neft və qaz ixracından asılıdır. Əvvəlki dövrdə Azərbaycan bunlardan asılılığını azaltmaq üçün heç nə etmədi. İqtisadiyyatı diversifikasiya etmədi, digər sahələrə diqqət ayırmadı və bu gün dünyada karbon emissiyasını azaltmaq üzrə siyasət aparırlar," - Richard Kauzlarich bildirib.

O düşünür ki, Azərbaycan höküməti iqtisadi və sosial çətinlik içərisindədir. Onun sözlərinə görə, indi insanlarda korrupsiya barədə narahatlıq artmaqdadır və Belarusda baş verənlər buna açıq misaldır.

"Azərbaycan höküməti başa düşməlidir ki, əgər Washington adminstrasiyasından Azərbaycana hər hansı bir diqqət olacaqsa, bu, enerji, təhlükəsizlik məsələləri olmayacaq. Bu, insan hüquqlarının pozulması, Azərbaycan vətəndaşlarının demokratiya uğursuzluğu və ölkədə ifadə azadlığının uğursuzluğu məsələlərində olacaq," - keçmiş səfir deyib.

Cənab Kauzlarich BBC News Azərbaycancaya onu da bildirib ki, bir müddət əvvəl bəzi müxalif qüvvələrin təmsil olunduğu Milli Şura sədri Cəmil Həsənlinin qızı ilə bağlı yayılan video hökümətin ona təzyiq etməsinin göstəricisidir.

"Onu təhlükə kimi görürlər. O, hökümətlə razılaşmır və tənqid edir. Amerikalıların ifadəsi ilə desək, "biz bu filmi əvvəllər görmüşük". Bu, Xədicə İsmayılova və başqalarına qarşı daha əvvəllər də baş verib," - Richard Kauzlarich deyib.

Richard KauzlarichŞƏKLİN MƏNBƏYİ,RON AIRA/ GEORGE MASON UNIVERSITY
Şəklin alt yazısı,ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, professor Richard Kauzlarich hesab edir ki, hər nə qədər Azərbaycan Qarabağ münaqişəsinin tarixə qovuşduğunu desə də, bu, əslində belə deyil
Bir müddət öncə internet resurslarında Cəmil Həsənlinin qızının intim görüntüləri olan video yayılmışdı. Cəmil Həsənli bunu hakimiyyətin ona qarşı təzyiqi kimi qiymətləndirmiş, bu çəkilişin arxasında xüsusi xidmət orqanlarının durduğunu iddia etmişdi.

Prezident Adminstrasiyasından isə bildirilmişdi ki, hakimiyyətin bu hadisə ilə əlaqəsi yoxdur və "bu məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb və tapşırıq verilib ki, bu cinayətin üstü açılmalıdır".


Mehman Əliyev: "Həbslər, təzyiqlər və biz qayıtdıq əvvəlki vaxta"
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycan hakimiyyətinin davranışlarında müsbətə doğru heç bir dəyişiklik görmür, onun cəmiyyətə, mətbuata, siyasi partiyalar və müxalifətə münasibətləri əvvəlki vəziyyətə, yəni müharibədən qabaqkı dövrə qayıdıb.

"Turan" rəhbəri polisin martın 8-də qadınların şəhər mərkəzində keçirdiyi aksiyanı dağıtmasına, ardınca aksiya təşkilatçılarına təzyiq üçün onlardan bəzilərinin şantaj videosunun yayılmasına diqqət çəkir.

Bir qrup feminist 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakının mərkəzində aksiya keçirmək istəsə də, polis bunun qarşısını almışdı. Elə həmin günlərdə bəzi feminist fəallarının şəxsi yazışmaları sosial mediada yayılmışdı. Onlar bunda hakimiyyəti günahlandırırlar. Hüquq-mühafizə orqanları isə bu iddiaları rədd edirlər.

Bakıda 8 mart aksiyasında polisin saxlanılan fəalŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
"Media ilə bağlı KİVDF (Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu -red.) ləğv olundu, yeni bir agentlik yaradıldı, amma biz görürük ki, həmin medialardır, həmin qrantlardır və heç bir dəyişiklik yenə də yoxdur. Jurnalistlərin həbsi, bloggerlərə təzyiqlərdə biz bunları görürük. Siyasi partiyalara münasibətdə biz yenə də kompromatları görürük,"- Mehman Əliyev BBC News Azərbaycancaya deyib.

