“Mən içəri girəndə Yeltsinin dili söz tutmurdu” - Rusiyanın sabiq xarici işlər nazirinin sensasion kitabı

3-05-2021, 00:06           
“Mən içəri girəndə Yeltsinin dili söz tutmurdu” -
Rusiyanın hazırda ABŞ-da yaşayan sabiq XİN rəhbəri Andrey Kozırevin memuarı ciddi əks-səda doğurub

1990-cı ilin 11 oktyabrından 1996-cı ilin 5 yanvarınadək Rusiyanın ilk xarici işlər naziri olmuş Andrey Kozırev 2012-ci ildə ABŞ-a köçüb və hazırda orada yaşayır. Vəzifədən getdikdən sonra Kozırev biznesə başlayıb və Amerikanın əczaçılıq şirkəti “ICN Pharmaceuticals” ın idarə heyətinə qatılıb, Şərqi Avropa üzrə vitse-prezident, baş menecer olub.

Mayamidə məskunlaşan keçmiş nazir dəfələrlə Rusiya siyasətini tənqid edən məqalələr dərc edib. 2016-cı ildə isə o, Rusiya prezidentini Ukrayna ilə müqavilələri pozmaqda və Krımın qanunsuz anneksiyasında günahlandırıb.

Açıq mənbələrdən alınan məlumata görə, keçmiş nazir yəhudi mənşəlidir. Bunun Rusiya Yəhudi Konqresinin üzvü olması da göstərir. Xarici İşlər Nazirliyində çalışdığı müddətdə Kozırev "Mister Bəli" ləqəbini almışdı ki, bu da onun Qərbə güzəştli siyasət tərəfdarı olduğuna işarə idi.

Bu günlərdə onun ABŞ-ın bir əyalət nəşriyyatı tərəfindən ingilis dilində "Atəş quşu: Rus demokratiyasının dəyişik taleyi" adlı memuarı dərc olunub. Kitab Rusiyada da ciddi maraqla qarşılanıb. Artıq kitabın bəzi hissələri online mediada yayılıb. Kozırevin xatirələri ilk Rusiya prezidenti Boris Yeltsinin ziddiyyətlərlə dolu hakimiyyəti dövrünə yeni bir işıq salır.

Kozırev 1995-ci ilin sonunda xarici işlər naziri olsa da, Murmansk bölgəsindəki birmandatlı seçki dairəsindən Dövlət Dumasına deputatlığa namizəd olduğu vaxtda başına gələn, onu Yeltsinlə az qala üz-üzə qoyan bir hadisəni nəql edib.

Kozırev yazır ki, onu Murmanskda bölgənin qubernatoru Yevgeni Komarov müşayiət edirmiş. Onlar maşında olarkən qubernator deyir ki, nazirlə məxfi söhbət etmək istəyir və bunun üçün maşından düşməsini xahiş edir. Xarici İşlər Nazirliyinin başçısı qubernatorun telefon dinləməsindən qorxduğunu başa düşür. Kozyrev isə Komarovdan “casus oyunlarını” dayandırmağı və nə lazımdırsa avtomobildə söyləməsini istəyir.

Murmansk qubernatoru razılaşmaq məcburiyyətində qalır və xarici işlər nazirini qarşıdan gələn prezident seçkiləri üçün namizəd olmağa dəvət edir: “Bir neçə gün əvvəl iclasımızda bir neçə qubernator yoldaşımla danışdım. Onların ilkin reaksiyaları ürəkaçandır. Sizi öz namizədimiz kimi görmək istəyirik."

Kozırev heç bir qəti cavab vermir və qubernatoru başında edir. Çox keçmədən də Moskvaya uçur. Paytaxta qayıtdıqdan sonra nazir evə və ya işə getmir, hava limanında Rusiya bölgəsindən səfərdən qayıdan Boris Yeltsinin təyyarəsinin enişini gözləyir.

