Hacıbala Abutalıbovdan miras qalan müəmma: - Sürücülərdən pul yığan “ASA parkinq” kimindir?

30-04-2021, 18:16           
Hacıbala Abutalıbovdan miras qalan müəmma: -
Son günlər sürücülər parkinqlərdən qanunsuz olaraq pul yığılma hallarının çoxaldığından şikayətçidirlər.

Belə ki, pulsuz parkinqlərdə belə kimsə sürücüyə yaxınlaşaraq özünü BNA əməkdaşı kimi təqdim edir və parkinq xidməti üçün ödəniş etməli olduğunu bildirir.

Ötən gün Bakı Nəqliyyat Agentliyi tərəfindən keçirilən mətbuat konfransında da rəsmi şəxslər bu məsələyə də toxunublar. BNA İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, BNA qurulandan və parklanma səlahiyyəti quruma veriləndən ictimaiyyətə bildirilib ki, küçələrdə parklanma üçün dayanan adamların BNA-ya aidiyyatı yoxdur.

Onun sözlərinə görə, Bakıda tariflər tətbiq olunmadan hər hansı yığımdan danışıla bilməz:

"Tariflər tətbiq edilməlidir, yığımlar dövlət büdcəsinə olmalıdır. Mənim özümə də yaxınlaşıblar, deyiblər BNA əməkdaşıyıq, axırda məsələ polisdə bitib, özləri də səhv dediklərini bildiriblər. Bunların arxasında dayanan adamlar var, şəffaflığı gətirmək istəyəndə qara piara başlayırlar. Əfsuslar olsun ki, nəqliyyatla bağlı miras qalan problemlərdən biri də budur. Küçədə parkinqlərdə yığılan vəsaitlərin bizə heç bir aidiyyəti yoxdur, bu məsələ müvafiq orqanlar tərəfindən nəzarətə götürülsün".

Maraqlıdır, dövlət parkinq xidməti üçün tarif tətbiq etməyibsə, yığılan pullar hara gedir? Özünü BNA əməkdaşı kimi təqdim edənlər kimlərdir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan yol-nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, uzunmüddətdir müzakirə olunan bu məsələnin həlli istiqamətində də müəyyən addımların atılması artıq qaçınılmazdır:

“Əgər dövlət qurumu elan edirsə ki, dayanma və durma, parklanmaya görə heç bir ödəniş tələb olunmur və bundan sonra kimsə gəlib orada pul yığırsa, bu artıq qanun pozuntusudur, qarşısı alınmalıdır.

Bunu da yalnız hüquq-mühafizə orqanları etməlidir. Bakı Nəqliyyat Agentliyinin açıqlamasına görə, onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bu vaxtadək isə hər hansı bir tədbirin görülməməsi artıq müəyyən suallar doğurur. Bu suallara son qoymaq üçün müvafiq qurumlar hərəkətə keçməlidir. Çünki artıq BNA rəhbərliyi açıq şəkildə bəyan etməklə bir növ həyəcan təbili çaldı ki, problemi həll etmək üçün ciddi şəkildə iş görmək lazımdır.

Qanunsuz pul yığma işi ilə məşğul olan parkinq nəzarətçilərinin arasında hansısa küçədə fərdi qaydada dayanaraq pul yığanlar var. Onların bəziləri həqiqətən də evinə bir tikə çörək aparmaq üçün dolanışıq məqsədi ilə bu işi görürlər. Tüfeyli həyat tərzi keçirənlər də günortaya kimi parkinqlərdə dayanırlar. Bir butulka arağın, yarım kilo sosiskanın pulunu düzəldib gedirlər”.

Ekspert qeyd edib ki, parkinqdə pul yığanlardan bəziləri də var ki, “ASA parkinq” şirkətinin əməkdaşlarıdır:

“Bu parkinq şirkəti Hacıbala Abutalıbovun dövründə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə müqavilə əsasında 120 parkiniqi icarəyə götürüb. Bakı Şəhər İcra Hakimiyyətinin əlindən o səlahiyyətlər alınıb BNA-ya verilsə də, bu şirkət hələ də “müqaviləm var” deyib, özünü qanuni fəaliyyət göstərən şirkət kimi təqdim edir.

Bu şirkətə kimsə başa salmalıdır ki, Hacıbala Abutalıbov getdi, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri bitdi və sənin o müqavilən avtomatik qüvvədən düşdü. Rəsmi dövlət tərəfindən elan olunub ki, ödəniş olmasın, siz axı kimsiniz? Bu pulu hara yığırsız? Bu şirkət rəsmi şəkildə vətəndaşları işə götürür, vəsiqə verir, hətta bəzilərinin əlində ödəmə terminalları da var. Hansı ki, o terminallar balaca cihazlardır və vaxtı ilə Bakı Şəhər İcra Hakimiyyətinin parkinqlərə nəzarət edəndə bu terminallar həmin əməkdaşların əlində idi. Burada bir sual yaranır: Dövlət qurumuna məxsus əmlak bu gün hansısa bir şirkət əməkdaşının əlində nə gəzir? Onlar sürücüləri inandırmaq üçün, hətta ödəniş qəbzi də verirlər. Aparatlardan əməlli-başlı çek çıxır, hansı ki, orada maşının nömrəsi, ödəniş məbləği və s. yazılır”.

Ekspert qeyd edib ki, ödəniş etməyən sürücüyə də hədə-qorxu gələn şirkət bir növ reketçiliklə məşğul olur:

“"Yəni sən pul verməsən, maşının cızılacaq, maşına nəsə olsa, məsuliyyət bizlik deyil", - deyə bildirirlər. Bu qədər özbaşınalıq olmaz. Aidiyyəti qurumlar dərhal tədbir görməlidir. Bu şirkətin kimin olduğunu bilmirəm, lakin ölkə səviyyəsində çox nüfuzlu şəxslərin adlarından istifadə edir. Bəlkə də, adıçəkilən həmin adamların bu şirkət haqqında xəbərləri yoxdur. Lakin şirkət həmin şəxslərin adlarından istifadə edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.