Siyasi təhlilçi bildirib ki, müharibədən qabaq Azərbaycanda böyük özəlləşdirilmənin başlanması üçün qərar verilsə də, indi bu sahədə tam durğunluqdur və elan edilən proqram hazırlanmayıb.

Mehman Əliyevin fikrincə, müharibədən əvvəlki siyasətə qayıtmaqda hakimiyyət idarəetmədə inhisarçılığı əlində saxlayır, onu vətəndaş cəmiyyəti, biznes təmsilçiləri, siyasi partiyalar və media ilə bölüşmək fikrində deyil.

"Azad olunmuş torpaqlarda şəffaflıq olmadan görülən işlər"
Onun qənaətincə, bu gün Azərbaycanda siyasi hakimiyyət və kapitalın bir əldə cəmləşmə prosesi gedir və dövlət vəsaitləri "yaratdıqları şirkətlər" vasitəsilə "əslində hakimiyyətdə olan qrupların birbaşa varlanmaq mənbəyi"dir.

Mehman Əliyev işğaldan azad olunan bölgələrdə gedən bərpa işləri barədə də müsbət yanaşma görmür. Onun sözlərinə görə, indiyə kimi böyük ümidlər olsa da, işğaldan azad olunmuş torpaqlarda tikinti-bərpa işləri tenderlərsiz başlayıb və şəffaflığa riayət edilməyib.

BBC News Azərbaycancaya müsahibəsində Mehman Əliyev deyib ki, əslində xarici siyasət, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış beynəlxalq Minsk Qrupu prosesində də durğunluq yaşanır və ciddi hərəkət yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev müharibə dövründə və sonra da dəfələrlə Minsk Qrupunun fəaliyyətini tənqid edib. Müharibə bitəndən sonra bölgəyə səfər etmiş Minsk Qrupu həmsədrləri aprelin 13-də bəyanat yayaraq tərəfləri "ən yüksək səviyyəli siyasi dialoqu mümkün qədər tez bərpa etməyə" çağırırlar.

Həmsədrlər bu həftə, ilkin şərtlər olmadan tərəflərin öz prioritetlərini əks etdirən strukturlaşdırılmış gündəliyi nəzərdən keçirə və razılığa gələ bilmək üçün öz himayələrində birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayıblar.


"Problemlər özünə daha çox meydan qazanır, nəinki uğur salnamələri"
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc BBC News Azərbaycancaya deyib ki, dövlət tərəfindən görülən çox böyük miqyaslı işlərin yaxşı təqdim oluna bilməməsi pessimizm yaradır, ictimai əhval-ruhiyyəni korlayır, apatiya doğurur, nihilizmə səbəb olur.

Onun sözlərinə görə, pandemiya və müharibə vəziyyəti böyük ölçüdə dəyişib. Cənab Oruc bildirib ki, pandemiya qlobal məsələdir, müharibə isə gözlənilmədən, Azərbaycandan asılı olmadan başlayıb:

"Bunlar olmasaydı, Prezidentin 2019-cu ildə başlatdığı islahatlar genişlənəcəkdi. İdarəetmə getdikcə yeni mərhələyə qədəm qoyacaqdı və bu yeni elita fərqindədir ki, millətin onlardan çox böyük gözləntiləri var. Onu da bilirlər ki, bu inam krediti çox sürətli bir şəkildə xərclənir. Prezident və Mehriban xanıma olan inam nə höküməti, nə bütövlükdə dövlət idarəetmə sistemini, nə digər hakimiyyət qollarını səhv nəzərlərə salmamalıdır. Bu sırf şəxsiyyətə bağlı, "dövlət bərabərdir prezident" modelində olan bir baxışdır. Amma cəmiyyət sürətlə dəyişir, o verdiyi krediti sonrakı dövr geri istəyir, həmin o gözləntiləri o zaman da doğrulmayanda, o, mahiyyətcə yeni bir fazaya keçir".