Prezident layneri yerə enir, yaxın ətrafı Yeltsini hava limanının salonuna aparır, burada qurulmuş süfrədə prezident dalbadal bir neçə qədəh konyak içir. Ətrafdakılar onun kefini açmaq üçün müxtəlif zarafatlar və əhvalatlar danışırlar. Yeltsin isə qəfil ciddi görkəm alır və sərt baxışlarını nazir Kozırevə çevirir. "Niyə Rusiyanın yeni prezidenti Andrey Vladimiroviçin şərəfinə içmirik?" deyə, gərgin bir səslə soruşur. Ətrafa ölü bir sükut çökür.

Kozırev dərhal "bizim bir prezidentimiz var" deyir və badəni onun sağlığına qaldırmağı təklif edir. Hamı içməyə hazır olsa da, Yeltsin səsinin yoğun yerinə salıb “xeyir, yeni prezidenti - gələn il seçiləcək olanı nəzərdə tuturam" deyir. Kozırev yenə də özünü itirmir: “Mən demək istədiyim budur. Prezidentimiz var, amma yenisinə ehtiyac yoxdur ...” Yeltsin isə geri çəkilmir: “Məndə başqa məlumatlar var. Yeni prezident Kozırev olacaq" deyir.

Bir həftə sonar Kozırev yenidən təşviqat üçün Murmanska uçur. Murmanskdakı küçədə üzü şərflə örtülmüş bir adam onun qolundan tutaraq deyir:“ Sizə hörmət edirəm, cənab Kozırev. Sən həqiqəti bilməyə layiqsən. Bu, Yeltsinin 6 oktyabrda xüsusi xidmət agentlərindən aldığı hesabatın bir nüsxəsidir”. Kozırev mətnə baxır. Demək, Yeltsinə avtomobildə Komarovla olan söhbətin stenoqramı verilibmiş…

1995-ci ildə Pskovdan Moskvaya uçan zamanı Yeltsin Kozırevi yenidən prezident seçkiləri ilə bağlı söhbətə çəkib. Deyib ki, yenidən namizəd olmaq istəmir. “Namizəd daha cavan, təzə beyinli biri olmalıdır. Sonra "təzə beyinləri olan gənclər" - Nemtsov və Yavlinsky haqqında ətraflı danışmağa başlayıb. Amma onların Züqanov və Jirinovski ilə döyüşə hazır olmadıqlarını da deyib. Kozyrev memuarında etiraf edir ki, yenə də mütilik göstərək Yeltsinə “sizin namizədliyinizə alternativ görmürəm" deyib.

Kozırevin daha bir maraqlı xatirəsi NATO-nun şərqə sürətli genişlənməsi prosesi barədədir. Qələmə aldığı xatirə isə 1993-cü ilin avqustunda Varşavada baş verib.

Xatirə Yeltsinin başqa bir alovlu antikommunist Polşa Prezidenti Lex Valensa ilə görüşü barədədir. Sabiq nazir yazır ki, Valensa Yeltsini “sadə və səmimi bir formada” təkbətək yeməyə dəvət edib. Gecə yarısıdan keçəndə isə xarici işlər nazirini qəfil Valensanın iqamətgahına çağırıblar.

Kozırev yazır ki, Yeltsin içkinin təsirindən dili söz tutmurdu, danışmaq qabiliyyətində deyildi. “Amma Yeltsinin səhəri gün imzalanacaq siyasi bəyannamənin hazırlanmış mətninə yeni bir abzas əlavə etmək barədə razılığı vardı. Mənə əl yazısı ilə yazılmış mətni olan kağız verdi. Mətndə Rusiyanın Polşanın NATO-ya üzv olmaq istəklərini ən qısa müddətdə dəstəkləmək öhdəliyi var idi.”

Kozırev yazır ki, Yeltsin dövründə bu qədər asanlıqla "diplomatiya" qurulurdu: bir neçə şüşə əla Polşa alkoqolu - və Rusiya dövlətinin başçısı asanlıqla xarici bir dövlətin bütün tələbləri üçün artıq uyğundur…

Oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.