Millət vəkili vurğulayıb ki, yeni siyasi elita vətəndaşların öz narazılıqlarına adekvat reaksiya görmədikdə bu hisslərin aqressiv xarakter almasından və sosial xarakterli məsələlərin getdikcə siyasiləşə bildiyindən xəbərdardır. "Belə olduqda bunun ətrafında reaksiyalar hakimiyyət əleyhinə yönləndirilir və nəticə doğurur," - Zahid Oruc əlavə edib.

O hesab edir ki, qlobal pandemiya və son vaxtlar insanların əhvalındakı dəyişikliklər sanki mənfi xəbərlərin yayılmasını daha da sürətləndirib:

"On minlərlə insanın hüququnu təmin edirsən, amma bir problemin işıqlanması onu kölgədə qoyur. Məsələn, Əfv Komissiyasının iclası 35 saat davam etdi. Bu çox vacib məsələ idi. Amma o nə dərəcədə cəmiyyətə çıxıb öz vacib reaksiyalarını aldı? Bir vətəndaşın isə problemi hardasa qabarır, gündəm olur, müasir kommunikasiya sistemləri də elədir ki, problemlər özünə daha çox meydan qazanır, nəinki uğur salnamələri".

Zahid Oruc deyib ki, islahatlar aparılır və görülən işlər "minlərlədir amma onun təqdimatı bir sıra hallarda qüsurlu vəziyyətdədir".


"Hakimiyyət balans tapa bilmir"
Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva düşünür ki, Azərbaycanda hakimiyyət dəyişiklərə getmir və hökumət məhz ona görə bu prosesləri ləngidir ki, lazımi balans tapa bilmir.

"Balans da odur ki, bir tərəfdən post-neft dövründə gərək sistemdə dəyişiklik edilsin. O biri tərəfdən hakimiyyət istəmir ki, bu dəyişiklər onun öz statusuna, vəziyyətinə hansısa təhlükə yaratsın. Bunun arasında balans tapmaqda çətinlik çəkir. Beləliklə, ya bu prosess yenə də imitasiyaya çevrilir, ya da heç getmir".

Onun sözlərinə görə, ölkədə hələ də QHT-lərlə bağlı məhdudiyyətlər qüvvədə qalır, halbuki bu sahənin mütəxəssisləri işğaldan azad olunmuş torpaqlarda faydalı ola bilərlər.

Leyla Əliyeva hesab edir ki, QHT sahəsindən olan mütəxəssislər, xüsusən də iri dövlət qurumlarının nəzarət şuralarında şəffaflıq məsələlərində rol oynaya bilərlər.

"Dövlət orqanlarına nəzarət mexanizmi gücləndirilməlidir. Birinci addım bu olmalıdır. Hələ ki, yeni yaradılan ictimai nəzarət şuralarında ictimaiyyətin maraqlarını qoruyan insanların təmsil olunması qənaətbəxş deyil. Məsələn, SOCAR-ın Müşahidə Şurası yaradılıb, amma qurumun internet səhifəsində üzvlərin adları belə yoxdur".

Onun sözlərinə görə, hakimiyyət son vaxtlar yaradılan belə nəzarət şuralarını ''islahat'' adlandırsa da, əslində bu qurumlara üzvlər təyin olunur və seçki yolu ilə formalaşmır:

"Əvvəlki illərin təcrübəsindən demək olar ki, bu insanlar hansısa başqa rəsmi strukturların təmsilçiləridirlər. Onları ya rəsmi iş əlaqələri, ya da hansısa qohumluq əlaqələri birləşdirir. Buna nəzarət mexanizmi demək olmaz, buna ciddi yanaşmaq lazımdır".

Leyla Əliyeva islahatın bir elementi kimi qələmə verilən oliqarxlarla mübarizənin "formal getdiyini" və bundan da müsbət nəticə gözləmədiyini vurğulayır.

Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin "oliqarx ovu" şəklində vəzifədən uzaqlaşdırılması əvəzinə sistemin qüsurları, şəffaflığın olmaması ilə mübarizə aparılsa, müsbət nəticə görmək olar.

BBC News Azərbaycancaya danışan bəzi təhlilçilər əlavə ediblər ki, demokratik cəmiyyətlərdə dəyişikliklər hakimiyyət üçün təhlükə sayılmayıb, daha çox adi bir hal olur, amma Azərbaycanda

iqtidar qeyri-məhdud müddətə idarəçilikdədir və dəyişiklikləri özünə təhdid hesab edir.

Leyla Əliyeva BBC News Azərbaycancaya deyib ki, əslində müharibədən sonra İlham Əliyevin islahatları sürətlə aparmaq üçün təbii imkanı yaranıb: "İlham Əliyevin reytinqi müharibə dövründə kəskin qalxıb. Bu o deməkdir ki, müharibədən sonrakı dövrdə bu reytinq getdikcə aşağı düşəcək. O, post-müharibə dövründə normal siyasi, iqtisadi-sosial siyasət aparmasa, reytinqi zəifləyəcək. Bu yüksək reytinq məhz müharibə emosiyalarına bağlıdır. Hər gün nəsə baş verir, problemlər çıxır və Prezidentin yüksək reytinqi dövründə gərək problemlər həllə yönəldilsin".

O əlavə edib ki, yüksək reytinq getdikcə aşağı düşür və bu gün ölkədə azad media olmasa da, ictimai rəyi "çoxlu şikayətlərin dolaşdığı" internet formalaşdırır.


"Pandemiyadan irəli gələn çağrışlar milli məsələləri üstələyir"
Millət vəkili Zahid Oruc deyir ki, Azərbaycan əhalisinin pandemiya və İkinci Qarabağ müharibəsindən sonra problemlərinin xəritəsində dəyişiklik olub.

Onun sözlərinə görə, hər iki amilin təsirindən sonra sağlamlıq qayğıları önə çıxıb və sonradan sosiallaşıb. Bundan başqa, o, ölkənin təhlükəsizlik, suverenlik kimi məsələlərin də qabardığını deyib.

Zahid Oruc Azərbaycanda vətəndaşların hazırki problemlərini belə sıralayır: işsizlik, sağlamlıq məsələləri, məmur-vətəndaş münasibətləri, cəmiyyətdə təbəqələşmə.

"Korrupsiya, iqtisadi sistemdə normal rəqabət mühitinə, məhkəmə sisteminə, icra hakimiyyəti orqanlarına münasibət kimi məsələlər bu siyahının ardınca gəlir," - cənab Oruc bildirib.

Onun fikirncə, sadalanan məsələlərin bir qismi İkinci Qarabağ müharibəsindən əvvəl də mövcud olub, amma sonradan siyahıda yerini dəyişib.

Millət vəkili bildirib ki, müharibədə qələbə boyda böyük bir resurs sonradan çox sürətlə xərclənir:

"Bizdə 30 ildə can atdığımız məkan uğrunda savaş, Ermənistan üzərində qələbə, sonrakı dövrdə problemlər sosiallaşır. Burada praktiki, pandemiyadan irəli gələn çağırışlar milli məsələləri, ideoloji məsələləri üstələyir".


"Prezident dövlətin yeniləşməsində maraqlıdır"
Zahid Oruc hakimiyyətin islahatlar və "Böyük qayıdış" kimi proseslərində iştirak edən şəxs kimi əmin edir ki, hər bir problemdə dövlətin reaksiyası mövcuddur.

Onun sözlərinə görə, dövlətin qarşısında ən mühüm çağırışlar belədir: Qarabağa korrupsiya getməsin, orada hər bir məsələ ədalətli səviyyədə qurulsun, açıq olsun, insanlar rəqabətli bir mühitdə iştirak edə bilsinlər, köçkünlər özləri həmin ərazilərin bərpasında iştirak etsin, neqativliklər olmasın, məlum icra hakimiyyətləri orada gedib hökmranlıq etməsinlər.

O bildirib ki, Prezidentin addımları, sadaladığı bu ideyalara xidmət edir:

"Hakimiyyətdə əvvəlki dövrdə yer alan məmur obrazları və müxtəlif korrupsiya xarakterli cinayətlər, hazırkı dövr yeni elitanın üzərində də sanki daha artıq tələbkarlıq və məsuliyyət qoyur. İnsanlarda o inamın qazanılması üçün çox işlər görülməlidir və bu şübhəçilik müəyyən qisim insanlarda ciddi şəkildə yaşanır. Gündəlik çalışmalar o istiqamətdədir ki, korrupsiya problemləri həqiqətən olmasın".

Zahid Oruc məmur sahibkarlığı və olqarxlarla mübarizəni imitasiya adlandıran tənqidlərə cavab olaraq deyib ki, hazırda 10-a kimi müxtəlif ranqlı məmur həbsdədir.

"Əvvələr deyirdilər ki, korrupsiya və rüşvət problemi ilə mübarizə ranq etibarı ilə orta və aşağı məmurları əhatə edir və bu, qətiyyən cəmiyyəti və beynəlxalq aləmi inandırmır. İndi yüksək ranqlı məmurların həbsində də daima başqa məsələlər qoyulur. İndi sistem xarakterli dəyişikliklər, daha fərqli ictimai nəzarət mexanizmlərinin yaradılması kimi tələblər səslənir," - Zahid Oruc səslənən itthamlara cavabında deyib.

Millət vəkili işğaldan azad olunmuş ərazilərdə işlərin görülməsində tender məsələlərinin tətbiqinin yalnız tam dinc şəraitdə mümkün ola biləcəyini deyib. O bildirib ki, hazırda o ərazilərdə görülən bütün işlər təhlükəsizlik qüvvələrinin tam nəzarəti altında aparılır.

Prezident İlham Əliyev müharibədən sonrakı çıxışlarında vurğulayıb ki, Qarabağda yenidənqurma, tikinti və bərpa işlərini yerli, Türkiyə və Azərbaycana digər dost ölkələrin şirkətləri aparacaq.

Zahid Oruc deyib ki, indiki dövr hakimiyyət qurumları üçün sınaq dövrüdür və yeni elita bunun fərqindədir.

O bildirib ki, pandemiya prosesi zəiflədikcə, hakimiyyətin siyasəti daha güclü formada önə çıxacaq, ona görə ki, Prezident İlham Əliyev dövlətin idarəçilik sistemində, dövlətin yeniləşməsində maraqlıdır.


"Azərbaycan tərəfinin Aİ ilə əlaqələrə daha çox ehtiyacı var"
Avropa Parlamentindəki sosialist qrupun siyasi məsləhətçisi Eldar Mamedov BBC News Azərbaycancaya deyib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın daxili və xarici siyasətində hələ heç nəyi dəyişməyib.

Eldar Mamedov deyib ki, müharibədən sonra da Avropa İttifaqı ilə danışıqlar məsələsində də dəyişiklik yoxdur:

"Avropa tərəfi Azərbaycan iqtisadiyyatının liberallaşmasına çalışır, məsələn, Azərbaycan hava sahəsinin açılmasını istəyir. Müzakirə olunan məsələlərdən biri o olub ki, Azərbaycan hava məkanını hava nəqliyyatı üçün açsın, dövlət bu sahəni daha da liberallaşdırsın. Bu o deməkdir ki, AZAL dövlət şirkəti başqa firmalarla rəqabətə girəcək. Bu, sadəcə, danışıqlarda detallardan biridir. Bunu deyə bilərik ki, iqtisadiyyatın liberallaşdırılmasında əhatə dairəsi və sürəti ilə bağlı hökümətlə Aİ arasında yanaşmalar fərqlidir".

Cənab Mamedov deyib ki, rəsmi Brüssellə Bakı arasındakı heç kəsə sirr olmayan digər bir böyük problem hər iki tərəfin insan haqları, qanunun aliliyi, demokratiya kimi məsələlərə fərqli baxışdır.

Eldar Mamedovun sözlərinə görə, heç də həmişə üçüncü ölkələrlə münasibətdə ardıcıl tətbiq olunmasa da, Avropa Ittifaqı üçün bəzi müzakirə edilməyəcək prinsiplər var:

"Avropa İttifaqının bağladığı bütün beynəlxalq müqavilələr Avropa Parlamenti tərəfindən təsdiq olunmalıdır. Avropa Parlamentində isə insan haqları və fundamental dəyərlər barədə çox güclü mövqe var".

Onun sözlərinə görə, hətta Azərbaycanla hər hansı saziş imzalansa belə, ölkədə insan haqları vəziyyəti hər hansl qərar üçün əsas olacaq.

"Yeni nəqliyyat haqqında çoxlu söhbətlər gedir, xüsusən də müharibədən sonra yeni imkanlar barədə danışılır, amma biz hələ də bunun necə işləyəcəyinə baxacağıq. İcazənizlə vurğulayım ki, Azərbaycan tərəfinin Aİ ilə əlaqələrə daha çox ehtiyacı var, nəinki digərlərinin. Bu məsələdə Azərbaycan tərəfindən gözləntilər real olmalıdır," - Eldar Mamedov deyib.

"Bu il Naxçıvana quru yolu ilə səhayət etmək mümkün olacaq"
Hakim Yeni Azərbaycan partiyasından millət vəkili Aydın Mirzəzədə BBC News Azərbaycancaya açıqlamasında deyib ki, ölkənin İkinci Qarabağ müharibəsindən sonra prioritet istiqamətləri var.

"Azərbaycan dövlətçiliyinin 200 illik, müstəqil dövlətin üzərində isə 30 ildir duran bir problem həll edilib. Prioritet istiqamətlərdən birincisi işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi, komunikasiyaların düzəldilməsi, məcburi köçkünlərin geri qaytarılmasıdır. Bu, böyük xərc tələb edir, amma bu işlərə artıq başlanılıb".

Onun sözlərinə görə, dövlətin ikinci əsas istiqamət kimi müəyyən etdiyi - Naxçıvan bölgəsinə nəqliyyat dəhlizinin açılmasıdır.

Aydın Mirzəzadə bildirib ki, Naxçıvana nəqliyyat dəhlizi üzərində Azərbaycan, Rusiya və Ermənistandan olan üçtərəfli komissiya işləyir:

"Hesab edirəm ki, artıq bu il Naxçıvana quru yolla səhayət etmək mümkün olacaq. Daha sonra isə oradan Türkiyəyə və digər istiqamətlərə də səfər etmək olacaq. Bu, böyük geo-siyasi problemin həlli, həm də məhsulların, xidmətlərin maya dəyərinin xeyli azalması deməkdir".

Aydın Mirzəzədəyə görə, hökümət ardıcıl iqtisadi tədbirlər həyata keçirir və sosial vəziyyəti sabit saxlayır və Neft Fondun sayəsində manat sabitdir:

"İndi neftin qiymətinin necə olması Azərbaycan iqtisadiyyatına, büdcəsinə ciddi təsir etmir", o deyir.

Vahid Əhmədov: "Bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz"
İlham Əliyev hakimiyyətində kadrlar niyə çıxarılır və həbs edilir?
"Biz istəyirik ki, ittiham edənlər təkliflərini versinlər"
Aydın Mirzəzadəyə görə, üzun müddət ölkə gəlirlərinin əhəmiyyətli hissəsi hərbi sahəyə, eyni zamanda məcburi köçkünlərin problemlərinə xərclənib, amma "daha bu məsələlər aradan qalxıb".

O, sadaladığı sahələrdə çəkilən xərclərin səviyyəsinin bir müddətdən sonra azalacağını düşünür.

"İnsanların sosial vəziyyətinin stabil qalması üçün dövlət tərəfindən addımlar atılır. Manat sabitdir, iş yerlərinin sayının artırılmasına çalışılır, pensiyalar mütəmadı artırılır və ya indeksasiya olunur. Hesab etmirəm ki, sosial vəziyyət Avropa ölkələri səviyyəsindədir, ancaq Qarabağ münaqişəsi həll edildiyinə görə, o tərəfə artıq cəlb edilən vəsait tədricən daha çox sosial sahəyə yönləndiriləcək".

Millət vəkili bildirib ki, işğaldan azad edilmiş torpaqlarda tikinti-bərpa işlərində hələ heç bir tender elan edilməyib və orada Azərişıq və Azəravtoyolun gördüyü işlər də onların vəzifə səlahiyyətləridir.

O əmin edib ki, Qarabağın bərpası məsələlərində açıq tenderlər olacaq.

"Azərbaycanda çox böyük islahatlar gedir, kimsə bunu görmürsə, bu onun istəyidir, biz onu zorla inandırmağa çalışmaq fikrində deyilik," - Aydın Mirzəzadə deyib.

Onun fikrincə, Azərbaycanda heç kəs medianı tənzimləmək fikrində deyil və yeni yaradılan agentlik mediaya dəstək üçündür:

"Heç kəs nə həmin agentlik vasitəsiylə hansısa mətbuat orqanının informasiya siyasətini nəzarət altına almaq, nə onlara təsir göstərmək fikrindədir. Əvvəlki o senzura, nəzarət, bunlar 1998-ci ildə qaldı".

İcra başçıları, nazir müavinləri, generallar niyə həbs olunur?
İlham Əliyev: "Hələ hesab edirik ki, hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər"
"Qanun qarşısında heç kimin immuniteti yoxdur"
"8 martda bir qrup qadın aksiya keçirmək istədi. Birincisi, ora kütləvi aksiya keçirmək yeri deyil, insanların istirahət yeridir. İkincisi isə ictimai asayişin qorunması var. Ona görə də həmin yerdə insanlar saxlanıldı, amma həmin insanlara cinayət işi açılmadı, onlar uzun müddət həbsə alınmadılar, polisdə xəbərdarlıq edilib həmin gün də buraxıldılar, - Aydın Mirzəzadə deyib.

O, polisin aksiyadakı "zorakı davranış" kimi tənqid edilən rəftarını "üzərinə düşən vəzifənin icrası" kimi səciyyələndirib.

"Kimsə mitinq keçirmək istəyirsə, buyursun keçirsin. Kimsə küçə yürüşü keçirmək istəyirsə, buyursun keçirsin, bu onların seçimidir. Bu məsələdə hər hansı qadağa ola bilməz, - YAP təmsilçisi deyib.

Aydın Mirzəzadə əlavə edib ki, Azərbaycan hakimiyyəti onun cəmiyyətində hər şeyin ideal olduğunu hesab etmir:

"Hesab edilmir ki, bütün məmurlar düzgün işləyir, hesab edilmir ki, heç bir yerdə qanun pozuntusu yoxdur. Qanun pozuntularının, qanunazidd hərəkətlərin qarşısının alınması üçün müvafiq strukturlar var. Bu, Dövlət Təhlükəsizlik Xidmətidir, Baş Prokurorluqdur, Hesablama Palatasıdır və başqalarıdır".

Cənab Mirzəzadə İlham Əliyevin bir neçə dəfə çıxışlarında işlətdiyi "qanun qarşısında heç kimin imuniteti yoxdur" fikrini təkrar edib və deyib ki, hazırda nazir, icra hakimiyyəti başçısı əməllərinə görə həbs olunur.

"Bu gün keçmiş deputat tutlursa, bu o deməkdir ki, qanunu pozmaq lazım deyil. Ona etimad göstərilib, amma o qanunu pozub cəmiyyətdə narazılıq yaradır. Hər adama da, hər an, gündəlik nəzarət etmək olmur. Bu baxımdan, nə vaxtsa üstü açılır. Tənqidlərin olmasına normal yanaşılır. Məqsəd müstəqilliyi, dövləti möhkəmləndirmək, insanların daha yaxşı yaşamasını təmin etməkdir".

Aydın Mirzəzadə xatırladıb ki, əvvəllər yüz minlərlə azərbaycanlı iş axtarmağa başqa ölkələrə gedirdilər, amma indi Dövlət Sərhəd Xidmətinin statistikası göstərir ki, bu tendensiya azalıb.

Deputat bunu insanların ölkədə iş tapa bilməsinin, sosial vəziyyətin yaxşılaşmasının göstəricisi kimi qiymətləndirir.

Dövlət Statistika Komitəsi ötən il işsizliyin artdığını bildirib.

BBC News Azərbaycancanın qurumdan əldə etdiyi rəqəmlərə görə, Azərbaycanda işsizlərin sayı ötən il 375,9 min nəfər olub. Əvəlki illə müqayisədə işsizllərin sayı 122 min artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.